525.Az

Təhsilin beynəlxalq qiymətləndirilməsi yolunda daha bir mühüm addım


 

Təhsilin beynəlxalq qiymətləndirilməsi yolunda daha bir mühüm addım<b style="color:red"></b>

8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı ilə bağlı qiymətləndirməsinin aparıldığı Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqat  (ICILS) bu sahədə ən mühüm layihələrdəndir.

İlk dəfə 2013-cü ildə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılıb. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı ikinci dəfə 2018-ci ildə baş tutub. 2023-cü ildə isə tədqiqatın növbəti dəfə həyata keçiriləcəyi planlaşdırılıb və  ölkəmizin də həmin tədqiqatda iştirak etməsi nəzərdə tutulub. 

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Toğrul İbrahimovun sözlərinə görə, ICILS 2 meyar əsasında informasiya və kommunikasiya texnologiyaları bacarıqlarını qiymətləndirir. İlk meyar kompüter və informasiya savadlılığıdır (computer and information literacy (CİL). Bu meyar əsasında kompüterin xüsusiyyətlərinin istifadəsi, məlumatların toplanması, toplanılan məlumatlar əsasında rəqəmsal məhsulun istehsal edilməsi və rəqəmsal kommunikasiya bacarıqları qiymətləndirilir. Kompüter və informasiya savadlılığı  meyarı evdə, məktəbdə, iş yerində və digər sahələrdə araşdırma aparmaq, istehsal etmək və kommunikasiya qurmaq məqsədi ilə kompüterdən fərdi istifadə bacarıqlarını qiymətləndirmək üçün müəyyən edilib. İkinci meyar isə şagirdlərin hesablama düşüncəsinin (computational thinking (CT) ölçülməsinə, yəni problemlərin konseptuallaşdırılmasına və həlli əməliyyatlarının icrasına yönəlib.

Aparıcı məsləhətçisi deyir ki, ilk dəfə 2018-ci ilin ICILS tədqiqatında ölçülən hesablama düşüncəsi (CT),  kompüterlə real dünyadakı problemlərin fərqli cəhətlərini ayırd etmək, hesablama formullarını təkmilləşdirmək və alqoritmik həlləri inkişaf etdirmək bacarıqlarının qiymətləndirilməsi üçün müəyyənləşdirilib. Tapşırıq sadə alqoritmik qaydalara əməl edərək alqoritmlərin tətbiqə adaptasiya olunmasını və  vizuallaşdırılmasını tələb edir: "Hesablama düşüncə meyarı proqramlaşdırma ilə məşğul olarkən və ya rəqəmsal cihaz üçün tətbiq hazırlayarkən istifadə olunan yanaşmaya uyğun dizayn edilib. Bu meyarın üstünlükləri qeyd olunanlardan daha çoxdur. Hesablama düşüncəsinin təməlində dayanan düşünmə strategiyaları mürəkkəb ideyaları anlamağa və problemləri həll etməyə kömək edir. Tapşırıq simulyasiya alətini konfiqurasiya edərək, dronu hərəkətə gətirməyi və onun balqabaqlar arasında optimal uçuş istiqamətini müəyyənləşdirməyi tələb edir".

T.İbrahimov bildirib ki, ICILS tədqiqatı vasitəsilə hesablama düşüncəsinin qiymətləndirilməsi şagirdlərin məktəbdə kompüterlərlə problemi həll etmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir.

ICILS qiymətləndirmə tədqiqatında da digər beynəlxalq tədqiqatlarda olduğu kimi, müəllimlər və şagirdlərdən sorğu anketləri vasitəsilə müəyyən məlumatlar toplanır. Şagirdlər İKT avadanlıqlarının əlçatanlığı, evdə və məktəbdə İKT-dən istifadə və s. müəllimlər isə tədrisdə İKT-dən istifadə ilə bağlı yanaşmalar və bu sahədə peşəkar inkişafa dair sorğu anketlərini doldururlar.

Eyni zamanda, təhsil müəssisələrindəki İKT koordinatorları məktəbdə İKT avadanlıqları və öyrənmə prosesinə dəstək vermək üçün onlardan necə istifadə edildiyi barədə sorğu anketini doldururlar. Əlavə olaraq, direktorlar da məktəbdə İKT-nin tətbiqinin genişləndirilməsi üçün prioritetlər haqqında məlumatların toplanmasına imkan verən sorğu anketini cavablandırırlar.

 

Beləliklə, iştirakçı ölkələr milli səviyyədə İKT-yə dair kurikulum, resurslar, tədris proqramları, həmçinin, kompüter və informasiya savadlılığının inkişafı ilə əlaqəli məlumatları bölüşürlər.

Onun dediyinə görə, 2018-ci ildə keçirilən ICILS beynəlxalq tədqiqatında  Almaniya,  Danimarka,  İtaliya, Qazaxıstan, Koreya, Lüksemburq, Rusiya, Uruqvay, ABŞ, Finlandiya, Fransa və Çili iştirak edib. Nəticələr göstərir ki, tədqiqatda iştirak edən şagirdlərin 18 faizi kompüter və informasiya savadlılığı (computer and information literacy (CİL) meyarının şkalasının ən aşağı səviyyəsinə belə çata bilməyib. Ümumilikdə, şagirdlərin 25 faizi qeyd olunan meyar üzrə ən aşağı nəticəni əldə edib. Şagirdlərin 21 faizi isə CIL meyarı üzrə iki dəfə daha yüksək səviyyəyə çataraq kompüterlərdən məlumat toplama və idarəetmə vasitəsi kimi istifadəyə dair müstəqil işləmək bacarığına sahib olduğunu göstərib. Tədqiqatda iştirak edən şagirdlərin yalnız  2 faizi CIL meyarı üzrə ən yüksək nəticəyə nail olub: "Maraqlı məqamlardan biri kimi deyə bilərik ki,  kompüter və informasiya savadlılığı üzrə fərqlər ölkələr arasındakı fərqlərdən daha çoxdur. Çünki kompüter və informasiya savadlılığı üzrə ən yüksək və ən aşağı nəticələr bir-birindən 157 bal qədər fərqlənir. Ölkələr arasında şagirdlərin ən yuxarı və ən aşağı nəticə əldə edənlərinin 5 faizinin orta qiyməti 216 (Danimarka) və 347 bal (Qazaxıstan) intervalında dəyişir.

ICILS 2018-ci ilin  nəticələri dünya üzrə bu sahədə vəziyyəti və ölkələrin gələcək inkişafının səviyyəsinə dair maraqlı məqamları üzə çıxarır.  Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və  26 min müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə,  Danimarka məktəbliləri  557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir. Rusiya  məktəbliləri 549 balla ikinci, Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıradadır".

Aparıcı məsləhətçi qeyd edib ki, məlum olduğu kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli, 2469 nömrəli Sərəncamına əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Həmin Milli Prioritetdən biri Rəqabətli İnsan Kapitalı və Müasir İnnovasiyalar Məkanı adlanır. Qeyd olunan prioritet əsasında XXI əsrin tələblərinə uyğun təhsil tələbi növbəti 10 ildə qarşımızda əsas məqsəd kimi müəyyənləşdirilib. Belə ki, Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması haqqında müddəa da həmin məqsədlərdən biri kimi təyin edilib. Bu baxımdan Azərbaycan 2023-cü ildə növbəti ICILS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək. Həmin ildə ölkəmizdə ümumi orta təhsil səviyyəsinin 8-ci sinfində təhsil alacaq şagirdlərimiz kompüter və informasiya savadlılığı üzrə fərdi bacarıqlarını nümayiş etdirərək, ümumi vəziyyətə dair mənzərənin formalaşmasına və digər ölkələrlə bu sahədə mövcud fərqlərin ayırd edilməsinə şərait yaradacaqlar.

Tədqiqat eyni zamanda, informatika fənni üzrə kurikulumun  dövrün  tələblərinə uyğun olub-olmadığı haqqında da müqayisəli məlumatlara sahib olmağa imkan verəcək. Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" sənədinə əsasən, ümumi təhsil pilləsində təhsilalanlarda təfəkkürlə (yaradıcılıq, tənqidi təfəkkür, problem həlletmə, qərar qəbuletmə, müstəqil öyrənmə) və fəaliyyətlə (ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı) bağlı səriştələr müəyyənləşdirilib. Ümumi orta təhsil səviyyəsinin 8-ci sinfinə aid informatika fənninə dair məzmun standartlarının ümumi təlim nəticələrinə nəzər salsaq, 8-ci sinif şagirdləri bir çox bilik və bacarıqlar üzrə qabiliyyətlərə sahib olmalıdırlar. İnformasiyanı toplayıb, emal etməli və məqsədyönlü istifadə etməli, standart riyazi alqoritmləri tətbiq etməli, həyati məsələlərin alqoritmik həllini təqdim etməli, proqramlaşdırma dillərindən istifadə etməli,  internet xidmətlərindən (servislərindən) istifadə etməli: "Göründüyü kimi, ölkəmizdə 8-ci sinifdə təhsilalan şagirdlər nəzərdə tutulmuş dövlət standartlarına əsasən, ICILS beynəlxalq qiymətləndirmə tədqiqatında ölçülən meyarlara uyğun bacarıqlara sahib ola bilərlər. Ümid edirik ki, 2023-cü ildə keçiriləcək tədqiqatda ölkəmiz əhəmiyyətli yerlərdən birinə sahib olacaq. Unutmamalıyıq ki, bu qiymətləndirmə yarış deyil, tədqiqat xarakteri daşıyır. Məqsəd şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, müxtəlif ölkələrlə müqayisələr aparıb inkişaf perspektivlərini proqnozlaşdırmaq, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənməkdir. Tədqiqatda iştirak edəcək şagirdlərimizə uğurlar diləyirik".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





27.04.2021    çap et  çap et