525.Az

Akademik Hətəm Quliyev vəfat edib


 

Akademik Hətəm Quliyev vəfat edib<b style="color:red"></b>

Görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi Hətəm Quliyev aprelin 21-də 74 yaşında dünyasını dəyişib.

Akademik Hətəm Hidayət oğlu Quliyev 1947-ci il yanvarın 6-da Füzuli rayonunda anadan olmuşdu. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirən Hətəm Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdi. 1969-cu ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayan akademik H.Quliyev müxtəlif illərdə bir sıra vəzifələrdə çalışmışdı. 2003-cü ildən ömrünün sonuna kimi AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri idi.

Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra respublika təşkilatlarının sifarişi əsasında mühüm elmi-texniki layihələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.

Akademik H.Quliyevin elmi fəaliyyəti və onun elmin inkişafına xidmət edən töhfələri yüksək qiymətləndirilərək keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala (1988), AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2007), Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına (2018) layiq görülüb.

Allah rəhmət eləsin.

 





23.04.2021    çap et  çap et