525.Az

Yalan və böhtan metodu: Səfir Elmira Axundovaya qarşı qərəzli kampaniya


 

Yalan və böhtan metodu: <b style="color:red">Səfir Elmira Axundovaya qarşı qərəzli kampaniya</b>

Son günlər bir sıra media orqanlarında Azərbaycanın Ukraynadakı səfiri, tanınmış yazıçı-publisist, Xalq yazıçısı Elmira Axundovanın fəaliyyəti hədəf götürülüb. Yayılan xəbərlərdə iddia olunur ki, səfir Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına maneçilik törədib; E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan “Filosoflar meydanı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb, Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib, hətta abidə üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırılmasını tələb edib.

Məsələyə münasibətini öyrənmək üçün “525”in əməkdaşı səfir Elmira Axundova ilə əlaqə saxlayıb. Hadisənin əsl mahiyyəti barədə məlumat verən və həqiqətdən uzaq bu xəbərlərin kimlər tərəfindən yayıldığından xəbərdar olduğunu bildirən xanım səfir bu çirkin kampaniyaya son qoyulmasa və ondan üzr istənilməsə, həmin şəxslərin kimliyini açıqlayacağını və məhkəməyə müraciət edəcəyini vurğulayıb. E.Axundova belə yalan və böhtan xarakterli xəbərləri tirajlayan mətbu orqanlarını qınayaraq, onların “KİV haqqında” qanunu və peşəkarlıq prinsiplərini pozduğunu, məlumatı yayarkən qarşı tərəfin fikirlərini öyrənmədiklərini qeyd edib.
Əslində, Elmira Axundovanın həm yazıçı-publisist, həm jurnalist, həm də ictimai xadim kimi neçə illik prinsipial fəaliyyəti Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu aspektdən baxanda xanım səfir haqqında yayılan bu qərəzli xəbərlərin məhz onun bu istiqamətdə göstərdiyi fəaliyyətə qısqanclıqdan ortaya atıldığı, hansısa məkrli niyyətlərdən doğduğu təəssüratı yaranır. Bəs həqiqətdə nə baş verib, hadisənin əsl mahiyyəti nədən ibarətdir? Bu suallara aydınlıq gətirmək üçün Elnar Əliyevin müəllifi olduğu “Yalan və böhtan metodu: Səfir Elmira Axundovaya qarşı qərəzli kampaniya” yazısını oxuculara təqdim edir, tanınmış yazıçı, fövqəladə və səlahiyyətli səfir kimi Azərbaycanı xarici ölkədə təmsil edən, ictimai fəaliyyəti boyu həmişə qalmaqal və münaqişələrdən uzaq duran bir xanım səfir haqqında həqiqətə sığmayan, böhtan xarakterli xəbərlərin yayılmasından və bu kampaniyada bir sıra mətbuat orqanlarının, jurnalist həmkarlarımızın iştirakından təəssüfləndiyimizi bildiririk.

*** 

Son dövrlər yalan və böhtan üzərində qurulan siyasi mübarizə üsuluna daha tez-tez rast gəlmək olur. Görülən işlərə, əldə olunan nəticələrə ləkə vurmaq üçün cəmiyyətə yalan məlumatlar ötürülür, insanlar arasında bilərəkdən çaşqınlıq yaradılır. Bunun isə bir adı var: destruktiv və xəyanət metodu. Bu metodu seçənlər başqalarının uğurlarını həzm edə bilməyənlərdir.

İndi isə keçək əsas mətləbə - Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın hədəf götürülməsinə. Bu günlərdə Azərbaycanın bəzi sarı mətbuat orqanlarında “Səfir Elmira Axundova Prezidentin sərəncamına qarşı çıxır?” sərlövhəli məqalələr dərc edilib. Məqalənin əsas qayəsi budur ki, guya Elmira Axundova Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlinin qoyulmasına qarşı çıxır və buna mane olur. Əslində, proseslərin içində olmayanlar üçün bu “ittiham” ciddi görünə bilər, ancaq reallıqda vəziyyət tam fərqlidir. Reallıq ondan ibarətdir ki, Elmira Axundovanın rəyi nəticəsində Xarkovda həm Nizami Gəncəvinin, həm də Mirzə Fətəli Axundovun heykəlləri qoyulacaq. Bundan başqa, paytaxt Kiyev şəhərində də Nizami Gəncəvinin abidəsinin ucaldılması üçün Kiyev şəhər Şurasına müraciət olunub və danışıqlara başlanılıb.

Araşdırmalar zamanı bəlli olub ki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyevin çalışdığı dövrdə onun tərəfindən təklif almış Ukraynanın xalq rəssamı, Ukrayna Rəssamlar İttifaqının üzvü, azərbaycanlı heykəltəraş Katib Məmmədovun hazırladığı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin nəhəng abidəsinin Xarkovda ucaldılması məsələsi ilkin həllini tapsa da, A.Xudiyev səfir vəzifəsindən geri çağırıldığından məsələ yarımçıq qalıb. Səfir Elmira Axundova humanistlik göstərərək, yarımçıq qalan işi sona çatdırmaq məqsədilə bir neçə ay öncə Xarkov şəhər Şurasına rəsmi müraciət edərək, Nizami Gəncəvinin heykəlinin qoyulması üçün yerin ayrılmasını xahiş edib.

Bununla paralel olaraq Qazaxıstanın Xarkov şəhərindəki fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəfli səfirliyə müraciət edərək, Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun hazırladığı Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş üç nəfərdən ibarət abidə kompozisiyanın qoyulması təşəbbüsünü irəli sürüb. Kompozisiyada ukraynalı filosof Qriqori Skovoroda, qazax ədəbiyyatının klassiki, maarifçi-filosof Abay Kunanbayev və dahi mütəfəkkir Nizami Gəncəvi abidəsinin yer alması təklif olunub. Lakin məsələni araşdırdıqdan, Nizami Gəncəvinin ilkin və sonrakı layihələri ilə tanış olduqdan sonra belə qənaətə gəlinib ki, S.Qurbanovun yaratdığı kompozisiyada yaşadığı dövr, dünyagörüşü və şəxsiyyətinin miqyasına görə yuxarıda qeyd olunan ukraynalı və qazax filosoflarına daha çox bənzər Azərbaycan yazıçısı, maarifçisi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun abidəsinin yer alması daha məqsədəuyğun olardı.


Təklif olunan kompozisiyada dahi Nizami Gəncəvinin şəxsiyyətinin miqyası qeyd olunan filosofların şəxsiyyətlərinin miqyası ilə uzlaşmır və bu şəkildə onun təqdim olunması heç də uyğun gəlmir, eləcə də tarixdə ucaldılan abidələrin uzun illərə nəzərdə tutulduğu baxımından məhz dahi şəxsiyyətlərin ildönümündə ucaldılması böyük önəm daşımır. Bundan başqa, Xarkov şəhər Şurası bir şəhərdə Nizami Gəncəvinin iki heykəlinin qoyulmasını məqsədəuyğun hesab etməyib. Emin Nəcəfli səfirliyin tövsiyələrini müsbət qarşılayıb.
Digər bir məqam isə soydaşlarımız - heykəltəraşlar Seyfəddin Qurbanov və Katib Məmmədov arasında yaradıcılıq mübarizəsi fonunda yaranan narazılıq da hər ikisinin Nizami Gəncəvinin heykəlinin müəllifi olması iddiasını yaradıb. Səfir Elmira Axundova barışdırıcı missiyasını uğurla həyata keçirərək heykəltəraşlar arasında yaranan narazılığı da aradan qaldırıb. Bununla da Azərbaycanın Ukraynadakı səfirliyi birləşdirici qüvvə kimi çıxış edib.

Elmira Axundova cəmi bir ildir səfir vəzifəsində çalışmasına baxmayaraq, öz xeyirxah fəaliyyəti ilə seçilib. Biz əvvəlki illərdə səfirliklə bağlı tamam başqa mənzərənin şahidi olmuşuq. Səfirin qısa zamanda barışdırıcı, humanist yanaşmasının nəticəsidir ki, bu gün ən iri diaspor təşkilatlarının liderləri - Oleq Krapivin, Rövşən Tağıyev və Hikmət Cavadov bir araya gələrək, bir masa arxasında, konfransda əyləşərək, Azərbaycan naminə, ümummilli məsələlər ətrafında səfirliklə birlikdə vacib tədbirləri həyata keçirirlər. İstər Ermənistan-Azərbaycan sərhədində, Tovuz istiqamətində baş verən insident zamanı, istərsə də 44 günlük Vətən mübaribəsində səfirliklə diaspor təşkilatları vahid komanda şəkilində effektli mübarizə apardı, kütləvi aksiyalar keçirildi, Ukrayna mətbuatında intensiv çıxışlar oldu, məqalələr dərc edildi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Elmira Axundova həm də səfir kimi fəaliyyəti dövründə Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırmaq üçün mətbuatda məqalələri, müsahibələri, telekanallarda canlı yayımlarda çıxışları ilə çox fəal olub. Məhz bütün bunların nəticəsidir ki, soydaşlarımız, diaspor üzvləri arasında böyük hörmət və sevgi qazanıb. Bunu sosial şəbəkələrdə soydaşlarımızın gündəlik rəylərindən də görə bilirik. Biz bu birliyi, sağlam mühiti, mənzərəni Elmira Axundovadan öncə şahidi olmuşduq? Xeyr. Səfirin Ukrayna ərazisində Azərbaycanın tanınmış simalarının bir yox, üç heykəlini qoydurması yalnız təqdirəlayiq qiymətləndirilməlidir. Özü də bunu barışdırıcı missiyanı yerinə yetirməklə həyata keçirmək elə də asan deyil.

Bütün bunlara rəğmən sual olunur: yalan və böhtan mübarizə metodu, destruktiv fəaliyyətlə nəyəsə nail olmaq mümkündürmü? Əlbəttə ki, xeyr, çünki yalan ayaq açar, amma yeriməz. Bir məsələni də yaddan çıxarmaq olmaz: Azərbaycan Prezidentinin sərəncamı ilə təyin olunan səfirə qarşı böhtan və iyrənc fəaliyyət dövlətçiliyə qarşı çıxmaq, düşmənin dəyirmanına su tökməkdir.

Elnar ƏLİYEV

 





26.04.2021    çap et  çap et