525.Az

"Onlayn alış-verişdə məhsula ilk toxunan müştərinin özü olur"


 

GÜLƏR XANKİŞİZADƏ: "SABAH SOSİAL ŞƏBƏKƏLƏR LƏĞV EDİLSƏ DƏ, HƏYATIMDA HEÇ NƏ DƏYİŞMƏYƏCƏK"

"Onlayn alış-verişdə məhsula ilk toxunan müştərinin özü olur" <b style="color:red"></b>

Sosial şəbəkələrdə parlayanlar

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da onlayn alış-veriş edənlərin sayı artmaqdadır. Sosial şəbəkələrin artıq hər kəsin gündəlik həyatına girdiyi bir vaxtda biznesin bu axına qoşulmasında çox fayda var.

Müsahibimiz - İnstaqramda fəaliyyət göstərən "Madelina butik"in qurucusu Gülər Xankişizadə ilə də söhbətimiz elə bu mövzudadır. 

***

- Sosial mediadan mütəmadi istifadə edən və burada öz biznesini yaradan biri kimi bu platformaların sizin həyatınızda hansı rolu var?

- Sosial media bu dəqiqə insanların həyat tərzinə çevrilib. Bir çox insanların gəlirləri sosial şəbəkələrdən asılıdır və onlar sosial şəbəkələri doğru istiqamət üçün istifadə edirlər. Bəzi insanlar isə sosial şəbəkələrdə boş vaxt keçirirlər. Hətta bəzilərinin Vatsap və ya İnstaqram statuslarından o insanın gündəlik həyatında nə etdiyini, hara getdiyini görürük. Sosial şəbəkə müvəqqəti sistemdir. Bir neçə il sonra elə bir zamana gəlib çıxa bilərik ki, sosial şəbəkələr mövcud olmaya bilər. Mən heç vaxt sosial şəbəkə insanı olmamışam, indi də deyiləm. Yəni sabah bütün sosial şəbəkələr ləğv edilsə də, həyatımda heç nə dəyişməyəcək.

- Ali təhsiliniz fərqli sahə üzrədir. Niyə öz təhsilinizdən kənar bir işlə məşğul olmaq istədiniz?

- Bəli, bakalavr ixtisasım Coğrafiya müəllimliyi, magistratura ixtisasım isə Coğrafiya tədrisi metodikasıdır. Coğrafiya ən sevdiyim fənn olduğundan bu sahə üzrə təhsil almışam. Gələcəkdə, yəni ailə qurduqdan sonra müəllimlik fəaliyyəti ilə məşğul olacağam. Məncə, ailəli və uşaqları olan qadın üçün ən gözəl ixtisasdır. Lakin uşaqlıqdan arzum idi ki, gələcəkdə kiçik də olsa bir mağazam olsun. Uşaqlıqda kuklalarıma paltarları da özüm tikərdim.

- Bu işlə məşğul olmağa nə vaxtdan başladınız?

- Butik açmaq bakalavrda oxuduğum vaxtlardan fikrimdə var idi. Hətta rəfiqəmlə belə düşünüb planlayırdıq ki, ortaq səhifə açıb birlikdə işlədək. Lakin sonra mən bu fikirdən daşınmışdım. Çünki bir işi görəndə o işi yüksək səviyyədə etməyə çalışıram. Və çox vaxt ortaq edilən işlər professional alınmır. Həm də onda magistr hazırlığı var idi. Düşünürdüm ki, satış işinə istədiyim kimi diqqət yetirə bilməyəcəyəm.

- Sizcə, qadının biznesdə uğur qazanması üçün ilk şərt nədir? Ümumiyyətlə, bu işdə cins faktoru nə qədər rol oynayır?

- İstər qadın olsun, istər kişi fərqi yoxdur, əgər insan bir işdə uğur qazanmaq istəyirsə, mütləq çox çalışmalıdır. Çünki hər bir iş incəlik, böyük zəhmət tələb edir. Bəzən olurdu ki, səhər saat 7-dən axşam 2-yə qədər işləyirdim. Hətta indi də yorğunluqdan gecələr gözlərim qızarır. Amma yenə də müştərilər məhsulları bəyəndikdə və məmnuniyyət mesajları ilə geri döndükdə bütün yorğunluğum aradan qalxır. İndi deyə bilmərəm ki, istədiyim səviyyədəyəm. Hələ qarşıda çox planlarım var, alınsa, zamanla görəcəksiniz.

- Hər şeyə sıfırdan başlayanda uğur qazanacağınıza əmin idinizmi? Bu uğurun təməlində nələr durur?

- İlk təməli qoyanda uğur qazanacağıma əmin idim. Bu işdə mənə anam və rəfiqəm mənəvi dəstək oldular. Onlar bəlkə də, bacaracağıma məndən çox inanırdılar. Bir şeyi çox istəyirsənsə və o iş üçün çox əziyyət çəkirsənsə, mütləq o iş alınır. Yadımdadır, ilk müştərim bir xanım idi, özü üçün köynək sifariş etmişdi. Məhsulu götürdükdən sonra onun məmnuniyyəti məni daha da həvəsləndirmişdi. Səhifənin mesaj qutusuna "İşə necə başladınız?", "Mənə də köməklik edin" tipli mesajlar ünvanlanır. Buradan həmin insanlara demək istəyirəm ki, əgər bir işə başlamaq istəyirsinizsə, o iş haqqında mütləq şəkildə araşdırma etməlisiniz. Öncə biznes və iqtisadiyyat haqda məlumatlarınız olmalıdır.

- Sizcə, insan sevdiyi işlə məşğul olmalı, yoxsa pulu, kapitalı olan işin dalınca getməlidir?

- Əgər qadındırsa və onun maddiyyata ehtiyacı yoxdursa, təbii ki, öz sevdiyi işlə məşğul olmalıdır. Çünki insan sevmədiyi işi ürəklə etmir. Pul xatirinə günləri, ayları, illəri yola verəcək və beləcə, özünün də xoşbəxt olmadığını görəcək. Amma maddiyyata ehtiyacı olan insanlar yeri gələrsə, fəhləlik də edə bilərlər, burada ayıb bir şey yoxdur. Əsas olan o pulu halal zəhmətlə qazanmaqdır.

- Sosial media bizim müxtəlif cameədən olan insanlarla əlaqə yaratmağımıza kömək edir. Məşhur adamlarla da ünsiyyətdə olursunuzmu?

- Sosial şəbəkədən hər insan istifadə edir və səhifənin paylaşımları kimin qarşısına çıxırsa, o məhsul haqqında məlumat almaq, ya da sifariş etmək istəyirsə, təbii ki, yazır. Bura məşhurlar da daxildir.

- Biznes işi olduqca çox zaman və səbr tələb edir. Yorulub uzaqlaşmaq istədiyiniz vaxtlar olub?

- Bizim sahə elə bir sahədir ki, istəsək də, istəməsək də, bütün insanlarla münasibətdə oluruq. Yorğun olsaq da, əsəbi olsaq da, heç zaman müştəriyə bunu hiss etdirməməliyik. Yaponiyada bir çox yerlərə robot yerləşdiriblər. Çünki onlar proqramlaşdırılmış şəkildə hərəkət edirlər. Biz isə robot olmadığımıza görə yoruluruq. Uzaqlaşmaq yox, amma dincəlmək hər zaman lazımdır. Çünki insan dincəlməsə, onun işinin effekti də olmayacaq. Ona görə də dincəlmək və enerji ilə işləmək lazımdır.

- İnsanlarla daima əlaqədə olmaq və onlarla mütəmadi işləmək çətindir. Yəqin sizə maraqlı suallar da ünvanlayırlar. Bu günə qədər aldığınız ən maraqlı mesaj və ya rəy nə olub?

- Hər gün maraqlı, qeyri-adi suallarla və nüanslarla qarşı-qarşıya oluram. Qiymət yazıldığı halda rəylərdə və ya inboksda qiymət soruşan müştərilər olur və ən maraqlısı odur ki, çox vaxt həmin müştərilərə rəylərdə cavabı digər müştərilər özləri yazır.

Bizdə 50 faiz ilkin ödəniş olmadan sifarişi qəbul etmirik. Bir dəfə müştəri 50 faiz ödəniş etmək istəmirdi, lakin 10 gün ərzində hər gün yazıb sifarişinin gəlib-gəlmədiyini soruşurdu. Həmin müştəriyə nə qədər izah etsəm də, ya anlamaq istəmirdi, ya da anlamırdı. Axırda məcbur olaraq onu qara siyahıya əlavə etdim.

- Nə vaxtsa, onlayn biznesdən ənənəvi biznesə keçib, mağaza şəklində fəaliyyət göstərmək fikriniz varmı?

- Əvvəl düşünürdüm ki, mağazam olsun. Lakin sonradan fikrimi dəyişdim. Səbəblərdən biri o oldu ki, mağazada müştəri gəlir bir paltarı geyinir, xoşuna gəlmirsə, almır. Bu geyim də dəfələrlə müxtəlif müştərilərin üzərində olur. Bizim geyimlər fabrikdə istehsal edilir, paketlənir, birbaşa bizə yollanılır və onu ilk geyinən müştərinin özü olur. Bu da müştərilər üçün həm güvənlidir, həm də rahatdır. Bu dəqiqə Azərbaycanın 90 faizinin Türkiyənin ən böyük onlayn alış-veriş platforması olan "Trendyol"dan geyindiyini görürük. Niyə bu sistem bizdə də olmasın?!

Gələcəklə bağlı çox planlarım var. İnşallah yavaş-yavaş bu planlar yerinə yetirilər. Lakin sizə bir planımı deyə bilərəm, butik üçün rəsmi sayt açmaq istəyirəm. Bu, müştərilər üçün çox rahat olacaq. Onlar filtrləmə sayəsində axtardıqlarını rahat tapa biləcəklər.

Günel ABBAS

 





28.04.2021    çap et  çap et