525.Az

BAHARI gözləyərkən ...


 

BAHARI gözləyərkən ...<b style="color:red"></b>

Bu bahar Almaniyaya bir az erkən gəldi deyəsən... Daha mart ayına girmədən evimizin qarşısındakı parkda ağaclar çiçək açdı. Keçən ildən qalmış sarı otların arasından birdən yaşıl otlar fışqırdı. İnsanlar paltolarını evdə buraxıb köynəklə küçəyə axışdılar. Üzlərində günəşin bir başqa rəngi ilə işıqlı - işıqlı gəzir, alış-veriş edir, parklarda oturub sərt almancayla söhbət edirdilər.

Baharın gəlməsinə bir neçə gün qalmış burada karnaval vardı.Öncə qadınlar küçələri doldurdular. Boyalı və komik geyimləri ilə küçələrdə gəzir , əllərində qayçılarla gördükləri qalstuklu kişilərin qalstuklarını kəsirdilər. Qalstuku kəsilən kişilər gülərək qadınlardan qaçırdılar. Sonra ətraf pişik, it , dovşan , hətta dəvə paltarı geymiş insanlarla doldu. Çölə çıxdığımda birdən yanımdan ərəb qiyafəti geyinmiş bir alman və yanında ipindən tutaraq apardığı dəvə paltarlı birinə təəccüblə baxır və gülümsəyirdim.Sonra ana küçələrdə karnaval karvanları keçməyə başladı. Orta əsrlər paltarı geymiş hər qrupdan insanlar aid olduqları biznesmen və ya sənət təşkilatını təmsil edərək müxtəlif şəkillərə bürünmüş nəqliyyat vasitələriylə izdihamların arasından keçərkən ağla xəyala gəlməz hədiyyələr atırdılar. Bu hədiyyələrdən ala bilmək üçün insanlar bəzən torbalarla, kimi də çətirlərlə küçəni doldurmuşdular. Çətirləri yağışdan qorunmaq üçün deyil, atılan hədiyyələr içinə dolsun deyə açaraq önə tuturdular.

 İki yaşındakı qızımla biz də getdik karnavala. Qızım önümüzdən keçən insanlara və ətrafa çaşqınlıqla baxır və nə olub bitdiyini anlamadan, o da əllərini havaya açaraq atılan hədiyyələrdən birini tutmağa çalışırdı. Hətta bir ara o uşaq gözləriylə bizdən irəlidə daha çox hədiyyə paylandığını görərək əlimdən çəkib məni də ortaya götürməyə çalışdı. Karnaval karvanı uşağa o qədər təsir etdi ki, iki gün evdə belə əllərini havaya qaldıraraq hədiyyə gözlədiyini göstərdi.

Bahar Almaniyaya erkən gəldi gəlməsinə, amma daha bahar gəlmədən mənə Azərbaycandan bir hüzn göndərildi. O da ustam  jurnalist və Türkiyənin Azərbaycandakı ən yaxşı dostlarından biri olan Tofiq Abdinin ölüm xəbəriydi. Halbuki mənə yazdığı yeni il məktubunda „2014 görək bizə nələr göstərəcək“ deyə yazmışdı. 2014 və onun baharı ona bir şey göstərmədi. Nə açılan çiçəkləri, nə də üzləri güldürən günəşi təəssüf ki, Tofiq abi görə bilmədi.

Daha çiçəklər açmadan bir hüzn daha yaşadıq. O da Xocalı hüznüydü. Fevralın 21-də Köln Universitetində, 23-də də Hollandiya Den Haaqda bu hüzn üçün həm kədərləndik, həm də ümidləndik. Çünki 22 il əvvəl şəhid edilən bu məzlumların ahı yerdə qalmamış, artıq hər fevral ayı gəldiyində dünyanın hər tərəfində insanlar orada adlarını belə bilmədikləri məzlumların haqqlarını bütün dünyada müdafiə edirdilər. Köln Universitetindəki konfransı Köln Azərbaycan Mədəniyyət Evi və Türk Tələbələr Birliyi birlikdə təşkil etmişdi. Albert Maqnus meydanındakı universitet salonunda kimlər yox idi ki ... Azərbaycandan gələn Prof.Dr. Musa Qasımlı, millət vəkili Rövşən Rzayev, Köln Azərbaycan Mədəniyyət Evi Başçısı Altay Rüstəmli, Soyqırım həqiqətlərini Tanıtma Birliyi Başçısı Ceyhun Ələkbərov , jurnalistlər Elnur Eltürk , Əli Zülfüqaroğlu, Köln Türk Tələbələr Birliyi Başçısı Levent Taşkıran və şagirdlər , müəllimlər ...

Prof. Musa Qasımlı uzun uzun Qarabağ hadisələrinin tarixi müddətindən bəhs etdi. Bir elm adamına yaraşan yetkinliklə , tərəf tutmadan həqiqi bir tarixi hadisələr zəncirini hər kəsin anlayacağı şəkildə ortaya qoydu. Xocalı faciəsinin yalnız Azərbaycanla əlaqədar olmadığını bir imperialist planın parçası olduğunu tarixi sənədlərdən nümunələr verərək izah etdi.

Millət vəkili Rövşən Rzayev Xocalı dramının bugünki əksini və Azərbaycan dövlətinin hadisələrə necə baxdığını və gələcəkdə nələr edilə biləcəyini izah etdi.

Sıra mənə gəldiyində doğrusu çox həyəcanlıydım. Kürsüdə danışarkən Xocalıda qətlə yetirilmiş insanların xəyalı gözlərimin önündə canlandı. Gözlərim doldu.Və məzlumiyyətin nə qədər təsirli olduğunu, bu fəryadların heç bir zaman unudulmayacağını düşündüm. Qısa və həyəcanlı bir çıxış etdim.

İki gün sonra ayın 23-də Hollandiyaya getdim. Den Haaqda Xocalı üçün böyük bir mitinq hazırlanmışdı.Yollar sakit və gözəldi. Hər saat başı yoldakı istirahət yerlərində dayanmaq, bir qəhvə içmək, yaxınlaşan baharın nəfəsini ciyərlərimdə hiss etmək mənə rahatlıq verirdi. Hollandiya ilə Almaniya arasında diqqətə çarpan bir sərhəd olmasa da ətrafdakı rənglərdən , binalardan , uzanıb gedən düzənliklərdən Hollandiyaya girdiyinizi dərhal anlayırsınız. Hollandiyalılar çox çalışqan insanlardır. Kiçik ölkələri sular altında qalmasın deyə hər yerə kanallar açmışlar. Su və parnikçilik mövzusunda Avropada kimsə onlarla yarışammır. Modern iş avadanlıqlarıyla təchiz edilmiş fermaları, yol boyu yamyaşıl otlaqlara dağılmış ətli rəngli inəkləri görmək mümkündür. Şəhərlərin sakitliyi, binaların ağlığı , küçələrin aralarından keçən kanallar , kanallardakı qayıqlar və küçələri dolduran cürbəcür rəngdəki insanlar bu məmləkəti gözəlləşdirdikcə gözəlləşdirir.

Den Haaq şəhərinə çatdığımda dərhal Azərbaycan Türk Mədəniyyət Dərnəyinə getdim. Mütavazi, amma insan dolu bu dərnəkdə daha girişdə dərhal böyük bir Türk bayrağı və Azərbaycan bayrağı ilə qarşılaşırsınız. İçəridə oturub söhbət edən , çay içən könül adamları yurddaşlarım - hörmətli və istiqanlı adamlar . Hər dəfə gedəndə böyük bir sevgi ilə məni qarşılayır və ətrafımı sarırlar.Sonra gecə yarılarına qədər sürən söhbətlər başlayır. Gah Azərbaycana gedirik , gah Türkiyəyə ... Tarix, türklər, yaşanan ağrılar və gələcəyə yönəlmiş ümidlər, ümidlər ... Hər kəsin könlündə barış dolu gələcək var. Bu qədər milli və insancıl duyğularla dolu bir xalqı, bir mədəniyyəti yox etmək mümkün deyil.

Bazar günü Xocalı abidəsini ziyarət etdik. Bizimlə birlikdə Hollandiyanın hər yerindən gəlmiş dərnək rəhbərləri və həssas qardaşlarımız vardı. Bərabərcə Anıt abidəyə qırmızı güllər qoyduq, şəhidlərin ruhlarına dualar oxuduq. İki yaşındaki qızım da Xocalıdaki uşaqların xatiresinə anıta bir qızılgül aparanda gülümsədim.Yaddaş davam edirdi.

 Başqan İlhan Aşkın çox gözəl bir tədbir hazırlayaraq uşaqlara ağ şarlar vermişdi. Uşaqlar Xocalıda zalımca qətlə yetirilmiş 83 uşağın xatirəsinə 83 şarı, iplərinə bağlı Xocalı şəhidlərinin hekayələri ilə birlikdə göylərə uçurdular. İlhan Aşkınla birlikdə içimizdən keçən duyğuları oraya gəlmiş insanlara izah etdik. Xüsusilə Den Haaq bələdiyyəsindən və qəzetlərindən gəlmiş hollandiyalılar orada iştirakları və Xocalı üçün nitq söyləmələri bizləri olduqca sevindirdi. Səsimizin başqalarına da çatması edilən işlərin boşa getmədiyinin işarəsi idi.

Bir gün sonra eyni düzənlikləri  seyr edə-edə Almaniyaya döndüm. Baharı gözləyərkən içimdə sevinclə hüzn yanyanaydı . İtirdiklərimiz, qürbət, hər yerdə müharibə təhlükəsi , uşaqların günahsız gözləri və ümidlərimiz insanı bir sağa, bir sola sürüyüb dururdu. Bütün bu gəl- getlərdə ən məntiqlisi möhkəm yerə basa bilmək və ümidi itirməməkdir.



 





21.03.2014    çap et  çap et