Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir.
Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı və ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilən standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və mütəxəssis qurumdur.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Nicat Əsədli deyir ki, xarici dövlətdə əldə edilən kvalifikasiyanın tanınması şəxsin həmin kvalifikasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etdirmək və həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilən fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycanın mövcud təhsil qanunvericiliyində nəzərdə tutulan ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, qaydalara uyğun olaraq, əldə olunan ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi mümkün hesab edilmir: "Ali təhsil sahəsində əldə edilən ixtisasların tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalarda nəzərdə tutulan meyarlar üzrə həyata keçirilir. Sözügedən meyarlar üzrə təhlilin nəticəsi müsbət qiymətləndirilərsə, əldə olunan ali təhsil ixtisasının tanınması mümkün hesab edilir".
N.Əsədlinin sözlərinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir: "Qeyd edim ki, bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır. Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi müraciətlərə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır. Sonra ərizəçilər tərəfindən təqdim olunan sənədlərin ekspertizası həyata keçirilir".
Şöbə müdiri bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması: "Yekun olaraq mənfi rəy bir sıra hallarda verilə bilər. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda. Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa). Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda.Verilən qərarla razılaşmadığı təqdirdə, vətəndaşlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilən qərara dair məhkəmədə iddia qaldıra bilərlər".
N.Əsədlinin dediyinə görə, bir müddət əvvəl Agentlik Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb. Statistikaya əsasən, ötən dövr ərzində Agentliyə 678 müraciət daxil olub. Onlardan 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib.
Ölkələr üzrə müraciətlərin sayına gəlincə, N.Əsədli qeyd edib ki, Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə edilib. Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29 faizi 10 ali təhsil müəssisəsinin (Tbilisi Humanitar Tədris Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti, H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu, "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Odessa Dövlət Ekologiya Universiteti, Voljsk Dövlət Su Nəqliyyatı Universiteti, Tbilisi Açıq Tədris Universiteti və Avropa Universiteti (Gürcüstan)) payına düşür: "Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir".
Şöbə müdiri vurğulayıb ki, diplomların ölkəmizin ərazisində tanınmasından imtina edilməsi həmin sənədin dövlət nümunəli olmayan sənəd olması mənasına gəlmir: "Tanınma dedikdə vətəndaşın ölkə ərazisində təhsilini növbəti pillədə davam etdirmək və ya sahib olduğu peşə istiqamətinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etməsidir. Bu hüququn əldə edilməsi üçün, dövlət nümunəli sənədin olması kifayət etmir. Xaricdə əldə olunan təhsilin həm də standartlarının yerli ali təhsil üzrə standartlarının uyğunluğu tələb olunur. Bu tələb pozulduqda, saxta olmayan sənədin də tanınmaması mümkündür.
N.Əsədli xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır: "Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi məsləhət görürük. Qeyd edim ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən, xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycana açıqlamasında bildirib ki, Təhsil Nazirliyi tərəfindən diplomları tanınmayan universitetlərin hər il siyahısı çıxsa da, bu ali təhsil müəssisələrinə qəbul davam edir: "Təhsil Nazirliyi cəmiyyəti bu barədə mütəmadi olaraq məlumatlandırır. Amma buna baxmayaraq Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər. Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı xeyli maarifləndirmə işləri aparılmalıdır. Uşaqların çoxu təhsil şirkətlərinin qurbanına çevrilir".
İ.Orucov deyir ki, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri özlərini reklam edirlər: "Onlar həmin universitetləri təbliğ edirlər. İnsanlar belə təhsil şirkətləri ilə bağlı ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı ilə oynamaq deməkdir. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".
Ekspert vurğulayıb ki, saxta diplomlu şəxslərin ölkəyə heç bir faydası yoxdur: "Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savadsız diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar. Təssüflər olsun ki, bu gün də belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidmət haqqı alırlar".
Sevinc QARAYEVA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
çap et