525.Az

Zahid Oruc dövlət qurumlarını tənqid etdi


 

Zahid Oruc dövlət qurumlarını tənqid etdi<b style="color:red"></b>

““Azəriqaz” ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar edərək, minlərlə insanın qarşısında ən sərt  suallara cavab verir, videoqəbullar keçirir, göstərişlərini açıq kanallarla edir. Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına Hökumətimiz tam tərkidə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər".

525.az Modern.az-a istinadən xəbər verir ki, bunu parlametin iclasında deputat Zahid Oruc bildirib.

Deputat təəssüflə qeyd edib ki, bütün hakimiyyət institutlarının davranışları belə deyil:

"Baxın, 2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı lə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?
Müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir".

Zahid Orucun sözlərinə görə, müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur:

"Bizə kənardan  mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Bəs onda hardadır ənənəvi partiya konfransları, hardadır aktivlərlə açıq virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial probelmlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də, təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl “səlib yürüşü” gedir.Ona görə də hamımız qəbul etməliyik - hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!".

 





23.04.2021    çap et  çap et