Palçıq Vulkanları Turizm Kompleksinin əsas məqsədi təbii sərvətimiz olan palçıq vulkanlarının turizm imkanlarını və təbliğatını həyata keçirməkdən ibarətdir.
525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyi tərəfindən “Qılınc” palçıq vulkanlarında yaradılacaq turizm kompleksinə həsr olunan brifinqdə Qoruqları İdarəetmə Mərkəzinin direktoru Azadə Hüseynova bildirib.
Onun sözlərinə görə, kompleksin ərazisində müxtəlif turizm fəaliyyətləri nəzərdə tutulub. Bunlardan kvadrosikl ilə gəzinti, ərazidə düşərgələrin salınması, piyada yürüş yollarının salınması və ətrafdakı digər palçıq vulkanlarına turların təşkil olunması nəzərdə tutulur. Bundan əlavə, ictimai iaşə obyektləri, turistlərin gəlib palçığı hiss edib təcrübə keçə biləcəyi təcrübə mərkəzləri də fəaliyyət göstərəcək.
O qeyd edib ki, turizm kompleksinin tez zamanda istifadəyə verilməsi nəzərdə tutulur:
"Rəsmi prosedurlar başa çatandan sonra yaxın zamanlarda kompleksin hazırlanması işlərinə başlanacaq".