525.Az

Hacıqabulun gələcək daha böyük yüksəlişlərinə təkan verəcək açılışlar


 

Hacıqabulun gələcək daha böyük yüksəlişlərinə təkan verəcək açılışlar<b style="color:red"></b>

Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfərini mən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının keçirildiyi uzaq Strasburqda qürur və sevinclə izlədim.

Çünki bu sadəcə bir rayona səfər olsa da, mahiyyəti ilə Azərbaycanda gedən böyük inkişafın bariz göstəricisidir.

Azərbaycan dövlətinə rəhbərlik etməyə başladığı ilk vaxtlardan bölgələrimizin yüksəlişini əsas quruculuq məqsədlərindən biri kimi seçmiş Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramlarını qəbul etməklə addım-addım bu gələcəkli və son dərəcə vacib  ideyanın gerçəkləşdirilməsinə başladı.

Azərbaycanı dörd bucağından yüksəldərək inkişaf etdirməyi nəzərdə tutan həmin məramın, sabahlara hesablanmış möhtəşəm layihənin nəticələri bu gün göz qabağındadır. Yetər ki, bölgələrimizin 15-20 il əvvəlki vəziyyəti ilə indisini müqayisə edəsən.

Hətta müqayisə etmək belə mümkün deyil!

Hacıqabul rayonu məsafəcə Bakıya ən yaxın olan rayonlardandır. Lakin ənənəvi olaraq bu rayon sanki həmişə diqqətdən uzaqda qalmışdı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi illəri bu rayonun həyatındakı büsbütün yeni mərhələ sayıla bilər.

15-20 il öncə sənaye, zavod-fabrik kimi anlayışlar bizim düşüncəmizdə paytaxt Bakıya və bir neçə iri şəhərimizə aid idi.

İndi görün Azərbaycan boyu, o sıradan Hacıqabulda nə qədər belə müəssisələr var.

Xəbər saytları Prezident İlham Əliyevin Hacıqabul səfərindən bəhs edərək yazır ki, dövlət başçısı düyməni basdı, Hacıqabul Sənaye Məhəlləsinə daxil olan filan müəssisəni açdı.

Yox, bu yalnız hansısa konkret bir iri müəssisənin, zavodun fəaliyyətə başlamasının əlaməti olan düymənin basılması deyil.

Bu, ən əvvəl rayonlarımızın həyatını gələcəkdə də daha firavan, daha rahat, daha yaşamalı edəcək, hər cəhətdən çox faydalar verəcək Sənaye Məhəllələri kimi müasir, əhəmiyyətli, perspektivləri hüdudsuz ideyaya qanad verilməsi üçün basılan düymədir.

Təbii, bu Sənaye Məhəlləsinin ardınca Azərbaycan boyu ayrı-ayrı rayonlarımızda daha neçələri yaranacaq.

Prezident İlham Əliyev miqyaslı düşünən, inkişafı yalnız hansısa ayrı-ayrı sahələrin dirçəlişi, tərəqqisi kimi yox, bir sistem, kompleks, şəbəkə olaraq təsəvvür edib gerçəkləşdirən güclü dövlət başçısıdır.

Bu həqiqət elə bircə son Hacıqabul səfərinin təfərrüatlarına nəzər yetirincə aydınca görünür.

Prezident İlham Əliyev Hacıqabulda &quot;Qarasu&quot; yarımstansiyasının  istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB) 

Ölkə başçısı, bir yandan həm daxilində ildə 1500 yük və xüsusi təyinatlı avtomobil buraxacaq zavodu, həm əkin sahələri, heyvandarlıq komplekslərini əhatə edən, gələcək ərzaq təhlükəsizliyində mühüm rol oynayacaq aqroparkları, həm gübrə istehsalı müəssisəsini, həm tara və plastik su qabları hazırlayacaq müəssisələrini, başqa sözlə, kənd təsərrüfatı səmti ilə sənaye istiqamətini birləşdirən Hacıqabul Sənaye məhəlləsini açır, bununla bütün başqa məziyyətlərindən savayı 400-ə yaxın yerli sakinin işlə təmin olunmasına meydan yaradır, digər tərəfdən isə bu ərazidə yaşayan insanların, işə başlayacaq həmin müəssisələrin gündəlik həyatında xüsusi yeri olacaq Hacıqabul-Muğan yolunu, əhalinin və bu həndəvərdəki 250 min hektar əkin sahəsinin  enerji ehtiyacını ödəməkdə əvəzsiz əhəmiyyət daşıyan  "Qarasu" yarımstansiyasını açır.

Prezident İlham Əliyevin yeni və qüdrətli Azərbaycan quruculuğunun modeli elə budur: pərakəndəlikdən uzaqlıq, bir-birini tamamlayan, davam etdirən layihələrin qarşılıqlı əlaqəsi, inkişafı təmin edəcək məsələlərin kompleks həlli.

Və daha bir mühüm cəhət - layihələrin, ideyaların, gerçəkləşdirilən niyyətlərin sadəcə böyük deyil, nəhəng miqyasları!

Artıq tarixin dünənində qalmış uzaq sovet onillərində o zamanın içərisində həqiqətdən daha çox arzu kimi səslənən iki məşhur ifadə vardı: "Azərbaycan iri addımlarla irəliləyir" və "Cənnət görmək istəyən Azərbaycana gəlsin".

Həmin ifadələr məhz bu gün, Prezident İlham Əliyevin uğurla, inamla irəlilətdiyi, yüksəltdiyi Azərbaycanda əsl həqiqətə çevrilir.

Bu gerçəyin daha bir ən əyani sübutu dövlət başçımızın aprelin 20-də Hacıqabul rayonuna səfəri boyu müşahidə etdiklərimiz, Azərbaycandakı getdikcə daha geniş vüsət alan  quruculuğun, kənd təsərrüfatı və sənayemizin durmadan və qarşılıqlı əlaqədə inkişafının əyani nümayişi və təsdiqinə çevrilən açılışlar oldu.

Hacıqabul səfəri ilə bağlı düşüncələrini Prezident İlham Əliyev təvazökar sözlərlə yekunlaşdırır: "Təəssüratım çox müsbətdir".

Bu bircə sakit "müsbət" kəlməsinin içərisindən yalnız son səfər zamanı baş verən xoş yeniliklər deyil, Prezident İlham Əliyevin Azərbaycan idarəçiliyi dövründə tam qazlaşdırılmış, kənd yollarının 75 faizi yenidən çəkilmiş, 22 təzə məktəbi, çoxlu yeni müəssisələri tikilmiş, içməli su ehtiyacı ödənmiş və daha bu cür nə qədər  illərlə həsrətində olduğu rahatlıqlarına qovuşmuş Hacıqabul ucalır.

Qarabağ zəfəri Azərbaycanın, həmin qələbənin memarı Prezident İlham Əliyevin müzəffərliyinin bir qanadıdırsa, ölkə boyunca şahidi olub öyündüyümüz və sevindiyimiz belə yüksəlişlər həmin müzəffərliyin ikinci qanadıdır.

21 aprel, Strasburq

 





23.04.2021    çap et  çap et