525.Az

Gəncənin qaz təminatında fasilələrin yaranması nə ilə bağlıdır?


 

REGİONAL QAZ İSTİSMAR İDARƏSİNİN NÜMAYƏNDƏSİ TEZ-TEZ APARILAN PROFİLAKTİKA İŞLƏRİNİN HANSI ZƏRURƏTDƏN İRƏLİ GƏLDİYİNDƏN DANIŞIB

Gəncənin qaz təminatında fasilələrin yaranması nə ilə bağlıdır? <b style="color:red"></b>

Respublikanın ikinci böyük şəhəri olan Gəncədə təxminən bir aydan, ayyarımdan bir  qaz xətlərinin yoxlanılması səbəb gətirilərək, abonentlərə mavi yanacaq verilməsinin mütəmadi dayandırılmasından və bu halın sakinlərdə haqlı narazılıq doğurmasından ötən yazılarımızdan birindən bəhs etmişdik.

Məsələyə aydınlıq gətirən Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Bayramov bizimlə söhbət zamanı bildirdi ki, qaz təchizatında profilaktik-nəzarət səbəbilə yaranan mütəmadi fasilələrin böyük bir qismi şəhərdə son dövrlər aparılan su və kanalizasiya xətlərinin yenilənməsi işləri ilə əlaqədardır. Yeni su-kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı həyata keçirilən layihənin icrası zamanı şəhərin əksər küçələrində intensiv qazıntı işləri aparılıb ki, bu da həmin ərazilərdən keçən yeraltı qaz xətlərinin təhlükəsizliyinin təmin olunması məsələsinə xüsusi diqqət tələb edib: "Bəzən texnika işləyən zaman yeraltı xətlərin kəsişmə nöqtələrində, həmçinin, borularda əzilmə, zədələnmə, qırılma halları ortaya çıxırdı. Bütün potensial təhlükə hallarının önlənməsi, eləcə də baş vermiş zədələrin fəsadlarının aradan qaldırılması üçün xətlər, təbii ki, boş olmalıdır. Tez-tez profilaktik məzsədlə qaz nəqlinin kəsilməsi də məhz bu amillə bağlı olub. Fikir verirsinizsə, su-kanalizasiya layihəsi üzrə işlər bitdikdən sonra, artıq 4 aydır ki,   şəhərdə qaz verilişində fasilə olmadı. Yəni demək istəyirəm ki, qaz verilişinin necə deyərlər, qrafikdənkənar dayandırılmaları sırf qaz idarəsinin deyil, başqa təşkilatın şəhərdə apardığı işlərdən yaranan zərurət ilə bağlı olub. Həmin bu 4 aydan sonra, sonuncu dəfə, aprelin 20-də şəhərin Gəncəcayın sol sahili ərazisində qazın verilişinin  8 saat dayandırılması isə sırf bizim qurumun qrafiki üzrə zəruri texniki məsələlər ilə bağlı olub".

A.Bayramov şəhərin qaz təsərrüfatının miqyasına və iş həcminin də böyüklüyünə uyğun olaraq müvafiq profilaktika və təmir işlərinin nəzarətdə saxlanılmasının zəruriliyini də vurğulayıb: "Yeni çəkilmiş qaz xətlərinin şəbəkəyə qoşulması, istismar müddəti başa çatmış xətlərin, yaxud avadanlıqların dəyişdirilməsi, qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və digər kimi işlərin icra olunması üçün qazın xətlərə verilişi hansısa ərazilərdə dayandırılmalıdır". Bu işlərin hansı zaman tezliyi ilə aparılması məsələsinə gəlincə, həmsöhbətimiz bu məsələlərin müəyyən cari proqramlarla tənzimləndiyini bildirib: "Məsələn, biz qarşıdakı isti aylarda,  orta təzyiqli qaz xətlərinin kipliyə yoxlanılmasını həyata keçirəcəyik. Bu, may ayından sentyabradək olan dövrdə, ildə bir dəfə nəzərdə tutulur. Bu zaman həmin xətlərə 2-3 atmosfer təzyiqlə hava vurulur və havanın təzyiqinin sabit qalıb-qalmaması ilə sızma olub-olmaması müəyyənləşdirilir. Amma bu orta təzyiqli xətlər birbaşa abonentlərə nəql xətləri deyil".

Yeri gəlmişkən, vətəndaşları  profilaktika günləri üzləşdikləri bir problem daima narahat edir: onlar bildirirlər ki,  çox vaxt həmin o profilaktika günləri, axşam saatlarında qazın verilməsi  bərpa edildikdən sonra, bir müddət, hardasa, 5-10 dəqiqə ərzində mənzillərin qaz cihazlarından yüksək təzyiqlə mavi yanacaq deyil, adicə hava gəlir. Bu zaman abonentlər hava axınının mavi yanacaqla əvəzlənməsi prosesini nəzarətdə saxlamaq məcburiyyətində qalırlar. Bu məsələyə də aydınlıq gətirən A.Bayramov deyib ki, müəyyən ərazidə təmir işləri aparılarkən qaz kəsilir və bu zaman təbii ki, xəttə hava dolur: "Təmirdən sonra, xəttə qaz veriləndə, abonentlərin cihazlarına düşməməsi üçün havanı sahələrdəki qaztənzimləyici şkaflardan açıb xətdən çıxarmaq lazımdır. Bu iş qış aylarında bir qədər uzun sürdüyündən, qazın abonentlərə verilməsinin tez həyata keçirilməsi istəyindən, etiraf edirik ki, bu iş bəzi hallarda tam mənasında icra edilməyib. Amma artıq bu işə diqqət artırılıb, fikir verdinizsə, son dəfə, bir neçə gün bundan əvvəlki profilaktikadan  sonra evlərdəki qaz cihazlarından heç bir, lap  kiçicik həcmdə də olsa belə, hava axını müşahidə edilmədi".

A.Bayramov söhbət zamanı son illər Gəncənin qaz təsərrüfatı sahəsinin nümunəvi işi ilə seçildiyini qeyd edərək, erməni terrorçularının məlum raket-mərmi hücumları dövründə bu qurumda çalışan işçilərin fədakar əməyi və gecə-gündüz yorulmadan iş başında ayıq-sayıqlıq nümayiş etdirmələri sayəsində şəhərdə qaz təminatının tam miqyasda icra olunduğunu vurğulayıb.

Zakir MURADOV
Gəncə

 

 





27.04.2021    çap et  çap et