525.Az

İlk müstəqil aqrar sığorta mütəxəssislərimiz fəaliyyətə başlayırlar


 

BU SAHƏDƏ QARDAŞ TÜRKİYƏNİN TƏCRÜBƏSİ ƏSAS GÖTÜRÜLÜB

İlk müstəqil aqrar sığorta mütəxəssislərimiz fəaliyyətə başlayırlar<b style="color:red"></b>

Ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi prosesində növbəti mühüm addım atılıb. Dövlətin dəstəyi sayəsində Azərbaycanda ilk dəfə olaraq müstəqil aqrar sığorta ekspertləri fəaliyyətə başlayırlar.

Azərbaycanda Türkiyənin TARSİM sisteminin təcrübəsindən yararlanaraq yaradılan aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertləri mühüm vəzifəni yerinə yetirəcəklər. Bu proses zamanı ekspertlər təsərrüfatın vəziyyətini müəyyən edir və sığorta risklərini qiymətləndirirlər. Həmçinin sığortada göstərilən hadisələr baş verdikdə,  hadisənin araşdırılması və dəyən zərərin hesablanması da müstəqil sığorta ekspertlərinin vəzifəsinə daxildir. Bir sözlə, ölkədə ilk dəfə olaraq sığorta  riskləri və sığorta hadisəsi zamanı dəyən zərər müstəqil mütəxəssislər tərəfindən qiymətləndiriləcək.

Müstəqil aqrar sığorta eksperti seçilmək üçün ölkədə fəaliyyət göstərən baytar, aqronom və digər əlaqəli ixtisasların sahibləri müraciət ediblər. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2 test imtahanında uğurla iştirak edən və Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdən keçən şəxslər müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.

Hazırda 9 nəfəri heyvandarlıq, 4 nəfəri isə bitkiçilik sahəsi üzrə olmaqla,  14 mütəxəssisin aqrar sığorta eksperti kimi fəaliyyətə başlamasına icazə verilib. Gələcəkdə onların sayının artması ilə müstəqil mütəxəssislərin fəaliyyətinin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.

 "Müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyətə başlaması ölkənin bütün ərazisində aqrar sığorta sisteminin səmərəli tətbiqinə imkan verəcək. Bu isə öz növbəsində, sığorta hadisələrinin sürətli və ədalətli tənzimlənməsinə, sığorta ödənişlərinin  operativ şəkildə həyata keçirilməsinə imkan verəcək" - deyə, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Əksəriyyəti bölgələrdən olan müstəqil ekspertlər aqrar sığorta fəaliyyəti ilə yanaşı, öz iş yerlərində ənənəvi fəaliyyətlərini də davam etdirə biləcəklər. Müstəqil aqrar sığorta eksperti xidməti ödənişlidir. Ekspertlərin həyata keçirdiyi xidmətlərə görə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı ödənilir və bu fəaliyyət üçün  fermerlər tərəfindən əlavə xərclər tələb olunmur.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi müstəqil aqrar sığorta eksperti sertifikatının alınması ilə bağlı may ayında növbəti imtahan elan edib.

Zakir MURADOV
Gəncə

 





23.04.2021    çap et  çap et