525.Az

Mühafizəkarlıq, yoxsa xaos yaratmaq niyyəti? - Nadir Rzalı yazır


 

BİR VİDEONUN YARATDIĞI AJİOTAJ

Mühafizəkarlıq, yoxsa xaos yaratmaq niyyəti? - <b style="color:red">Nadir Rzalı yazır </b>

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, keçmiş millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan video dünəndən bəri gündəmi zəbt edib, sosial şəbəkələrdə əsas müzakirə obyektinə çevrilib.

Təəssüf doğuran məqamlar çoxdur; bu məsələnin cəmiyyət üçün əsas "dedi-qodu" mövzusuna çevrilməsi, bu videonun varlığı və ən əsası da onun yayılması və burada güdülən məqsəd hər bir vicdanlı vətəndaşı narahat etməlidir.

Sözsüz ki, kiməsə bəraət qazandırmaq yersizdir, çünki hər şey göz qabağındadır. Əvvəla, Hüseynbala Mirələmov bu məsələdə mənəvi məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, keçmiş millət vəkili, nəhayət, yazıçı kimi o, cəmiyyətdə kifayət qədər tanınmış, ictimai rəy üçün maraqlı şəxs olduğunun fərqinə varıb öz hərəkət və davranışlarına çəki-düzən verməyə, şübhəsiz, mükələffiyyətlidir. 

Amma məsələyə birtərəfli yanaşmaq da doğru olmaz. Yayılan məlumata görə, hadisə Hüseynbala Mirələmovun dünənəcən kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının videobağlantı formatında keçirilmiş iclası əsnasında baş verib. Diqqətdən qaçırmayaq ki, "Zoom" proqramında yalnız inzibatçı videonu qeyd edə bilir. Ona görə də ani baş verdiyindən hadisəni kənar bir şəxsin əvvəlcədən xüsusi proqram vasitəsilə qeydə alması versiyası inandırıcı görünmür. Əgər həqiqətən də, bu hadisə ADNSU-nun Elmi Şurasının iclası zamanı baş veribsə, deməli, videonun yayılma mənbəyini də elə orada axtarmaq lazım gəlir.

Bu zaman ortaya bir sıra suallar çıxır: Bu videonu yaymaq kimin (kimlərin) marağında olub? Videonu kim yayıb - tədbir iştirakçılarından biri, yoxsa hansısa texniki işçi? Video qisasçılıq niyyətilə yayılıb, yoxsa şantaj məqsədilə qeydə alınıb? Şantajçılar videonu yaymamaq müqabilində Mirələmovdan pul istəyiblərmi? Videonu yayanlar bu əmələ görə cinayət məsuliyyəti daşıyırlarmı? Şantaja görə Cinayət Məcəlləsində hansı məsuliyyət nəzərdə tutulur?

Sorğumuzu cavablandıran hüquqşünas, media üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, məlum videonun yayılma anına diqqət yetirəndə, hadisənin publik bir tədbir zamanı baş verdiyi görünür: "Əgər bir insan onlayn konfransdadırsa, hər kəsin görə biləcəyi şəkildə hansısa əmələ yol verirsə, deməli, bunu publik eləmiş olur. Məsələn, bir vaxtlar Boris Yeltsin toplantı salonundan keçərkən bir xanıma arxadan zarafat eləmişdi, bu məsələ bütün dünyada müzakirə olundu. Çünki əgər bir siyasətçi hansısa bir əmələ yol verirsə, bu, ictimai əhəmiyyət daşıyır. Bu baxımdan, həmin videonun çəkilməsi şəxsin öz iradəsi xaricində olmayıb, onun öz kamerası ilə qarşı tərəfə ötürülüb. Yayan da böyük ehtimalla qarşı tərəfdəki adamlar arasındadır. Bu mənada, ictimai tərəfi açıq şəkildə olduğu üçün o videonun şantaj məqsədilə yayılmasını iddia eləmək mümkün deyil. Videonu yaymaq cinayət əməli də törətmir, videoda baş verən hal hüquq pozuntusudur.  Hüquq pozuntusunu yaymaq isə cinayət əməli deyil. Amma burada bir məqam çox önəmlidir. KİV haqqında qanunun 11-ci maddəsinə görə, zərərçəkən şəxsin özünün icazəsi olmadan görüntüsünün yayılması, yəni kadrda olan qadının üz cizgilərini müəyyən edən görüntülərin yayılması yolverilməzdir. Bunu yayanlar isə hüquqi məsuliyyət daşıyırlar".

Hələ ki, Hüseynbala Mirələmov özü hadisə ilə bağlı heç bir açıqlama verməyib. Ortada olan tək məlumat bu olaydan sonra ADNSU rəhbərliyi tərəfindən H.Mirələmovun kafedra müdiri vəzifəsindən azad edilməsi xəbəridir. Bilinmir, bu videonun yayılmaması üçün əvvəlcədən Hüseynbala müəllimdən hansısa vəsait tələb olunubmu, yaxud da ona qarşı hansısa tələb irəli sürülübmü? Amma bir məqamı mütləq nəzərə almaq lazımdır ki, Hüseynbala Mirələmovdan başqa həmin videoda bir xanım var və artıq onun üz cizgilərini müəyyən edən görüntülər sosial şəbəkələrdə və hətta bəzi KİV orqanlarında geniş yayılıb. Başqa vaxt mental dəyərlərdən dəm vuranlar nəzərə almalıdırlar ki, H.Mirələmovdan əlavə, orada bir xanımın da həyatından söhbət gedir. Əgər sabah, Allah eləməmiş, həmin xanım həyatına qəsd yolunu tutsa, buna kim cavab verəcək? O videonun yayılmasına bais olan iclas iştirakçısı, yoxsa tənqidi pik həddə çatdıran cəmiyyət? Bu gün elə bir hadisə olsa, məsələni şişirdənlər hansı vicdan müstəvisində cavab verəcəklər?

Nəzərinizə çatdıraq ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, razılığı olmadan kiminsə şəxsi həyatı haqqında məlumatın yayılması yolverilməzdir. Eyni zamanda, Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərin və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ona görə də mütləq araşdırılmalı, bu kimi halların təkrar olunmaması üçün addımlar atılmalıdır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Rəşad Məcidin bildirdiyi kimi, hüquq-mühafizə orqanları bu məsələyə kəskin münasibət bildirməlidir: "Mən düşünürəm ki, şantaj kimi hadisələrin davamlı olması cəmiyyətdə çox pis bir ovqat yaradır. Şantaj adiləşir, insanların içində qəzəb, kin duyğuları qabarır. Bu kimi hadisələr insanları qarşı-qarşıya qoyur.

Fikrimcə, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olar. Videodan başa düşülür ki, hansısa bir tədbir öncəsidir və bu görüntülər yalnız həmin tədbirin texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində "görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü?" kimi suallar yaranır. Bu məsələyə mütləq hüquq-mühafizə orqanları müdaxilə etməli, videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətinə cəlb olunmalıdır".

Cəmiyyətimiz daima atəşə tutmaq üçün nəsnə axtarır. Amma "düşüncəli" davranmaq hansı məqamda sərf edirsə, insanlar həmin an bu missiyanı icra edirlər. Başqa vaxt "hər kəsin öz şəxsi həyatı var, heç kimi qarışa bilməz" deyənlər niyə indi videogörüntüdə əks olunanlara qarşı kəskin tənqidçiyə çevrilib?  Hüseynbala Mirələmov kamera qarşısında yox, gizlin nəsə etsəydi, təbii ki, yenə kimsənin deməyə sözü olmayacaqdı. Məsələ yenidən çevrilib bu videonu ictimailəşdirənlərin üzərinə gəlir. İctimai rəy də plastilin kimidir, tez əyilə bildiyi kimi, tez də düzəlir. Təəssüfləndirici məqam odur ki, daha böyük, problemli məsələlər ola-ola bu xoşagəlməz hadisə bizi həmin problemlərə fokuslanmaqdan yayındırdı. Bu anlamda, belə görüntülərin gündəmi zəbt etməsi lüzumsuzdur. Ən əsası isə odur ki, həyatı ictimaiyyətə maraqlı olan insanlar ehtiyatlı davranmalıdırlar ki, sonradan ağızda söz-söhbətə çevrilməsinlər.

 





23.04.2021    çap et  çap et