525.Az

Kamança ilə bağlı onlayn seminar keçirilib


 

Kamança ilə bağlı onlayn seminar keçirilib<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyasında "Azərbaycanın xalq musiqi aləti kamançanın bəzi orqanoloji və akustik xarakteristikaları" mövzusunda böyük elmi işçi Zeynal İsayev onlayn qaydada seminar keçirib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, hazırda laboratoriyada Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud-tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində elmi araşdırmalar aparılır. Bu elmi-tədqiqat işi kamançanın tarixində ilk dəfədir aparılır və bu sahədə atılan ilk addımdır. Həmçinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə onun kollektivi və elmi-laboratoriyasının əməkdaşları tərəfindən xalqımızın musiqi mədəniyyətinə verilmiş möhtəşəm bir töhfədir.

Məruzəçi qeyd edib ki, bu elmi tədqiqatlar problemin daha da dərindən öyrənilməsinə ilk yaxınlaşmadır və müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparılır.

Aparılan eksperimentlər göstərib ki, eyni bir alətin tembri müxtəlif spektral komponentlər sırasından ibarətdir. Bu komponentlər də akustikada harmoniklər adlanır və Furye sıralarına müvafiq düzülmüşdür. Yayın (kamanın) simlərə göstərdiyi təzyiqdən asılı olaraq spektral komponentlərin amplitudları nisbətinin dəyişməsi nəzərə çarpır. Bu, alətin tembrində köklü dəyişikliklərə səbəb olmayıb, səsin tembral rəngarəngliyinə təsir göstərir. Bir qayda olaraq əsas ton (1-ci harmonik) səs yüksəkliyi haqqında bizdə təsəvvür yaradır, o biri obertonlar (digər harmoniklər) isə ümumi tembrin yaranmasında mühüm əhəmiyyət kəsb edir.

Məruzəçi daha sonra qeyd edib ki, kamançanın akustik xarakteristikalarının öyrənilməsinə xidmət edən elmi tədqiqatlar bu alətin daha da elmi əsaslarla təkmilləşdirilməsinə imkanlar açaraq, gələcəkdə "parlaq şəkildə qabarmış formant oblastlarına malik" (Amati, Qvarneri, Stradivari və s. sənətkarların vaxtilə düzəltdiyi "qiymətsiz" alətlər bu qəbildəndir) "danışan alətlər"in yaradılması üçün daha bir elmi əsaslar yaratmış olacaq. Elmi tədqiqatlar möhtəşəm "kamança strinqləri" səslənmələrinin yaradılması və bununla da xalq çalğı alətləri orkestrlərinin səslənməsində daha da yüksək səviyyədə cazibədarlığa nail olmaq üçün kamançanın konstruksiyalarının və qabarit ölçülərinin standartlaşdırılmasının nə dərəcədə mühüm əhəmiyyət kəsb etmiş olduğunu bir daha göstərir. Bu tədqiqatlar kamançanın da gələcəkdə MİDİ sertifikasiyasının etnik alətlər qrupuna daxil edilməsinə imkan verəcək və onun səsinin yazılması zamanı səs rejissorlarına çox böyük köməklik göstərəcək. Elmi-tədqiqatların nəticələri gələcəkdə həmçinin, musiqi terapiyasında, xəstəliklərin musiqi ilə diaqnostikası və onların ilkin etapında musiqi ilə müalicəsi işində də mühüm əhəmiyyət kəsb edəcək.

Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirib. Müzakirələrdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, Xalq artisti, dosent Zümrüd Məmmədova, bəstəkar Rüfət Ramazanov və digər əməkdaşlar seminar ilə bağlı fikir mübadiləsi aparıblar.

 





22.04.2021    çap et  çap et