2020-ci il sentyabrın 27-də 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ və ətrafı rayonlarımızın azad edilməsi uğrunda Vətən müharibəmiz başladı.
O taylı, bu taylı böyük bir milləti bir yumruq halında birləşdirən bu müharibədə günlər ötdükcə azad olunan torpaqlarımızın siyahısı genişlənir, sevincimiz, qürurumuz günbəgün artırdı. Lakin təəssüf ki, artan təkcə kəndlərin, rayonların siyahısı deyildi. Onunla birgə ön cəbhədə döyüşərək qəhrəmancasına canını fəda edən şəhidlərimizin siyahısı da genişlənirdi. O günlərdə sosial şəbəkələrdə çoxları şəhidlərimizin şəkillərini paylaşır, acılarını bölüşürdülərsə də, mən susmağı üstün tuturdum. Bunun da iki səbəbi vardı: dövlətimiz tərəfindən rəsmən təsdiqlənməmiş paylaşımlar edib, o günlərdə hər birimizin sosial şəbəkə hesablarını özümüzdən daha çox izləyən düşməni sevindirməmək və insanlara neqativ aşılayaraq onlardakı ruh yüksəkliyini sındırmamaq. Amma təbii ki, şəhidlərimiz hər birimizin diqqətində idi. Müharibə günlərində çalışdığım "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə müharibədən sonra qəzetdə şəhidlərimizlə bağlı həftəlik silsilə yazılar çap etdirmək arzumu dilə gətirdim. Rəşad müəllim qəbul etdi və bunun üçün şərait yaradacağını dedi. Beləcə, noyabrın 10-u böyük qələbəmizlə Vətən müharibəmiz bitdi, torpaqlarımız azad olundu. Üstündən bir müddət keçəndən sonra isə şəhidlərimizin sayı və adları rəsmən açıqlandı və "525-ci qəzet"də mənim müəllifliyimlə "Əbədiyyətdəki əziz ünvanlarımız" adlı silsilə yazı çap olunmağa başladı. Bununla da "525-ci qəzet" bu işi aylardan bəri davamlı icra edən tək mətbuat orqanı oldu.
Silsilənin ilk yazısından etibarən digər bölgələrimiz kimi Neftçala rayonundan olan şəhidlərimiz haqda da məlumatlar çap olunmağa başlayıb. Bu işdə mənə çoxları yardımçı olsa da, etiraf etməliyəm ki, heç bir bölgədən Neftçala kimi sistemli məlumatlar almıram. Çünki orda yaşayan və ictimai işlərdə həddindən artıq fəal olan bir gənc dostumuz mənimlə birgə neftçalalı şəhidlərimizin tanıdılması missiyasını öz üzərinə götürüb. Peşə liseyində anamın tələbəsi olan Fəyyaz Quliyev ilk gündən onlar haqqında məlumatları toplayıb bizimlə paylaşan insandır. Onun sayəsindədir ki, Vətən müharibəsində Neftçaladan olan 43 şəhidimizin, demək olar, hamısı haqda yazmış, oxucularımıza tanıtmışıq. Beləcə, əziz Neftçala sakinlərilə də qiyabi tanışlığımız yaranıb.
Bu günlərdə yenə Fəyyaz Quliyev vasitəsiylə Neftçaladan gələn tədbir dəvəti məni çox sevindirdi və həvəslə razılıq verdim. Aprelin 24-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin daxilində fəaliyyət göstərən "Vətənpərvərlik klubu"nun təşkilatçılığı ilə "Vətənpərvər Azərbaycan gənci" adlı tədbir keçirilirdi. Artıq aylardır qəzet səhifələrindən yaxşı tanıdıqları "Əbədiyyətdəki əziz ünvanlarımız" silsiləsinin və digər vətənpərvərlik mövzulu yazıların müəllifi kimi də qonaq qismində mən dəvət olunmuşdum.

Tədbir saat 15-də başlayacaqdı. Əvvəlcədən Neftçalada bizi qarşılayacaq dostumuz Fəyyazla danışdığımız kimi tədbirə qədər yerinə yetirməli bir sıra planlarımız vardı. Valideynlərim və şair dostum Nofəl Ümid də bu səfərdə məni tək qoymadılar. Hamımızın ilk dəfə getdiyimiz Neftçalada birinci dayanacaq yerimiz əziz şəhidlərimizin uyuduğu ünvan - Neftçala Şəhidlər Xiyabanı oldu. Burda təkcə Vətən müharibəsi deyil, eyni zamanda, Birinci Qarabağ müharibəsi şəhidləri də uyuyur. Öncə hamısı bir ərazidə dəfn olunmuş Vətən müharibəsi şəhidlərimizi ziyarət edirik. Gül-çiçək və Azərbaycan bayraqlarıyla süslənmiş məzarlardan boylanan o gözəl üzlərin hamısı necə də tanışdır. Budur, düz qarşımdakı məzardan 18 yaşlı şəhidimiz Mirmöhsüm Əhmədov gülümsəyir. Bu, XTQ baş leytenantı Xəyyam Əzizovdur. O Xəyyam ki, hələ 2014-cü ildə özünün sosial şəbəkə hesabında yazıb: "Sevmə, qızım, mən kursantam, mən toz-torpaq qoxaram. Əlini vermə mənə, silah kimi sıxaram. Bir gün şəhid olub xəyallarını yıxaram"... Məzar daşında yazılıb özünə aid olan bu cümlələr... Ondan arxadakı məzardan Nicat Xankişiyev boylanır təbəssümlü simasıyla. Elmin Nəcəfov, Natiq Məmmədov, Telman Kəlbiyev, Əsəd Əsədov, Murad Gözəlov, Məhəmməd Kərimli, Samid Əsgərov, Ayaz İmanzadə və başqa bir-birindən yaraşıqlı qəhrəmanlarımız hər kəsdən əvvəl "Xoş gəldin" edirlər bizə. Hər iki Qarabağ müharibəsi şəhidlərimizin ruhlarına dualar oxuyub ayrılırıq xiyabandan.
Növbəti ziyarət edəcəyimiz ünvanlar mübarək şəhidlərimizin dəyərli ailələridir. İlk qapısını döydüyümüz isə şəhid Mirmöhsüm Əhmədovun anası Arzu xanımın evi oldu. Cəmi 38 yaşlı şəhid anası bizi qəlbindəki sonsuz sevgi, gözlərindəki dərin hüznlə qarşıladı. Yalnız 18 il bağrına sıxdığı, qoxusundan doymadan torpağa əmanət etdiyi, 3 ayın əsgəri olmuş balasından danışdıqca doymurdu. Dilindən çıxan hər kəlməni balası kimi əzizləyirdi sanki.

Baş leytenant Əsəd Əsədovun evinin qapısını üzümüzə balaca oğlu açır. Şəhidimizin üç uşağı var, kiçik qızı o müharibəyə gedəndə 10 aylıq imiş. İndi şəkillərinə "ata" deyib oxşayır. Onun da xanımı və atasıyla həmsöhbət oluruq, əziz şəhidimizi bir də onlardan diləyirik, yoxluğu içimizi göynətdiyi qədər vətən sevgisi qəlbimizi qürurlandırır.
Sonuncu ziyarət ünvanımız isə şəhid kapitan Samid Əsgərovun ailəsidir. Ömrünü hərb sənətinə həsr edən Samid özündən sonra üç yaşlı oğlunu vətənə əmanət edərək canını da bu torpaq uğrunda əsirgəməkdən çəkinməyib. Ailəsi evinin önündə şəhidimizin mübarək adına bulaq inşa edib. Samidin də anasını, atasını dinləyir, şəkillərinə baxır, vətən sevgisi və behiştlik ruhu qarşısında baş əyərək tədbirə qatılmaq üçün çıxırıq.

Neftçala Heydər Əliyev Mərkəzində keçirilən tədbirə, əsasən, gənclər qatılıb. Fəyyaz deyir ki, iştirak etmək istəyən daha çox olsa da, pandemiya səbəbindən çox insanın gəlməsini məsləhət bilməyiblər. Tədbiri giriş sözüylə "Vətənpərvərlik klubu"nun rəhbəri Fərhad Baxış açdı, hamımızı salamlayıb, sözü tədbirin moderatoru Fəyyaz Quliyevə ötürdü. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyündə canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra ilk çıxış üçün söz şəhid Mirmöhsüm Əhmədovun anası Arzu xanıma verildi. Arzu xanım yoxluğuyla barışmayıb qəhrəmanlığıyla fəxr etdiyi oğlundan danışdı, gənclərdəki vətənpərvlik hissinin önəmindən söz açdı. Onun çıxışının sonunda dediyi sözü isə heç unutmuram: "Siz gənclərə səslənirəm. Əgər bundan sonra bizim torpaqlarımızın bircə qarışını da düşmənə versəniz, biz şəhid anaları balalarımızın o torpağa qarışan qanını sizə halal etmərik!" O qədər haqlıdır ki... Bundan sonra bir məqsədimiz də şəhidlərimizin ruhuna layiq olmaq, onların əmanətinə sonunadək sahib çıxmaq olmalıdır deyə düşünürəm.
Sonra Vətən müharibəmizin qaziləri Əbülfəz Quliyev və Murad Əhmədova söz verilir. Qazilərimiz, əlbəttə, öz sözlərini döyüş meydanında deyib gəliblər, amma yenə də təkidlərimiz qarşısında bir neçə kəlmə danışırlar. Öyrənirik ki, hər ikisi bir dəfə ağır yaralanmalarına baxmayaraq, öz israrları ilə yenidən döyüşlərə qatılıblar. Bunları eşidib necə qürurlanmayasan, necə fəxr etməyəsən vətəninin igid övladlarıyla?!
Sonra söz mənə verildi. Şəhidlərimizlə, qazilərimizlə, Vətən müharibəsi iştirakçılarımızla hər zaman fəxr etdiyimizi və onların haqlarını bizə halal etmələri üçün bu vətəni gözbəbəyimiz kimi qorumağın boynumuzun borcu olduğunu dedim. Çalışdığım "525-ci qəzet" və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində həm müharibə zamanı, həm də müharibədən sonra davam edən vətənpərvərlik yönümlü fəaliyyətlərdən söz açdım, gənclərimizin bu istiqamətdə gördüyü işlərdən danışdım. Eyni zamanda, qeyd etdim ki, "Əbədiyyətdəki əziz ünvanlarımız" adlı silsiləm qəzet səhifələrində qalmayacaq, Allahın izniylə, bu silsiləni qələbəmizin 1-ci ildönümünə töhfə kimi kitab halında çap edəcəyik. Fərhad bəy həmin kitabın Neftçaladakı təqdimatının məhz rəhbərlik etdiyi klub tərəfindən keçirilməsini öz öhdəsinə götürür.
Bu tədbirdən bir neçə gün öncə mediatur çərçivəsində Ağdamın işğaldan azad olunmuş ərazilərinə səfərimiz zamanı özümlə bir ovuc Qarabağ torpağı götürmüşdüm. Şəhidlərimizin qanı qarışmış həmin torpağı şəhid anası Arzu xanıma hədiyyə etdim, "Sizə övladınızı verə bilməyəcəyik, amma onun və bütün şəhidlərimizin uğrunda can verdiyi, qanının qarışdığı bu torpağı gətirmişəm" deyərək. "Mənə bundan dəyərli hədiyyə olmazdı, siz sanki mənə oğlumu verdiniz" - dedi şəhid anası, hər birimizi göz yaşlarına boğaraq...

Tədbir vətənpərvərlik yönümlü diskussiya ilə davam etdi, qazilərimizi, şəhid anamızı dinlədik, bu cür tədbirlərin keçirilməsinin zəruriliyindən bəhs etdik. Sonda Azərbaycanda və Türkiyədə çap olunan kitablarımı "Vətənpərvərlik klubu"nun kitabxanasına imzalı şəkildə hədiyyə etdim, yeni kitabların, yeni tədbirlərin ümidiylə ayrıldıq bu gözəl gənclərdən.
Beləcə, "Vətənpərvərlik klubu"nun dəvətiylə səfər etdiyimiz Neftçala müqəddəs ziyarət kimi ömrümüzün ən gözəl səhifəsinə yazıldı. Vəsilə olanlara təşəkkür!
Fotolar: Nofəl Ümid
çap et