525.Az

Sevib-sevilən qadın...- "Məşhurların xanımları"


 

Sevib-sevilən qadın...- <b style="color:red">"Məşhurların xanımları"</b>

 

Mən ona həyat yoldaşı kimi baxmıram

 

 

 

 

 

Sən demə yaşından, statusundan asılı olmayaraq, xoşbəxt qadının gözlərində gülüş, sözündə, söhbətində istilik, təbəssümündə həyat eşqi yaşarmış. Sən demə bir insan hər sahədə elmlərin hakimi, qadın qəlbini ovsunlayan ər ola bilərmiş. Söhbət üçün yolumuzu Texnika filologiya  elmlər doktoru, professor Elçin İsgəndərzadənin hərarət dolu ocağından saldıq. Elçin müəllimin həyat yoldaşı Afət xanımın nəql etdiyi həyat hekayəsini oxucularımızın ixtiyarına buraxırıq.

 

 

 

Qarabağlı günlər

  

Əslən Laçın rayonundan olsaq da, Ağdamda doğulub, böyümüşəm. Anam tibb işçisi, atam rabitəçi idi. Orta məktəbdə istedad bacarıqlarıma görə hər zaman öndə olmuşam. Qızıl medal almasam da, məktəbi əla qiymətlərlə bitirdim. Gəncə şəhərində Texnologiya Universiteti təzə açılmışdı. Zamanın tələbinə uyğun olaraq orada təhsil almağa qərar verdim. Atam çox mühafizəkar olduğundan, əyani təhsil almağıma icazə vermədi. Qida mühəndisi ixtisasında qiyabi bölmədə oxudum. Evimizə yaxın bir müəssisədə işə düzəldim. İş bacarığım tez gözə çarpdığından günü-gündən vəzifəm artırdı. Bəzən oturub həyat yoldaşımla keçmiş günlərdən danışırıq, zarafatla ona deyirəm ki, vaxtında icazə versəydin indi mən ən azı deputat olmuşdum (gülür). Xasiyyətcə olduqca ciddi insanam. Bəlkə buna görə idi ki, gəncliyimdə ailə həyatımla bağlı olan gələcək planlarım da ciddi idi. Həmişə deyirdim, atam kimi məsləhət bilsə onunla da ailə quracam. Çünki atamın, könlümcə olan insanı seçəcəyinə əmin idim.    

 

 

Təsadüfmü, talemi?

 

 

Qonşu kənddə yaşayan çox sevdiyim xalam var idi. Bizə gəlib-getdikcə elə hey qiyabi olaraq tanıdığımız Elçindən danışırdı. Bilirdik ki, o bu söhbətləri məqsədli şəkildə, bilərəkdən etmir. Sadəcə qızıl medal alan, əla qiymətlərlə universitetə daxil olan, oranı qırmızı diplomla bitirən bu istedadlı, savadlı gəncin onun qonşusu olmağı xalamda fəxr hissi doğururdu. o bu hissi hər gələndə bizimlə bölüşürdü. 

 

Günlərin bir günü xəbər gəldi ki, heç vaxt üzünü görüb, səsini eşitmədiyim Elçin mənə namizəd çıxıb. Bəlkə bunun səbəbkarı xalam idi. Mən əvvəlcədən demişdim, atam kimlə desə, onunla da ailə quracaqdım. Amma rəhmətlik qərara gəldi ki, evlənən gənc qız olaraq mən Elçini tanımalıyam. Elçinin sınağı çətin olacaqdı: ilk olaraq atamın hörmətini qazanmalıydı, sonra mənim. Elçinlə görüşdən sonra atamın təəssüratları olduqca müsbət idi. Bizə dedi ki, bu yaşda aspirant olan gəncin dünyagörüşü, savadı, tərbiyəsi məni heyran etdi. Peşman olmazsan. Mən məsləhət bilirəm. Yenə özün tanı, qərar ver. Qismət oldu Elçinlə görüşdük. Beləliklə avqust ayında tanış olduq, sentyabrda nişanımız baş tutdu, nişandan dərhal sonra nigahımız bağlandı, noyabr ayında isə toyumuz oldu.

 

Getmə gözümdən, gedərəm özümdən

 

 

Nişanla toy arasında Elçinlə mən iki ya üç dəfə görüşdük. Hiss edirdim ki, ruhuma yaxın, düşüncə tərzimə uyğun insandır. O mənə xoş insan təsiri bağışlayırdı. Toyumuzdan bir həftə sonra mən çox dəyişmişdim. Həyat gözlərimdə canlanmışdı. Bilmirəm ona qarşı olan hisslərim sevgiydi ya yox, amma zənnimcə sevgidən daha artıq idi... 

 

   İlk övladımızAyşənimiz dünyaya gəldi. Mənə ağır olmasın deyə, Elçinin anası bir müddət körpəmlə   məni Ağdamdakı evlərində saxladı. Həyat yoldaşımsa Gəncədə işləyir, yalnız həftə sonları yanımıza gəlməyə imkan tapırdı. Orada evimiz olmasına baxmayaraq Elçin həya edib  qulluğa ehtiyacı olduğunu ata-anasına deyə bilmirdi.

 

 İki qızımız, onlardan 14 il sonra dünyaya gələn oğlumuz var. Ayşənimiz atasının davamçısıdırLondonda təhsil alıb, doktorantdır. Aydanımız İstanbulda yaşayır. Tibb uzmanlığı təhsilini orada alır. Həyat yoldaşı da uzman həkimdir. Oğlumuz Əli Allahın bizə ən gözəl hədiyyəsidir.

 

 İşıqlı yol

 

 

Çox çətin vaxtda ailə qurmuşduq. 1988-ci il idi. Qarabag hadisələri tüğyan edirdi.     Mənfur düşmənlərimiz şərəfsiz quldurluqla məşğul olur, sonra özlərini dünya ictimaiyyətinə məzlum xalq kimi təqdim edirdilər.  Bizsə əli-qolu bağlı vəziyyətdə, Gəncədə, paytaxtdan uzaq, hadisələrdən kənar özümüzü lap çarəsiz hiss edirdik. Vətənin bu dar günündə, çiyin-çiyinə verib bir qurum yaratmağa qərar verdik. Elə bir qurum ki, dövlətimizin xarici əlaqəsini genişləndirsin, Xocalı faciəsini, Qarabağ problemini dünyaya çatdırmağa kömək etsin. Arzumuzu həyata keçirmək paytaxtda daha münasib idi. Bakıda  ev kirayələdik.  Təsadüfən mənim ad günümdə təməlini qoyduğumuz təşkilat dövlət qeydiyyatından keçdi. Şanslı idik. “VektorBeynəlxalq Elm Mərkəzini yaratdıq. İşlərimiz uğurlu alındı.  İlk beynəlxalq elmi-mədəni əlaqələrimizi qardaş Türkiyədən başladıq. Türk aydınları, dövlət adamları, həqiqi türksevərlər bizə əvəzedilməz dəstək oldular.Azərbaycan gerçəklərinin təbliğatı  yolunda xeyli addımlar atdıq. Bu kiçik uğurlar bizə güc verirdi. Bu gücün hesabına, zamanla fəaliyyətimizi genişləndirdik. Türk qardaşlarımız Avropaya çıxmamıza yardımçı oldular. Otuzadək ölkə ilə əməkdaşlıq yaradıb, yüksək tribunalardan Azərbaycan həqiqətlərini elmi ədəbi ictimaiyyətə çatdıra bildik.  İndi özümüzü o çətin günlərdəki kimi çarəsiz hiss etmirik. Dəryada bir damla belə olsa payımız olduğunu hiss etmək gözəldir. Gələcəkdə Azərbaycan haqqında yeni kitab hazırlamağı planlaşdırırıq. Elə bir kitab ki, Azərbaycanın bütün bölgələrinin tarixi abidələrini, adət-ənənələrini, insanlarını xaricilərə tanıda bilsin. Artıq həyatda yeni addımlar atmağa hazırlaşanda çalışırıq ki, mənim ad günümə düşsün, – “VEKTORkimi uğurlu olsun (gülür).

 

 

Yuxu zəlili

 

 

Elçinin xoşagəlməyən tək cəhəti səbirsiz olmağıdır. O zaman hadisələrin çaxnaşmasında yaşayır. Necə deyərlər əlində beş-on qarpızı birdən tutmağa çalışır. Hərəkətini , danışdığını da tələsik edir. İllərdir evliyik,  heç olmasa bir gecə saat üçdən tez yatdığını görməmişəm. Özünün sözü ilə desək Elçin yuxu zəlilidir. Həmişə deyir ki, bu günün işini sabaha qoyacaq qədər vaxtım yoxdur. İşdə olan bu yorğunluq onu həm fiziki, həm zehni cəhətdən çox yorur. Tək rahatlaşdığı yer evi, ailəsi olduğuna görə, bu səbirsizliyini bilənlər elə biz özümüzük. O həm ictimai, həm ailə həyatında tam zövqümə uyğun insandır. Ona görə geriyə baxanda yalnız gözəllik görürəm.      mümkündürsə ona nail olub. Onun mənfisi səbirsizlik, mənimki qısqanclıqdır. Çox şükür ki, Elçin bu səhvimi bağışlamağı bacarır (gülür).

 

 

Barak Obamanın rəqibi

 

 

O mənim istəklərimi əvvəlcədən hiss edib, mənim ona qarşı tələblərim olmayıb. Elçinə güvənim sonsuzdur. Ondan umuram, buna görə ən kiçik şeydə inciyirəm. Mənə o qədər doğmalaşıb ki, bəzən məni incidəndə, elə bilirəm anamın xəyanətiylə üzləşmişəm. Çünki o bizimlə dostdur.  Elçin mənə qardaşdır, atadır. Elçinə həyat yoldaşı kimi baxmıram.   O mənim doğmam, əzizimdir...  Elçinin etdiyi səhvlər o qədər yüngüldür ki, bunu kiçik uşaqlar da edə bilər. Amma düzlərini təkrarlamağa, ondan başqa heç kimin gücü çatmaz. Gənc vaxtlarımızda mənə nağıl kimi görünən: “Səni xarici ölkələrə aparacam, xəyalımızdakı evi tikəcəm .s”- buna bənzər bir çox arzularından danışardı. Mən əvvəllər onun bu danışıqlarını reallıq olaraq qəbul etmirdim. Bir müddət keçdi. Gördüm bu insan əvvəlcə deyir, sonra dediklərini həyata keçirir. İndi ona olan güvənim o qədər sonsuz möhkəmdir ki, günü bu gün desə, Barak Obamanın yerinə keçəcəm, heç   şübhə etmərəm (gülür).

 

 

Qadının arzusu

 

 

O sıxıntıları tək çəkib, sevincləri bizimlə yaşayıb. Mən uşaqlarım sadəcə olaraq Elçinlə fəxr edirik. Bizi özünə lazım olandan da çox yaxına buraxır, biz onu özümüz hesab edirik. Bacardığı qədər qohum-əqrəbaya əl tutmağa çalışır. Ucalmağa can atan insandır. Olduqca humanistdir. Onun insanpərəstliyi bəzən məni dəhşətə gətirir. Ürəyi o qədər gözəldir ki, pisliyini arzu edən insanların uğuruna sevinməyi bacarır. Elçin çox real yaşayır. Çoxları kimi şair obrazı yaratmağa çalışmır, şeir yazmaq təbi gəlir, oturub yazır.   Çox konkret insandır. Onun şairliyini şeir yazmağından, bir gözəllərə vurğunluğundan anlamaq olar (gülür). Bu insan heç nəyin mübtəlası deyil. Həyatı dolu-dolu yaşayır. Özü daddığı gözəllikləri ailəsinə yaşatmağa can atır.  Ailə yükünü təkbaşına daşıyıb. Belə bir misal var: vur deyənlə, vuran eyni olur. Hər zaman onun yanında olduğumu hiss etdirməyə çalışmışam. İstəmişəm onunla birlikdəliyimə, mənim ona inandığım qədər əmin olsun. Elçin ailəsinə zərər verə biləcək hər şeyi qurban etməyə hazırdır. Şairliyini , elmi dərəcələrini bizə görə yerlə-yeksan edər. Gözəl ata, gözəl həyat yoldaşıdır. Bu günə qədər tək bir dəfə olsun məni peşman etməyib. Bir qadın bundan başqa həyatdan daha istəyər ki?                                              

 

Məhəbbət HACIYEVA
 Firəngiz AĞALAR

 

İdeya müəllifi: Tofiq Abdin

 

 





22.03.2014    çap et  çap et