Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin sənət dünyası və müasir dövr” mövzusunda Respublika Elmi konfransı keçirilib.
525.az-a verilən məlumata görə, konfrans Prezident İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunub.
Konfransı giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq ölkə başçısının Sərəncamından sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli Qərarına əsasən görülmüş işlər haqqında hərtərəfli məlumat verib. Qeyd edib ki, müvafiq Sərəncama uyğun olaraq indiyə kimi akademiyada 11, Ədəbiyyat İnstitutunda 4 tədbir keçirilib. Akademik tədbir iştirakçılarını keçirilən və keçirilməsi nəzərdə tutulan konfranslar, akademiyanın digər aidiyyatı qurumlarla birgə əməkdaşlıq sahəsində apardığı işlər, o cümlədən çap məsələləri haqqında məlumatlanırıb. Bildirib ki, Nizami Gəncəvinin əsərlərinin elmi-tənqidi mətni və “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır, “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının müxtəlif dillərdə nəşr edilməsi nəzərdə tutulub.
Əlavə edib ki, “bütün sahələrdə olduğu kimi, Nizami Gəncəvi mövzusunda da qardaş Türkiyə ilə birgə əməkdaşlıqdan qürur duyuruq. Buna nümunə olaraq Türkiyədə “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin bütövlükdə Nizami Gəncəviyə həsr ediləcəyini deyə bilərik. Həmin dərginin Amerika və Avropada abunəçiləri vardır. “Türk ədəbiyyatı” dərgisində isə institut əməkdaşlarının mövzu ilə bağlı ardıcıl məqalələrinin çapı nəzərdə tutulub. Həmçinin Bakı Yunus Əmrə İnstitutu ilə birgə tədbirlər keçirməyi də planlayırıq”.
Akademik İsa Həbibbəyli digər xarici ölkələrdə həyata keçirilən işlər barəsində də danışıb. Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə “Xəmsə”nin Türkiyədə türkcə beş cilddə yayımlandığını bildirib. İtalyada isə “Yeddi gözəl”in çap olunduğunu qeyd edib. Hollandiya, Polşa, Çin, Cənubi Koreya kimi ölkələrdə Nizami Gəncəvi ilə bağlı müxtəlif istiqamətli işlərin həyata keçiriləcəyini vurğulayıb. Tatarıstanda ardıcıl olaraq mövzu ilə bağlı məqalələrin çap olunacağını deyib.
Sonra KÜNİB-in başqanı, Türkiyəli professor Ramazan Qorxmaz Nizami Gəncəvinin yaradıcılığındakı humanizmdən danışıb. Onun əsərlərini Avropada yazılmış bir sıra əsərlərlə müqayisə edərək milli, dini və başqa məsələlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.
Konfransda Ədəbiyyat İnstitutunun əməkdaşlarından Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın “Azərbaycan nizamişünaslığının inkişafında R.Azadənin rolu”, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Hacıyevanın “Bədii mətndə qnoseologiya və poetika məsələləri” (Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin təhlili əsasında), İnstitutun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Nizami Gəncəvi yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində”, mövzusunda məruzələri dinlənilib.
Həmçinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami filialının müdiri Gülnarə İsmayılova Nizami məqbərəsinin dünəni və bu günü haqqında çıxış edib.
çap et