525.Az

Xarici ölkəyə ödənişə görə niyə vergi ödəməliyik?!


 

<b style="color:red">Xarici ölkəyə ödənişə görə niyə vergi ödəməliyik?!</b>

Sosial şəbəkədə yazılanlar

İlhamə Qasımlı, jurnalist:

- Bir çoxunuzun bildiyi kimi, mən "525-ci qəzet"in təmsilçisi olaraq 1997-2009-cu illərdə Prezident Aparatında akkreditə edilmiş jurnalist kimi fəaliyyət göstərmişəm. Bu gün illər öncə mərhum prezident Heydər Əliyevin mənim sualıma verdiyi cavabın əks olunduğu bir video yenidən Feysbukda yayılıb. Bu video ilə bağlı məhdud səviyyəli insanların paylaşım və şərhlərinə aşağıdakıları yazmağı zəruri saydım.

İlini dəqiq xatırlamıram, amma mərhum prezident Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasına ilk dəfə müalicəyə getməsindən sonrakı illər idi. Yəni ölkə prezidentinin sağlıq durumu ilə bağlı xəbərlər artıq məxfi deyildi.

Prezident Heydər Əliyev, səhv etmirəmsə, BMT-nin bir toplantısına gedirdi. Bu səfərdən bir neçə gün əvvəl isə mətbuatda Amerika səfəri müddətində Heydər Əliyevin gözündə katarakta müayinəsi keçiriləcəyi və əməliyyat oluna biləcəyi ehtimalı ilə bağlı qeyri-rəsmi xəbər dərc olunmuşdu.

Ənənəsi üzrə yenə jurnalistlərə səfərqabağı açıqlama verirdi. Biz də bu zaman həm səfər, həm də o günlərdə ictimai maraq doğuran hadisələrlə bağlı prezidentə suallar ünvanlayırdıq.

Prezident Amerikada keçirəcəyi görüşlər haqda geniş açıqlama versə də, ictimaiyyətin əsas diqqətində olan müayinə və əməliyyatla bağlı bir kəlmə də danışmadı. O zaman mən bu sualı verdim: "Cənab prezident, səfəriniz zamanı müalicə və müayinəniz kimi şəxsi məsələlərə də vaxt ayıracaqsınızmı?"

Prezidentin reaksiyası videoda var. Mən sualım və prezidentin buna təpkisi ilə bağlı yazdığım xüsusi yazıda tənqidi fikirlərimi bildirdim. Yazdım ki, prezidentin şəxsi həyatı olmur, onun həyatı ictimailəşir. Heydər Əliyevin katarakt müayinəsi və əməliyyatı ilə bağlı xəbərlər səfər müddətində təsdiqini tapdı. Səfər dönüşündə mən çox vacib bir müsahibə hazırladığım üçün qarşılanma mərasiminə gedə bilməmişdim. Deməli, prezident səfərin nəticələri ilə bağlı yenə ənənəvi açıqlama, jurnalistlərsə bir neçə sual verir. Birdən Heydər Əliyevin "heç səhhətimlə bağlı sual vermirsiniz" deməsi həmkarlarımı ani şoka salır. Və sual gözləmədən özü bu haqda məlumat verir və sonda uzun zaman mətbuatda müzakirə olunan məşhur sözü deyir: "Mən çox yaxşıyam, istəyənlərim sevinsin, düşmənlərim kor olsunlar".

Hava limanında keçirilən növbəti brifinqdə isə prezidentə indi xatırlamadığım mövzu ilə bağlı sual vermişdim. Bu sualıma cavabında Heydər Əliyev gülümsəyərək belə bir girişlə başlamışdı: "Görürəm, balaca qızsan, mənə suallar verirsən, sonra gedib məndən pis şeylər yazırsan". Səs tonundan bəlli idi ki, keçən dəfəki sualıma sərt üslubda cavabından sonra könlümü almaq üçün mənə jest edirdi. Müsahibədən sonra katibliyin rəisi Dilarə Seyidzadə də mənə yaxınlaşaraq bir az söhbət etdi. Bu zaman mənə məlum oldu ki, mənim sualıma Heydər Əliyevin verdiyi sərt cavabla bağlı tənqidi yazım prezidentin ofisində oxunub. Belə anladım ki, prezidentin mənim "pis şeylər yazmağımdan" xoş üslubda şikayətlənməsi də o tənqidə cavab imiş...

Düzü, mən prezidentin son cavabını özümçün qeyri-adi bir şey kimi qəbul eləməmişdim. Amma müşahidə etdiyim bu oldu ki, bundan sonra çox nüfuzlu nazirlər və məmurlar mənimlə ünsiyyətdə maraqlı və daha isti oldular. Necə deyərlər, bu hadisə mənim prezidentin jurnalist komandasındakı nüfuzuma çox müsbət təsir göstərdi.

İndi bu videonu illər sonra paylaşan adamların səviyyə tutumuna təəccüblənirəm. Yox, videonun paylaşımına görə təəccüblənmirəm, videonun təqdimat formasına və yazılan şərhlərə təəccüblənirəm. Jurnalistikadakı fəaliyyətləri ya trolluqdan, ya da ortabab yazmaqdan ibarət olan bu adamlar bir jurnalistin dövlət başçısına "səfəriniz zamanı müalicəniz və müayinəniz kimi şəxsi məsələlərə də zaman ayıracaqsınızmı" sualına rişxənd edir və özlərinin sorğulanmalı ağılları ilə mənim sualımın peşəkarlığını sorğulayırlar. Onların arasında elələri var ki, nəinki prezidentə, hətta bir nazirə belə sual  verərkən, az qala,  hulqumunu udur.

Əslində, mən Heydər Əliyevlə bağlı xatirələrimi paylaşmağı çox sevmirəm. Bunun müxtəlif səbəbləri var. Bu yazını yazmağa da ona görə məcbur oldum ki, artıq neçənci dəfədir, bu videodakı dialoq fərqli rakurslardan təqdim olunur. Ümid edirəm ki, copy paste ilə və məsul şəxslərə sabunlu suallar verməklə özlərini jurnalist sayanlar nə demək istədiyimi anladılar.

Heydər Mirzə, jurnalist:

- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.  Hadisə ilə bağlı, Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına  müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində  30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirib. 

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcək.

Xaqani Səfəroğlu, jurnalist:

- Qəribə bir trend dəbə düşüb. "Sosial şəbəkələr var, daha jurnalistlərə ehtiyac yoxdur".

Bir anlıq təsəvvür edin ki, Azərbaycanda jurnalistlər yoxdur, KİV-lər bağlanıb. Hamı xəbəri sosial şəbəkədən alır.

Səhər sosial şəbəkəyə girirsən. Rəy moderatorlarından bir neçəsi haray qaldırıb ki, bəs filan yerdə bu hadisə baş verib. Başqa biriləri həmin hadisə barədə yazır ki, o hadisə əslində olmayıb, amma olması da mümkündür. Əməkdar şərhçilər və statuskarlar da rəml atırlar ki, bu hadisə olub, ya yox...

Yaxud digər bir bloqer özü üçün çox vacib saydığı bir məsələni ölkənin 1 nömrəli problemi kimi müzakirəyə çıxarır. Dünya praktikasından da məlumdur ki, bloqerlər jurnalistlər kimi bütün cəmiyyət üçün deyil, yalnız özü üçün maraqlı olan məsələdən yazır.

Amma heç kim nə baş verdiyini öyrənmək, dəqiqləşdirmək üçün Nazirliyə, İcra hakimiyyətinə, məmura zəng vurmağa cürət etmir. Niyə? "Status yazmışam da...Oxusunlar, tədbir görsünlər" deyirlər.

Gün davam edir...İnsanlar ölkədə baş verənlərdən xəbər tutmaq istəyirlər. Nazirliklər məmnun halda özlərinin boz press-relizlərini sosial şəbəkəyə atırlar: "Hava gözəl olacaq, nazir hamıya salam göndərir, məmur daha bir daşın daş üstə qoyulduğunu elan edir".

Yox, axı nəsə baş verməlidir? Bəs dünən həbs olunduğu deyilən məmur hardadır? Büdcəmizdə olan pul ölkəyə çatarmı? Maaşımız nə qədər olacaq? Nazir niyə filan rayonda hamının bildiyi problemi gözardı edib? Problemlər və onlara verilən rəsmi reaksiyalar hardadır? Niyə səsim eşidilmir?  Hanı jurnalistlər? Jurnalistləri sosial şəbəkədən, rəy moderatorlarından və bloqerlərdən fərqləndirən məqam budur. KİV yazdığına məsuldur, tələbkardır, cəmiyyətin "indikatorudur". Sosial şəbəkələr, yeni media vasitələri isə KİV-in daha çevik işləməsi üçün bir alətdir.

Yaxşı və faydalı platforma!

Amma xəbərin avanqardı jurnalistlərdir. Sosial media səsin eşidilməsi üçün bir imkandırsa, KİV cəmiyyətin informasiya təminatının ən vacib detalıdır.

Peşəkar media ən mühüm məsələdir.

Şahbaz Xuduoğlu, naşir:

- Hormətli müştəri, 2020-2021-ci il tarixlərində kartınız vasitəsilə xaricdə xidmətlərin alınmasından yaranan 64.32 AZN ƏDV borcu hesabınızdan silinəcək. Tel:151.

Access bankdan belə bir mesaj aldım. Zəng etdim, dedilər ki, kartdan harasa köçürmə etmisiz, bəs onun vergisini tuturuq.

Mən dedim: vergi mal satana ödənilir, yəni biz bir mal alanda onun qiymətinə vergi də daxildir. İki tərəfdən niyə vergi tutulmalıdır?

Dedi: Qanun belə tələb edir.

Dedim: Hansı qanun? Niyə o qanun yatıb-yatıb 2 ildən sonra işə düşüb? İkincisi, mən niyə xaricdən aldığım mala görə, yaxud xaricə etdiyim ödənişə görə burda vergi ödəməliyəm? Və bank niyə vergi yığır, bank faizi var, xidmət haqqı alırsız, başqa vergiləri siz niyə silməlisiz? Bu necə bank fəaliyyətidir?

İndi, istərdim başa düşəm, bu niyə belədir?

Xarici ölkəyə ödənişə görə niyə vergi ödəməliyik? Niyə bu işi bank etməlidir? 

Fazil Mustafa, millət vəkili:

- Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik. Xankəndində parad keçirmək onların tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq. Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır. Bunun tarixi anologiyası da var. Bilindiyimiz kimi, 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdir. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi variantını da düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik.

Asif Nərimanlı, jurnalist:

- Xankəndidəki baş separatçı Araik Arutyunyan təcili Moskvaya çağırılıb. Erməni mənbələr yazır ki, baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq.

Ruslar Araikin Nikolun göstərişləri ilə hərəkət etməsindən narazıdır, onu əvəzləyənə qədər nəzarətdə saxlamaq istəyirlər. Moskva erməni hərbçilərin Qarabağdan çıxarılmasından - Ermənistanın hərbi varlığının bitməsindən sonrakı dövrə hazırlaşır.

 





23.04.2021    çap et  çap et