525.Az

“Sabahın tədqiqatçıları” uğur qazanmaqda davam edir


 

“Sabahın tədqiqatçıları” uğur qazanmaqda davam edir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları uğur qazanmaqda davam edir.

525.az-a verilən məlumata görə, Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Fatimə Rüstəmova  “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə iştirak edib. Məktəblimizin “Naxçıvan Muxtar Respublikası  florası - Paxlakimilər fəsiləsinin  balverən bitkiləri” adlı məqaləsi II dərəcəli diplom və sertifikata layiq görülüb.

Qeyd edək ki, Fatimə Rüstəmovanın davam edən eyniadlı tədqiqat işinin məqsədi XXI əsrin ən mühüm və qlobal problemlərindən biri olan təbii sərvətlərin qorunması, davamlı istifadəsinin öyrənilməsi, paxlakimilər fəsiləsinin muxtar respublika florasında yayılmış bal verən növlərini müəyyən etmək  və onların əsas əhəmiyyətini  öyrənməkdən ibarətdir.

Layihənin daha bir uğuruna Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin əməkdaşı Hüseyn Rəsulzadənin rəhbərliyi altında tədqiqat aparan Naxçıvan şəhər 17 № li tam orta məktəbin IX sinif şagirdi Hüseyn Bayramov imza atıb. Onun “Naxçıvan Muxtar Respublikasında suda-quruda yaşayanların (Amphibia) növ müxtəlifliyi  və onların biosenozlarda rolu” adlı məqaləsi “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə I dərəcəli diplom və sertifikatla təltif edilib. Gələcək tədqiqatçıya göstərdiyi səmərəli rəhbərliyə görə əməkdaşımız Hüseyn Rəsulzadə müsabiqənin münsiflər heyətindən  təşəkkür məktubu alıb.

Məlumat üçün bildirək ki, məktəbli Hüseyn Bayramov Naxçıvan Muxtar Respublikasında suda-quruda yaşayanlar faunasının növmüxtəlifliyi və onların biosenozlardakı rolunun tədqiqi ilə məşğuldur. Layihə rəhbərinin tövsiyə və göstərişlərindən bacarıqla yararlanan gənc tədqiqatçı işində faydalı canlılar kimi qurbağaların təbiətdə və biosenozlarda bioloji rolu ilə bağlı araşdırma aparır.

“Sabahın tədqiqatçıları” layihəsinin növbəti uğurunu Naxçıvan şəhər 8 saylı tam orta məktəbin XI sinif şagirdi Tuncay Təhməzli qazanıb. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının əməkdaşı Nazilə Mahmudovanın rəhbərliyi ilə tədqiqat aparan məktəbli Erudit Beynəlxalq Müsabiqəsinin fizika fənni üzrə  “Ölçü vahidləri” bölümündə uğurla iştirak edərək I dərəcəli diplom və qızıl medala layiq görülüb.

Xatırladaq ki, Təhməzli Tuncay Moskva şəhərində keçirilən “Elmə ilk addımım” Ümumrusiya distant konfransında “Mis bismut sulfidin alınması və onun elektrik keçiriciliyinin təyini”  adlı məqalə ilə iştirak edib, diplom və sertifikatla təltif olunub. Konfransın münsiflər heyəti tərəfindən Nazilə Mahmudova sertifikat və minnətdarlıq məktubu alıb.

 





22.04.2021    çap et  çap et