525.Az

Komandir - Reportaj


 

28 İLDƏN SONRA HƏM AĞDAMI, HƏM DƏ MİLLİ QƏHRƏMAN ALLAHVERDİ BAĞIROVUN MƏZARINI ZİYARƏT ELƏDİM

Komandir - <b style="color:red">Reportaj</b>

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 1992-ci il fevral ayının 26-da Xocalı faciəsinin baş verdiyi gündən sonra hökumətin, hüquq-mühafizə orqanlarının bacara bilmədiyi işi adi vətəndaş təəssübkeşliyi ilə, ləyaqətlə yerinə yetirib, öz həyatı bahasına torpaq uğrunda döyüşüb, erməni əsirliyində qalan xocalıların azad edilməsi üçün sözə sığmayan bir qəhrəmanlıq göstərdi. 

Uca Allah Allahverdini bir xilaskar kimi o qanlı-qadalı günlərdə amansız düşmənin əsarətində qalan xocalıları ölümün və ermənilərin pəncəsindən xilas etməyə göndərmişdi və Allahverdi bu çətin yolu kipriklərini qırpmadan yürüdü, erməni tanışını ratsiya ilə təmas xəttinə çağıraraq ondan əsir və girovların qaytarılmasına köməklik göstərməsini istədi. Əskəranlı Vitali Balasanyan belə bir fürsəti əldən buraxmadı, o da Allahverdidən erməni əsirlərin geri qaytarılmasını xahiş etdi. Əskəran tərəfdə,19-cu postun yaxınlığında danışıqlar başlandı, həm çox gərgin, həm də çox təhlükəli.

Hər iki tərəfdən komandirləri müşayiət edən döyüşçülərin əlləri avtomatın tətiyində idi. Adi bir kinayəli söz qırğına səbəb ola bilərdi. Allahverdi təmkinini pozmur, gərgin danışıqlar nəticəsində əsir düşmüş onlarla Xocalı sakininin - qadının, uşağın, qocanın, yaralının azad edilməsinə nail olurdu.

Bir neçə dəfə Komandirin icazəsi ilə əsirlərin dəyişdirilməsində iştirak etmişdim. Bu səhnə həm həyəcanlı, həm qorxulu və həm də dəhşətli idi. Əsirlikdən azad edilən xocalılıların gözlərinin içinə baxmaq mümkün deyildi. Erməni faşistləri onları elə bir vəziyyətə salmışdılar ki, onu sözlə ifadə etmək mümkün deyil. Bir dəfə Allahverdi özünü saxlaya bilməyib ermənilərə acıqlı şəkildə dedi ki, bu günahsız insanları niyə bu kökə salmısınız? Təbii ki, ermənilər min bəhanə söylədilər.

Hər dəfə əsir və girovların dəyişdirilməsində Allahverdi Bağırov nə qədər yorğun, əsəbi olsa da, təmkinlə davranır, qeyd dəftərindəki adamların adlarını bir-bir erməni tərəfə bildirir, onların qaytarılması üçün dəmir iradə nümayiş etdirirdi.

... Xocalı faciəsinin ilk günləri idi. Naxçıvanik kəndi ətrafında ermənilər yüzlərlə xocalılını qətlə yetirmişdilər. Komandir özü  qabaqda döyüşərək meyitləri toplayıb Ağdam məscidinə gətirirdi. 150 nəfərə yaxın xocalılını Qarqar çayının hövzəsində mühasirəyə alan erməni silahlı dəstələrinə qarşı şiddətli döyüş apararaq onları ölümün və əsirliyin caynağından xilas etdi. Öz döyüşçüləri ilə yüzlərlə yaralını, qadını, uşağı bir neçə günlük axtarışdan sonra dağlardan, meşələrdən tapdı.

Qızları Allahverdi Bağırovun məzarını ziyarət etdi - VİDEO 

Xocavənd rayonunun Qaradağlı kəndindən ermənilər tərəfindən girov götürülmüş 10 nəfər qadının, 1991-ci ilin dekabrında Kərkicahan döyüşlərində ermənilərin əsir götürdüyü Mehman Hüseynovun, Pənah Məhərrəmovun 63 gündən sonra azad edilməsi üçün Allahverdi çox əziyyətlər çəkdi. Yuxusuz gecələr keçirdi, oğlundan, qızından, ərindən, atasından xəbər tutmaq üçün yanına gələn xocalılıların dərdinə şərik olub, onlara ümid verib, daha çox adam xilas etmək üçün gecə-gündüz çalışdı. Nəticədə Allahverdi Bağırov 1003 nəfər xocalılını erməni əsirliyindən xilas etdi.

Xocalı faciəsindən sonra Komandirin saçı-saqqalı ağarmışdı, elə bil qaməti də əyilmişdi. Hər dəfə söhbət edəndə deyirdi ki, Xocalı soyqırımı xalqımıza, onun tarixinə ləkədir. Ata-babalarımız heç vaxt ləkəli ad gəzdirməyiblər.

Xocalı faciəsindən sonra Komandir sarsılmışdı. Bütün varlığını sanki təlatüm bürümüşdü. Deyirdi ki, başları kəsilmiş, süngüyə keçirilmiş körpələrin, parça-parça edilmiş qadınların, qocaların əzalarını toplamaq bizi köklü ağac kimi yerimizdən qoparırdı, bu dəhşət bizi sarsıdırdı.

... 1992-ci ilin axırları idi. Xocalı faciəsindən xeyli vaxt keçmişdi. Özünün direktoru olduğu "Ağdam" restoranının çayxanasında çay içirdik. Söhbət hərlənib yenidən Xocalı faciəsindən düşdü. Özünə xas təmkinlə, yavaşca dedi ki, Xocalı qırğını ilə əlaqədar məndə bir çox sənədlər, şahid ifadələri var. Vaxtı çatanda onları lazımi yerlərə təqdim edəcəyəm...

Allahverdi həmişə Ağdamın təəssübünü çəkir, sözünü, danışığını bilməyənlərin dərsini verir, haqlının yanında dayanır, köməksizin hayına çatırdı, böyük xətir-hörmət sahibi idi. Zahirən sərt görünsə də, ipək kimi yumşaq ürəyi vardı, xeyirxah insan idi, dara düşəndən köməyini əsirgəməzdi.

Allahverdi ağayana insan idi. Yurd, el-oba, torpaq uğrunda elədiklərini heç vaxt dilinə gətirməzdi. Cəsarəti, təmkini, qoçaqlığı, mübarizliyi, qayğıkeşliyi və vətənpərvərliyi Allahverdi Bağırovun xarakterini bütövləşdirirdi, elə bil, Tanrı onu çətin günlər üçün yaratmışdı.

Allahverdi Bağırov 1946-cı ildə Ağdam şəhərində anadan olub. 25 il idman həyatı yaşayıb, Ağdam futbolunun yaradıcılarından biri olub. Qardaşı, mərhum deputat Eldar Bağırov adına batalyonun komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda şərəflə döyüşüb.

Allahverdi üç övlad atası idi. Yaxşı qardaş, qayğıkeş ata idi. 1991-ci ildən başlayaraq dəfələrlə Allahverdi Bağırova onun haqqında yazı yazmaq istədiyimi bildirsəm də, Komandir icazə vermirdi. Həmin vaxt "Qarabağ" qəzetində çalışırdım. Nəhayət, bir gün ondan icazə ala bildim və qəzetdə onun haqqında geniş məqaləm dərc olundu. Yazı xoşuna gəlmişdi.

Allahverdi torpaqlarımızın taleyi ilə bağlı çox narahat idi, çox qayğılıydı, həmişə deyirdi ki, əli silah tutan hamı silah götürməlidir. Bundan ağır günümüz olmayacaq.

1992-ci ilin iyun ayının 12-də Naxçıvanik kəndindən  geri qayıdarkən Allahverdi Bağırovun komandir maşını minaya düşdü. Sürücüsü və Nizami həkimlə birlikdə həlak oldular. Ağdamda dəfn edildi. Dəfndə minlərlə insan iştirak edirdi. Yaşasaydı, bu günlərdə 75 yaşı tamam olacaqdı. Torpaqlardan nigaran həlak olan Komandir, ruhun şad olsun!

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan bu qələbəmiz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik şücaəti və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində qazanılıb. Torpaqlarımıza qayıtmağa hazırlaşırıq. Bu günlərdə mən, jurnalist həmkarlarım Çingiz İsmayılov, Asif Mərzili, Elşən Əliyev, Nicat Novruzoğlu və başqaları Ağdama getdik, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdik.

Ruhun qarşısında baş əyirik, Komandir! Bu gün Ağdama gələnləri birinci sən qarşılayırsan, məzarın ziyarətgaha çevrilib. Adın qəlbimizdə və tariximizin səhifələrində əbədi yaşayır, şərəfini qoruduğun Ağdam azad edilib.

Ruhun şad olsun!

 





27.04.2021    çap et  çap et