525.Az

"İnklüziv teatr" layihəsinin iştirakçıları ilə ilk görüş


 

"İnklüziv teatr" layihəsinin iştirakçıları ilə ilk görüş <b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UNESCO tərəfindən təsdiq edilən "İnklüziv teatr" layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan "İnklüziv teatr" barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb və yaradıcı heyətə uğurlar arzulayıb.

Daha sonra o, teatr studiyasının bədii rəhbəri görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədovanın salamlarını toplaşanlara yetirib. Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da "İnklüziv teatr" haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşüblər.

"İnklüziv teatr" layihəsində iştirak etmək üçün seçilən gənclər arasında "Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzulayıb, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bir daha xatırladıb.

Qeyd edək ki, teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

 





23.04.2021    çap et  çap et