525.Az

Bakıda 1-ci Beynəlxalq Küçə Fotoqrafiyası Festivalı


 

Bakıda 1-ci Beynəlxalq Küçə Fotoqrafiyası Festivalı<b style="color:red"></b>

"YARAT" Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF - küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır.

AZƏRTAC xəbər verir ki, bu il festival müsabiqəsinin mövzusu "Küçələr fokusda" seçilib. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə və ya sadəcə anları bir kadrla tutmağı sevirsinizsə, o zaman küçə fotoqrafiyası festivalında iştirak edə bilərsiniz. Festival "YARAT" Müasir İncəsənət Məkanın (Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub.

Festival bir-birini tamamlayan iki elementdən, müsabiqə və təhsil proqramlarından ibarət olacaq. Festivalın təşkilatçılarının başlıca məqsədi gənc fotoqraflar nəsli üçün əlverişli şərait yaratmaqdır. Festival proqramı gənc fotoqraflara öz istedadlarını ortaya çıxarmağa, yeni təcrübə qazanmağa və fotoqrafiya sənətinin ən populyar və dinamik istiqamətlərindən birində öz bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün nəzərdə tutulub.

Hamımız üçün çətin olan bu dövrdə 1-ci Bakı Küçə Fotoqrafiyası Festivalının komandası, sadəcə fotoqrafların dəstəklənməsi deyil, həm də bir müəllif kimi öz sözlərini deməsi üçün onlara meydança yaradılmasını çox vacib hesab edir.

Qonaqlar Azərbaycan, Rusiya, Gürcüstan, İtaliya və ABŞ-dan olan peşəkar fotoqraflar olacaq. Onlar "Zoom" konfransları və "Instagram" efirləri formatında sizinlə ünsiyyət qurmağa, öz bacarıqlarını, təcrübələrini və emosiyalarını bölüşməyə hazır olacaqlar. Qəhrəmanlarımız həyatlarında baş verən səyahətlər, planlar, inanılmaz və gülməli vəziyyətlərdən bəhs edəcəklər.

Proqram çərçivəsində, istedadlı fotoqrafların ortaya çıxmasına və bizə bir az daha yaxın olmalarına kömək etməyə çalışacağıq. Bütün efirlər axşam saatlarında hamının izləməsi üçün əlverişli olan vaxtda və ya həftə sonlarında keçiriləcək. Festival çərçivəsində onlayn və oflayn sərgilər, kitab təqdimatları, diskussiyalar və portfoliolarra baxışlar keçiriləcək.

Festivalın "Küçələr fokusda" adlı müsabiqə hissəsində iştirak etmək üçün yaşadığı ölkədən asılı olmayaraq, 14 yaşdan yuxarı fotoqraflar dəvət olunur.

Dəvət olunmuş münsiflər heyəti müsabiqə çərçivəsində daxil olan bütün ərizələri nəzərdən keçirəcək və qalibləri 4 nominasiyada mükafatlandıracaq ("Bir kadr", "Silsilə", "Mobil telefon fotosu" və "Analoq fotoqrafiyası").

Müsabiqə "Canon" və "DiVi" şirkətlərinin dəstəyi ilə təşkil olunur.

Münsiflər heyətinin və mühazirəçilərin tərkibinə tanınmış azərbaycanlı və xarici fotoqraflar - Sənan Ələsgərov, Andrey Qlazkov, Fəxriyyə Məmmədova, Vüqar Əmrullayev, Adil Yusifov, Elmar Mustafayev, Mark Rafaelov, Xalid Zeynalov, Natavan Vahabova, Orxan Aslanov, Rauf Əsgərov, Valeh Məhərrəmov, Elşən İbrahimov daxil olacaq.

Müsabiqədə iştirak etmək üçün sadəcə www.bakustreetphoto.az  səhifəsinə daxil olaraq şəkilləri kompüterinizdən yükləmək və ya fotolarınızı [email protected] e-poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbul tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak haqqında təsdiq alınacaq.

İştirak etmək üçün fotoşəkilləri #streetinfocuscontest #bakustreetphoto2021 həştaqları ilə müsabiqənin "Instagram" səhifəsinə də yükləmək olar.

Ərizələrin təqdim edilməsi üçün son tarix bu ilin iyulun 25-dir. Müsabiqədə iştirak ödənişsizdir.

 





27.04.2021    çap et  çap et