525.Az

Rusiya: ümidləri doğrultmayan 21 aprel


 

Rusiya: <b style="color:red">ümidləri doğrultmayan 21 aprel</b>

Rusiya cəmiyyətinin qarşısında duran həyati əhəmiyyətli suallara aprelin 21-də aydınlıq gətiriləcəyi ilə bağlı toplumun və ekspertlərin gözləntisi özünü doğrultmadı.

Aydın oldu ki, Rusiya hakimiyyəti və bütövlükdə rus cəmiyyəti ölkənin düşdüyü vəziyyətdən çıxış yolu axtarmaq gücündə deyil. Rusiyanın qarşısında duran problemlər isə ölkənin gələcəyini düşünənlərdə böyük həyəcan doğurur. Bu həyəcanı yaradan əsas səbəb Rusiyanın on ildir davam edən "durğunluq" dövründən çıxa bilməməsidir. Ekspertlər ölkənin düşdüyü vəziyyətin hətta Sovet İttifaqının durğunluq dövrü adlandırılan 1964-1986-cı illər arasındakı dövrdən də pis olduğunu bildirirlər. Prezident Vladimir Putinin hakimiyyətinin son 10 ilinin göstəricilərinin Leonid İliç Brejnevin hakimiyyətinin son 10 ilindən daha pis olduğuna diqqət çəkən ekspertlər, vəziyyətin o zaman indikindən daha yaxşı olduğunu qeyd edirlər.

Birinci durğunluq dövründə Sovet İttifaqının iqtisadiyyatı enerjidaşıyıcıların, ilk növbədə neftin qiymətindən asılı olduğu kimi, bu gün də Rusiyanın iqtisadiyyatı tam şəkildə neftin dünya bazarındakı qiymətindən tam asılıdır. Brejnevin hakimiyyəti illərində faydalı qazıntılardan istifadənin səmərəliyi çox aşağı olduğu kimi, bu gün bu sahədə vəziyyət daha pisdir. Ekspertlər qeyd edirlər ki, indi vəziyyəti ağırlaşdıran bir çox məqamlar mövcuddur. O zaman Sovet İttifaqının əhalisinin sayı 12 milyon nəfər artmışdısa, Putinin hakimiyyətinin son 10 ilində Rusiyada demoqrafik böhran yaşanır və ölkə düşdüyü demoqrafik böhran çuxurdan çıxa bilmir.

Ekspertlər bildirirlər ki, Rusiya qabaqcıl istehsal texnologiyaları üzrə qlobal bazarda diqqət çəkməyən bir ölkəyə çevrilib və texnoloji liderlərdən həmişəlik geridə qalma qorxusu ilə üz-üzədir. Əvvəlki sənaye inqilablarının təcrübəsinə istinad edən ekspertlərə görə, texnoloji problemlərə digərlərindən daha tez reaksiya göstərən ölkələr özlərinin "iqtisadi möcüzə"lərinin tarixin səhifəsinə yaza biliblər. Rusiya iqtisadiyyatı ilk növbədə xammal və yarımfabrikat tədarükçüsü olaraq qalmaqdadır. Ekspertlər qeyd edirlər ki, Sovet İttifaqının dağılmasından sonra Rusiya iqtisadiyyatı demək olar ki, heç vaxt yüksək əlavə dəyəri olan əhəmiyyətli sənaye malları istehsal edə bilməyib.

Ekspertlərin fikrincə, Rusiya ənənəvi olaraq liderlərdən biri sayıldığı silah bazarında da üstünlüyünü itirməkdədir. Rusiyanın silah ixracında 22 faizlik bir azalma müşahidə olunur. Eyni zamanda, Rusiya istehsalı olan silahların alıcılarının sayında da azalma var. 2011-2015-ci illərdə Rusiya 53 ölkəyə silah satmışdısa, 2016-2020-ci illərdə rus silahına maraq göstərən ölkələrin sayı 45 olub. Üstəlik, Rusiya bir çox ölkəyə silahı özünün krediti hesabına satır ki, bir çox hallarda bu kredit ödənilmir.

Nüvə texnologiyaları sahəsində dünya liderlərindən olan Rusiya bu sahədən gələn gəlirlərini itirir. Bu vəziyyət isə iki səbəblə izah olunur. Son illər nüvə texnologiyalarına maraq azalıb. İkincisi, Rusiya bu sahədə rəqabət aparmaqda da artıq çətinlik çəkir.

 

Aprelin 21-i ərəfəsində bir çox ekspertlər Prezident Vladimir Putinin Federal Məclisə ənənəvi illik müraciətində bu problemlərin aradan qaldırılması istiqamətində hansı addımların atılmasının nəzərdə tutulduğuna aydınlıq gətiriləcəyini gözləyirdilər. Lakin bu gözləntilər özünü doğrultmadı. Aydın görünür ki, Prezident Putin nə etmək lazım olduğunu bilmir.

Ekspertlər isə bildirirlər ki, Qərblə qarşıdurmadan imtina edilməyəcəyi və cəmiyyətdə azadlıqların dairəsinin genişləndirilməyəcəyi halda durğunluğa son qoymaq mümkün olmayacaq. Bu durğunluq dövrünün sonunda isə Rusiya Sovet İttifaqının taleyini yaşayacaq.

Prezident Putinin Federal Məclisə müraciətində bəhs etdiyi antiböhran tədbirləri isə əsasən sosial gərginliyin azaldılmasına yönəlib. Hamilə qadınlara, tək valideynli uşaqlara və məktəb yaşlı uşaqları olan ailələrə ödənişlərin edilməsi sosial gərginliyin azaldılmaısna xidmət edən tədbir olub, iqtisadi problemlərin həllinə təsir etməyəcək.

Ekspertlər hesab edirlər ki, Qərblə qarşıdurmanın davam etməsi və dərinləşməsi Rusiyanın xarici ticarət dövriyyəsinə çox ağır təsir göstərir. Rusiya ilə iqtisadi münasibətlər 10 il əvvəlki qədər cazibadər olmadığı kimi, təhlükəyə çevrilməyə başlayıb. Bu isə iqtisadi əlaqələrin azalmasına, bəzi hallarda tamamilə qırılmasına səbəb olur. Ticarət dövriyyəsinin azalması və iqtisadi əlaqələrin qırılması sürətlə Rusiyanı geridə qalan ölkələr sırasına sürükləyir. Ekspertlərə görə, 2030-cu ilə kimi belə davam edəcəyi halda Rusiya geridə qalmış, texnoloji geriliyin və yoxsulluğun tuğyan etdiyi bir dövlətə çevriləcək.

Müxalifətin çağırışı aprelin 21-də bütün Rusiya boyu keçirilən etiraz aksiyalarına bəslənən ümidlər də özünü doğrultmadı. Müxalifət postsovet dövrünün ən kütləvi etiraz aksiyasını vəd etsə də, gözləntilər nəticə vermədi. Ekspertlər hesab edirdi ki, etiraz aksiyalarının kütləviliyi hakimiyyəti müəyyən addımlara sövq edə bilər. Cəmiyyətin biganəliyi isə hakimiyyəti ağrılı islahatlar keçirmək əzabından xilas edir.

Aprelin 21-i bir daha təsdiqlədi ki, Rusiya cəmiyyəti düşdüyü vəziyyətin nə qədər qorxulu olduğunun fərqində deyil. Və yaxud da Rusiya cəmiyyəti düşdüyü vəziyyətdən çıxış yolu axtarmaq gücündə deyil. Bu isə nüfuzlu ictimai-siyasi xadimləri həyəcan təbili çalmağa və "Biz bir millət olaraq ölürük" kimi ifadələrlə xəbərdarlıq etməyə vadar edir. Artıq vəziyyətin dəyişməyəcəyi halda 2100-cü ildə Rusiyanın rus dövləti olmaqdan çıxaraq, rusların azlıqda qalacağı bir dövlətə çevriləcəyi ilə bağlı proqnozlar mövcuddur.

 





26.04.2021    çap et  çap et