professor, fəlsəfə elmləri doktoru
Çoxlarına təəccüblü və ağlasığmaz bir ideya kimi görünsə də, mən əminəm ki, hazırkı vəziyyətdə Azərbaycan üçün tez bir zaman kəsiyində – ən azı yaza qədər zəbt olunmuş beş rayonu azad etməkdən ötrü real siyasi şərait yaranmışdır.
Rusiyanın Krımı öz torpaqları kimi ərazisinə ilhaq etməsi torpaqlarımızı geri qaytarmaq baxımından bizim hərbi cəhdlərimizə mane olmayacaq. Bir də ki, biz hər hansısa başqa ölkənin tərkibinə aid olan muxtar vilayəti yox, yüz illər boyu Azərbaycana məxsus olan, yalnız azərbaycanlıların yaşadıqları, lakin sonradan silah gücünə, hərbi yolla ələ keçirilmiş rayonlarımızdan bəhs edirik. Ermənistanla olan atəşkəs müqaviləsinin bizim rayonlarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Biz əslində Ermənistanla müharibə aparmırıq. Mən separatçı Dağlıq Qarabağ ermənilərinin əluzunluq və quzğunluq sayəsində, o dövrdə Azərbaycanda hökm sürən hərc-mərclik nəticəsində az qala atəş açılmadan, irimiqyaslı hərbi döyüşlər aparılmadan, bizim tərəfimizdən ciddi müqavimətə rast gəlmədən ələ keçirtdikləri 7 rayonun taleyindən danışıram.
Rusiya prezidenti Vladimir Putinin bugünlərdə səsləndirdiyi bir fikir bizim üçün çox vacibdir: “Atışmasız heç kim torpaq qaytarmır”. Bu cümlədə birbaşa silah nümayiş etdirməklə 5 rayonu geri qaytarıb, Dağlıq Qarabağla bu rayonlar arasında bir kilometrlik bufer zonası yaratmağa mane olacaq başqa bir məna görmürəm. Nəzərə alsaq ki, həmin rayonların ərazilərində yaşayanlar demək olar ki, yoxdur və oradakı şəhərlər darmadağın edilib, məskunlaşmaları üçün ermənilər mümkün şərait tapa bilmir, o zaman səsləndirdiyim təklif və ideyamın reallığına şübhə yeri qalmamalıdır.
Bir neçə günlük toplardan, təyyarə və vertolyotlardan atəş açılarsa, inanıram ki, ermənilər gizləndikləri postları, blindajları qoyub qaçacaq və bir daha geri qayıtmaqdan tamamilə imtina edəcəklər. Silah işlətmək o demək deyil ki, mütləq erməni əsgərlərini öldürmək lazımdır. Bu, ən güclü xəbərdarlıq növüdür və erməni əsgərləri barıtın iyini hiss edən kimi canlarını qurtarmağa yer axtaracaqlar. Bunu hamımız bilirik. “Erməni qan görsə, qorxu ona qalib gəlir” sözlərini əcdadlarımızdan qalan nəsihət kimi qəbul edirəm.
O ki qaldı Amerikanın və Avropanın mənfi reaksiyasına, bunu biz Rusiyaya qarşı münasibətdə əsassız və boş-boşuna söylənilən hədələrdə gördük. Onlar fikirləşib bir tənqid və ya təhdid variantı tapınca artıq rayonlar azad olunacaq. Rusiyanı və bütövlüklə Qərbi sakit etmək üçün bufer zonasında birillik beynəlxalq sülhməramlıları da yerləşdirmək mümkündür. Onlar da öz növbələrində indiki vaxtda enerji təhlükəsizliyini nəzərə alaraq Ermənistana və ya Qarabağ separatçılarına dəstək verməyəcəklər.
Biz əslində sonrakı danışıqları Ermənistanla deyil, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə aparıb onlara geniş muxtariyyət verməklə problemi yoluna qoya bilərik. Azərbaycanın iqtisadi, maliyyə dəstəyini hiss edən Dağlıq Qarabağ erməniləri öz talelərini, canlarını qurtarmağa üstünlük verəcəklərinə şübhəm olduqca azdır.
Əgər Ermənistan Dağlıq Qarabağı tanımaq cəhdi etsə və hətta qərar qəbul etsə belə bu, heç bir fayda verməz. Hazırkı beynəlxalq vəziyyət nə Rusiyaya, nə də Avropa ilə Amerikaya ciddi neqativ münasibət göstərməyə əsas verməyəcək.
Odur ki, son bir neçə ayda mənim kütləvi informasiya vasitələrində apardığım müqayisələr, verdiyim proqnozlar və dilə gətirdiyim perspektivlər yalnız bir istiqamətə – Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün variantlar axtarmağa yönəlmişdir. Bu yolu artıq tapdığıma və onun reallaşmasına heç bir şübhəm yoxdur. Azərbaycan xalqı bu addımı ataraq hakimiyyəti tam dəstəkləyəcək və Rusiyada keçirilən bayram şənliklərindən də izdihamlı dəstək aksiyaları keçirəcək. Həmin gün əsl ümumxalq bayramı olacaq. Kiçikdən böyüyədək hamı bu şənliyin iştirakçısı olub öz sevinc payına sahib çıxacaq.
Bütün bunları nəzərə alaraq, mən hakimiyyəti və xalqımızı bu fürsətdən istifadə etməyə çağırıram. Əminəm ki, belə şərait sonralar yaranmaya, bu isə sonda böyük itkilər verməklə nəticələnə bilər.
Artıq beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Avropa separatçılığa qarşı demək olar ki, müharibə elan edib. Avropanın özündə separatçılığa qarşı ciddi tədbirlər görülür. Bütün bunların fonunda bizim erməni separatçı vətəndaşlarımızı müdafiə edənlər az olacaq.
Bu, mənim fikrim və ən böyük arzumdur. Qarabağı qaytarmağı gələcək nəsillərə miras qoymaq bizim üçün bağışlanmaz səhv və böyük qəbahət olar. Xalqımızın və hakimiyyətin mənim bu təklifimə dəstək verəcəyinə, dediklərimi ciddi qəbul edəcəyinə tam əminəm.
Yolumuz, amalımız, arzumuz, ümidlərimiz və hədəfimiz birdir. Üstümüzdə olan böyük və ağır yükün altından çıxıb bir qədər sərbəst nəfəs almaq, xalqla hakimiyyətin birliyini daha da möhkəmləndirmək hər birimizin müqəddəs amalına çevrilə bilər. Artıq bunun zamanı gəlib çatıb. Belə xeyirxah və nəcib işə yox deyənlərin sayı demək olar ki, sıfıra bərabərdir. Onlar ümumi qələbə sevincinə mane ola bilməzlər. Qələbəyə isə mən bütün varlığımla inanıram və lazım gəlsə, torpaqları azad etməkdə birincilərdən olmağa hazıram. Xalq bu anı 24 ildir gözləyir. Onun ümidlərini dirçəltmək, ruhunu və qəlbini qələbə amalı ilə doldurmaq lazımdır. Bu, xalq üçün ən böyük hədiyyə olacaqdır.
Mən sözümü dedim. Bu barədə həmişə düşünəcək və yazacağam. Qoy xalqın qələbəyə inamı bərpa olunsun, insanlarımız süstlükdən, pessimizm mühitindən çıxsın. Xalqımız hakimiyyətə inandığı üçün ona dəstək verməyi özünə borc və şərəf sayacaq.
çap et