525.Az

Beləcə yaşadım... - İsmayıl Mərcanlı-İmanzadənin şeirləri


 

Beləcə yaşadım... - <b style="color:red">İsmayıl Mərcanlı-İmanzadənin şeirləri </b>

QƏLƏMİM

Ustad Aşıq Dirili Qurbaniyə

Nə uçuq daxmam var, nə zülmət kaham,
Bir ürək dolusu nisgiləm-aham.
Sənət gülşənində şah oğlu şaham -
Taxtımdı-tacımdı qələmim, Dədə.

Hər şirin avazda, səsdə-ündəyəm,
Bir yurdsuz dərvişəm, yaman gündəyəm.
Təhnəyəm, ərsinəm, teştəm, kündəyəm,
Təndirim-sacımdı qələmim, Dədə.

Demirəm, bəxtimin zülmət küncüdü,
Sinəm "söz tarlası", o, əkinçidi.
Bağrıma basdığım ləldi-incidi,
Ağrımdı-acımdı qələmim, Dədə.

Hər misram nur saçan yamyaşıl talam,
Enişli-yoxuşlu cığıram-yolam.
Qoymayıb heç zaman ac-susuz qalam,
Çörək ağacımdı qələmim, Dədə.

16.05.2019

NƏ VAR Kİ...

Unutdunsa yaxşılığın dadını,
Bir əsim meh közərdərmi odunu?
Hər yetənin qaralayıb adını,
Yerli-yersiz öyünməyə nə var ki?!

Qeybə çıxdı abır-həya "yaşmağın",
Kimə gərək kükrəməyin, daşmağın?
Yadda saxla, özgəsinin başmağın
Oğurlayıb geyinməyə nə var ki?!

Nə payızın üzə çıxdı, nə yazın,
Söz mülkünü isitmədi murazın.
Uzaqlardan gəlir indi avazın,
Yad ellərdə deyinməyə nə var ki?!

28.06.2018

GÖRƏN NƏ AXTARIRIQ...

Kimsə saxlaya bilməz
Ötüb keçən anları.
Göylər əfv etmir yerin
Ritmini pozanları.
Bəxtin "xətti-imzası"
"Alın yazısı"ndadır.
"Niyə-nədən" sorğusu,
Əzəldə yox, sondadır...

Hər obanın, hər elin
Yaxşısı-pisi vardır.
Hamının ya tez, ya gec -
Ölüm "növbəsi" vardır.

Naləsi ərşə qalxır
Sönən gur ocaqların.
Sirrini kim bilir ki,
"Olub-olacaqlar"ın?..

Xislətindən halıyıq
Divin də, iblisin də.
Hələ çabalayırıq
Ümid közərtisində...

07.04.2020
 
SÖZ   

Hər misra da kiminsə
Xəttidir, ünvanıdır.
Həm eni, həm uzunu,
Həm də qol-qanadıdır.

Çoxları yaxşı bilir,
Söz var ki, çox acıdır.
Nə qəlbin közərtisi,
Nə də könül tacıdır.

Bircə kəlmə xoş sözün
İtmir heç vədə dadı.
Göz qamaşdıran yalan,
Nə ismət, nə həyadı...

Kim deyib, yaxşı deyib -
Dilin yoxdur törpüsü.
Hünərin var adla-keç
Sözdür fikrin körpüsü.

Ürək əsib-titrəyər
Varlığını dansa söz.
Sabaha nə qalar ki,
Tapdanıb talansa söz?

24.04.2020

BELƏCƏ YAŞADIM...

Gəzdim kəlmə-kəlmə səsdə-soraqda,
Hər sözün şəklini çəkdim varaqda.
Çəkilib durmadım heç vaxt qıraqda,
Təkcə öz yükümü daşımadım ha!

Ömür nə əzəlmiş, nə də ki axır,
Adamı ya səhvi, ya suçu yıxır.
Bildim ki, qaşınan yerdən qan çıxır,
Heç kimin üzünü qaşımadım ha!

Öz ağlım, öz əlim, öz başım oldu,
Halallıq ən yaxın sirdaşım oldu.
Hərdən əyrilərlə savaşım oldu -
Düzləri büdrədib aşırmadım ha!

Dosta qucaq açdım, yad oldum yada,
Uymadım yalançı şöhrətə-ada.
Allah şahiddir ki, gəlib dünyada -
Heç zaman özümçün yaşamadım ha!

30.01.2021

 





27.04.2021    çap et  çap et