525.Az

Bakının dərdi var...


 

Bakının dərdi var...<b style="color:red"></b>

Son vaxtlar böyük şairin bu misraları heç ağlımdan çıxmır. Elə bilməyin 26-lara görə. Amma gizlədim, o da olur.Yəni düşünürəm öz qavramlarına görə inandıqları ideya uğruna ölüblər, o dövrün durumlarına baxanda qəhrəmanlıqdı, əslində. M.Əzizbəyov o illərdə Rusiyada təhsil almış az sayda azəri ziyalılarından olub,əmisini kasıbların uğruna müflis edib. Niyə düşmən oldu? Heykəli niyə götürüldü? Baş açmadım. İndi əmilərinin hesabına layiq olmadıqları vəzifələrdə oturanlar kim olacaq görəsən tariximizdə? Atalarının, əmi-dayılarının hesabına əsgər belə getməyənlər kimdi? Nəsə. Bu haqda danışmaq deyil məqsədim. Bakının dərdini çəkməyimdi. Düşünürəm ki,böyük Səməd Vurğun sağ olsaydı, Bakının tarixini yaşadan məhlələrin, arxitektur binaların sökülməsini görsəydi, 26-lar yadına düşməzdi heç. Elə Sovetski məhlələrinin birində bir daş üstə oturub ürəyi yana-yana deyərdi: Bakinin dərdi var... hökmən durmadan sökülən bu məhlələrdə böyüyən bir çox böyük tarixi şəxsiyyətləri, rəssamlarımızı, alimlərimizi, aktyorlarımızı,... xatırlayardı. Bəlkə deyərdi ki, məsələn, Azad Mirzəcanzadənin, ya Mehdi Hüseynzadənin yaşadığı evlər muzey olmalıdı. Onlar bizi dünyaya tanıdanlar, tariximizi yazanlardı. Yəni o məhlələrin birində Üzeyir bəyin ev muzeyi var. Ya elə məşhur Əbilov klubu var. Kimlər olmayıb o klubun səhnəsində? Kimlər? Təkcə Ə.Ələsgərovun adını çəksək yetərlidi elə. Kim bilir böyük şair deyərdi? Amma yüz faiz ağıllı baxışlarında "Bakının dərdi var" oxunardı. Amma bir Laura Peretti var, memardı, deyir ki, indiki "sovetski" adlanan yer Nyu-Yorkun mərkəzi parkına bənzəyəcək. Bakının ağciyəri olacaq. İndi mən bilmirəm bu qədər hündür, bir-birinə yapışan binalarla yüklənən bir "bədəndə ciyər" görəcək, ümumiyyətlə, işləyə biləcək, ya yox? Amma onu bilirəm ki, sovet dönəmində tikilən binaların arasında olan boş yerlər daha yoxdu. Hər yerdə nəsə tikilib.Yəqin o dövrün memarları,mühəndisləri, ya kimlərsə çox savadsız olublar ki, belə məsafələr saxlayıblar. O qədər savadsız olublar ki, ev tikərkən insanlara daha çox işıq, hava lazım olduğunu düşünüblər. Bir daha mühüm bir məsələ qaranlıqdı mənimçün: Görəsən Nyu-Yorkda mərkəzi parkı salmaq üçün hansı qədər 100-200-300....yaşı olan tarixi evlər, binalar, ya nəsə başqa bir tikili sökülüb. Bakı qədim şəhərdi. İndi onu uşaqlaşdırırıq... gözəl.

Bakının dərdi var...Bakının söküləsi məhlələri var. O məhlələr-o evlər ki, insanlar özləri tikib bir-birinin böyründə. Qoy sökülsün, olar. Məsələn, köhnə 5-ci paralel deyilən - indi Fuad İbrahimbəyov 17 ünvanında yerləşən 31 nömrəli məktəbin yan-yörəsində evlər söküldü. Uca binalar tikildi. Məktəblə bu binaların arasında, yəni məktəbin həyəti olacaq ərazidə 4-5 ev qalıb.Yer elə böyük deyil. Bina tikməyə yetməz yəni. Ona görə qalıb ordaca, amma 100 faiz sökülməlidi. Hətta cənab prezident təmirdən sonra məktəbin açılışına gələndə bunu görüb şəhər merinə xüsusi göstəriş verib: Təcili bu ailələr köçürülsün. Amma kimə deyirsən? Orda heç supermarket tikmək olmaz. Ona görə eləcə qalıb. Amma guya Təzə Pir məscidinin daha yaxşı görünməsi üçün (burda da insanların inanclarından istifadə olunması qəddarlıqdı əslində) sökülməni anlamadım. Təzə Pir məscidinə qədər hər yer söküləcək yəni. Amma o küçələr Bakı adlı bir nağıl danışır. Ordakı binalar bəlkə dünyanın heç bir şəhərində yoxdu. Bakının gözəlliyi, özəlliyi olan evlər, ensiz küçələr. Onları qorumaq üçün abadlaşdırmaq gərəkdi. sakinləri elə o məhlələrdə tikilən binalarda yerləşdirmək olar. Bu Bakıdı. Bu bizim paytaxtımızdı. Dünyanın hər yerində ,bütün böyük şəhərlərin tarixi "köhnə şəhər" kimi qorunur. O ki qala paytaxt ola. Bakının dörd bir yanında təzə şəhər salmaq olar. Niyə onun tarixinə toxunuruq - sökürük bu tarixi görən? Ermənilər işğal etdiyi ərazilərdə tarixi yerlərdə bizi xatırladacaq nəsnələri silib-süpürürlər, amma tarixiliyi saxlayırlar..."Biz qədimik"demək üçün.

Bakının dərdi var... Bu gün bütün Bakısevərləri, ayrı-seçkilik salmaq istəməsəm deməliyəm, Bakı ziyalılarını, Bakı camaatını narahat edən dərdi var Bakının... Bakı xəstələnib. Bakı xəstədi... Kim Bakıya həyan olacaq, dərdinə dərman tapacaq bilmirəm? olacaq, necə olacaq? Bakının "qarışıq küçələri, dolaşıq dalanları" necə olacaq? Amma Aygün Səmədzadənin bəstələdiyi çox sevilən "Baki haqqında nağıl"ımı sizə bir daha danışmaq keçdi ürəyimdən:

Bu dünyada nağıl çoxdu

Hamısı da belə başlar: biri vardı, biri yoxdu.

Mənim öz nağılım var.

İstəyirəm danışım mən, bir dənizin sahilində

Nağıl olan şəhərimdən.

Toxunanda hər daşına-kəsəyinə

O qayğısız günlərimə mən qayıtmaq istəyirəm,

uşaq olmaq istəyirəm...

o əfsanə bağlarının meynəli çəpərlərini

bir aşmaq istəyirəm.

İstəyirəm yenə yansın ayaqlarım qumlarının istisindən,

ağlayım mən

yenə yanan xəzəllərin tüstüsündən.

Bir nağıl var ürəyimdə.

İstəyirəm danışım mən nağıl kimi bir şəhərdən.

Bu şəhərin yolları var neçə ömrün yaddaşıdı,

Yollardakı ağacları neçə qəlbin sirdaşıdı.

Dalanları dolaşıqdı,

Küçələri qarışıqdı.

Qoşa qala qapısı da heç vaxt

ondan ayrılmayan gözlərimdi elə bil ki.

Saçlarıma sığal çəkən neft qoxulu küləkləri

Ürəyimdə hey dolaşan hələ deyə bilmədiyim

Sözlərimdi elə bil ki...

SƏADƏTİM - DOĞMA BAKIM,

Mənim sirli dünyamsan SƏN.

Uşaqlığım ,gəncliyimsən.

Qum üstündə şanılartək xumarlanan dincliyimsən!

SƏADƏTİM-DOĞMA BAKIM,

Sevgi dünyam, odlar yurdum,nur torpağımsan.

SƏN sehrli gecələrdə Xəzərimə layla deyən

AY İŞIĞIMSAN...

P.S. Mahnını sevənlər saysızdı. Tez-tez internetdə, FB-da paylaşırlar. Bu günlərdə yenə bir xanım paylaşmışdı. Üstündə yazılar diqqətimi çəkdi: Belə getsə, Bakı doğurdan da nağıla dönəcək, yaddaşlarda qalacaq bir nağıla. Həm sonu kədərli...

Bizə qalır bütün nağıllardakı kimi sonucun yaxşı olmasını arzulamaq.

 





19.03.2014    çap et  çap et