Son bir ildə Misirdə baş verən hadisələr onun geosiyasi mövqeyinə də təsir edib. Artıq bu ölkədə daxili sosial-siyasi vəziyyət sabitliyə doğru gedir. Lakin siyasi kursun müəyyənləşməsində heç də bütün suallara cavab tapılmayıb. Görünən odur ki, rəsmi Qahirə regional və qlobal miqyasda fəaliyyətini intensivləşdirib. O, özünə yeni tərəfdaşlar axtarır və eyni zamanda, onlarla münasibətlərində tarazlığı saxlamağa cəhd edir. Misirin yeni rəhbərliyi buna nail ola biləcəkmi?
İnqilabdan sonrakı "siyasi inqilab": Qahirənin seçimi
Yaxın Şərq ölkələri "Ərəb baharı" eyforiyasından ayıldıqca xarici siyasət kurslarında düzəlişlər edirlər. Bir həqiqəti indi hər kəs qəbul edir: regionun ərəb dövlətlərinin heç biri həmin proses başlamazdan əvvəlki vəziyyətdə deyil. Daxili sosial-iqtisadi, mədəni, siyasi və hərbi reallıqlar cəmi bir neçə il öncəkindən xeyli fərqlidir. Rejimlər də dəyişib. Regionun qeyri-ərəb dövlətləri və dünyanın böyük geosiyasi güclərinin ərəb ölkələrinə olan münasibətində ciddi yeniliklər müşahidə edilir.
Konkret ifadə edilsə, hazırda Yaxın Şərqin ərəb-müsəlman dövlətləri sözün bir çox mənasında tarixlərinin sürətlə dəyişən mərhələsini yaşayırlar. Bölgənin nüfuzlu ölkələrindən sayılan Misir, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və başqaları dövlətçilik ənənələri ilə müasirlik arasında uyğunluq axtarışındadırlar. Bu proses daxili və xarici siyasət kurslarının uzlaşdırılması kimi aktual bir vəzifəni qarşıya qoyub. Şübhəsiz ki, yaranmış belə bir vəziyyətdə xarici siyasətin prioritetlərinə yenidən nəzər salmaq Yaxın Şərqin böyük dövlətlərinin qayğısına çevrilib. Bu sırada Misirin hansı istiqaməti seçməsi ekspertlərin marağına səbəb olub.
Əvvəlcə demək lazımdır ki, həmin regionun Səudiyyə Ərəbistanı, Misir, Qətər, Livan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri hələlik tam mənada xarici siyasət kursunu yeniləşdirməyiblər. İndi əhəmiyyətli olanı bu prosesin başlaması və ona qlobal geosiyasi güclərin münasibət bildirməsidir. Bunu bir neçə aspektdə hiss etmək olur. Birincisi, Qərb, Rusiya və Çin regionun güclü dövlətləri ilə iqtisadi və hərbi əlaqələrini yenidən gözdən keçirirlər. İkincisi, diplomatik fəallıq artıb. Üçüncüsü, həmin böyük güclər arasında regionda nüfuz uğrunda mübarizə faktiki olaraq yeni mərhələyə qədəm qoyub.
Bu mərhələnin əsas cəhətlərindən biri mübarizə sahəsinin genişlənərək Şərqi Avropa (Ukrayna), Qafqaz və Mərkəzi Asiyanı əhatə etməsidir. Yəni Qərb, Rusiya və Çinin Ukraynadakı qarşıdurmasının nəticəsi həm də Suriya, Livan, Misir, İraq məsələlərinə təsir edəcək. Bu aspektdə Yaxın Şərqin güclü dövlətlərinin xarici siyasətinə də regional kontekstlə yanaşı, qlobal səviyyədə cərəyan edən geosiyasi proseslər müstəvisində də nəzər salmaq lazım gəlir.
Bu mülahizələr prizmasından Qahirənin son iki ildə yeritdiyi xarici siyasət mütəxəssislərin diqqətini çəkib. Məsələyə üç aspektdə baxırlar. Birincisi, Misirin yeni rejiminin beynəlxalq aləmdə fəaliyyəti. İkincisi, Qahirənin regional siyasətinin yeni çalarları. Üçüncüsü, daxili sosial-siyasi və iqtisadi reallıqlarla xarici siyasətin yeni prioritetlərinin bir-birini tamamlamasına nail olmaq. Hazırda feldmarşal Abdel Fəttah əs-Sisinin hərbi çevrilişi nəticəsində formalaşan yeni Misir iqtidarının atdığı diplomatik addımları analitiklər və ekspertlər təhlil edirlər.
Burada maraqlı bir incəlik meydana çıxıb. Əs-Sisi müdafiə və hərbi sənaye naziri kimi ilk səfərini Rusiyaya edib. Prezident V.Putin onu Novo-Oqaryovodakı iqamətgahında qəbul edib. Bu, misirli feldmarşala verilən yüksək qiyməti ifadə edir. Ekspertlər hesab edirlər ki, Putinin bu addımı Misirin beynəlxalq aləmdə mövqeyini möhkəmlədib. Eyni zamanda, əs-Sisinin prezident seçilməsi üçün ciddi dəstək olub.
Rusiyalı analitiklərin qənaətinə görə, həmin səfər yuxarıda deyilənlərlə yanaşı, qlobal geosiyasətə aidiyyəti olan bir konteksti ifadə edir. Misir xarici siyasətində Rusiyanı əsas tərəfdaşlardan biri kimi görmək arzusundadır (bax: Ирина Мохова. Новые ориентиры внешней политики Египта / "Независимая газета", 3 mart 2014).
Amerika siyasəti və regional kontekst
Lakin burada başqa bir faktor mövcuddur ki, onu kənara atmaq mümkün deyil. Biz, Amerika-Misir əlaqələrinin ənənəvi olaraq güclü olmasını nəzərdə tuturuq (bax: məs., Gökhan Telatar. Değerler ve Çıkarlar İkileminde ABD’nin "Arap Baharı"na Yönelik Politikası / "Uluslararası Hukuk ve Politika", 2012, Cild: 8, Sayı: 29 s. 55-86). Əslində, rusiyalı ekspertlər də bu məqamı vurğulayırlar. Bir tərəfdən, hesab edirlər ki, son illərin təcrübəsi Rusiyanın Yaxın Şərqdə mövcudluğuna ehtiyac yarandığını sübut edir. Onların fikrinə görə, Moskva ilə əlaqələr region dövlətlərinin müstəqilliyinin artmasına yardım edəcək.
Digər tərəfdən isə, "Rusiya özünün obyektiv parametrlərinə görə regionda ABŞ-ın təsirini tarazlaşdıran qüvvə ola bilməz" (bax: Андрей Байков, Игорь Истомин. Неожиданные партнеры России на Ближнем и Среднем Востоке / "Международные процессы", 2013, №2). Bunlara görə Misirin yeni rəhbərliyinin Vaşinqton-Moskva rəqabətində hansı yeri tuta biləcəyi maraqlıdır. Eyni zamanda, Qahirəni Kremlə üz tutmağa məcbur edən geosiyasi məqamları nəzərdən qaçırmaq olmaz.
Məsələ ondan ibarətdir ki, Vaşinqton Məhəmməd Mursiyə qarşı hərbçilərin üsyan etməsini başlanğıcda elə də dəstəkləmədi. B.Obama administrasiyası İraq və Suriya təcrübəsindən çəkindi. Müsəlmanlara antidemokrat kimi görünmək istəmədi. Yalnız Misirdə kimin daha güclü olduğu məlum olandan sonra Ağ ev əs-Sisiyə münasibətini dəyişdi.
Buna baxmayaraq, artıq ABŞ əs-Sisinin komandasını bir neçə beynəlxalq tədbirdən təcrid etmişdi. Rəsmi Qahirə BMT TŞ-də özünə qarşı qərarların qəbul edilməsindən ehtiyatlandı. Bu səbəbdən onun Rusiyaya müraciət etməsi başadüşüləndir. İndi Kreml əs-Sisi ilə hərbi əməkdaşlıq edir və eyni zamanda, onu beynəlxalq aləmdə müdafiəyə qalxır. Moskvanı çəkindirən əsas amil, rusiyalı analitiklərin fikrincə, radikal İslamdır (bax: əvvəlki mənbəyə). O halda Misirin yeni iqtidarı Rusiya üçün strateji tərəfdaş ola bilər.
Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Misir Rusiya ilə əlaqələrə yeni məzmun verməkdə maraqlıdır. Moskvanın da bu əməkdaşlığa ehtiyacı vardır. Lakin bütün bunlar Qahirənin ABŞ-ı arxa plana atması anlamına gəlməməlidir. Əksinə, Misir rəhbərliyi Vaşinqtonla daha sıx əlaqələr yaratmalıdır ki, terror və daxili ixtilaf ssenarilərindən xilas olsun. Məsələnin digər tərəfi Misirin regional siyasətinə bağlıdır.
Rəsmi Qahirənin təkbaşına mövcud vəziyyətdən çıxa bilməsi ehtimalı azdır. Onun Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin maliyyə dəstəyinə ehtiyacı vardır. Bununla yanaşı, Ər-Riyad Misirin yeni rəhbərliyinə dəstək verib. Əgər Qətər M.Mursini müdafiə edirdisə, Səudiyyə Ərəbistanı əs-Sisiyə üstünlük verdi. Hazırda rəsmi Qahirə Ər-Riyadın bu xidmətini qiymətləndirir. Yaxın perspektiv üçün Misirin Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq imkanı olmadığından iki ölkənin əməkdaşlığı qarşısında maneə yoxdur. Çünki Misir iqtisadi cəhətdən səudilərdən zəifdir (bax: Ирина Мохова. Göstərilən məqaləsi).
Sadalanan ərəb ölkələrinin ABŞ-la yaxın əlaqələri mövcuddur. Belə çıxır ki, Misir regionda mövqeyini möhkəmlətmək istəyirsə, Amerikanın buradakı müttəfiqləri ilə münasibətləri inkişaf etdirməlidir. İndi rəsmi Qahirə məhz bu istiqamətdə fəaliyyətini gücləndirir. Onun hansı dərəcədə uğurlu olacağını zaman göstərəcək.
Bütün bunlar onu təsdiq edir ki, Misirin xarici siyasətində yeni çalarlar özünü göstərir. Bir tərəfdən, dünyanın böyük dövlətləri ilə əlaqələrə daha tarazlı məzmun verilir, digər tərəfdən isə, regionun qüdrətli ölkələri ilə əməkdaşlıq genişləndirilir. Görünür, Qahirə qarşıdan gələn prezident seçkisini sakit şəraitdə keçirmək məqsədinə də diqqət yetirir. Əs-Sisinin namizədliyini dəstəkləyənlər var. Lakin bu halda misirlilər "qanuni prezidenti silahlı yolla devirib, sonra hansı məntiqlə qanuni seçki keçirmək olar?" sualına cavab tapmalıdırlar. Konkret desək, burada bir ziddiyyət mövcud deyilmi? Seçki sakit keçsə belə, siyasi rəqiblər həmin ziddiyyəti nə vaxtsa, üzə vurmayacaqlar ki?
Misirdə M.Mursini "ura" deyib, prezident seçdilər, lakin cəmi 1 ildən sonra eyni əhval-ruhiyyə ilə əs-Sisini müdafiə etdilər. Maraqlıdır, indi növbə kimindir? Görəsən, xarici siyasət də tez-tezmi dəyişəcək?
Newtimes.az
çap et