525.Az

Başqa dillərdən mənimsəmələrdə bayağılaşdırma qorxusu


 

Başqa dillərdən mənimsəmələrdə bayağılaşdırma qorxusu <b style="color:red"></b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)  

"Bayağı" sözü ilə bağlı soru 

Bu sözdən yaman xoşum gəlir. Birincisi, yetərincə əskilərin sözüdür, hətta "Kitab-i Dədə Qorqud"da da var. İkincisi, sirli sözdür, hansısa etimoloqun onun soykökünü açmasını eşitməmişəm (bu sətirləri yazandan 5 il sonra türk dillərinin etimoloji sözlüyündə tapdım ki, "bayağı" trivial, rutin olanlara deyilirmiş).

Onu anlamaq üçün başqa dillərin sözlüyünə baxdım. Rusca "poşlıy" əskiliklə bağlıdır, keçmişə baxış dəyişəndə sözün anlamı da dəyişib. Öncələr keçmişin (uyğun olaraq, əcdadların) kultu vardı. Arxaik dünyada evlərdə kəllə sümüyünün saxladılması əcdada sayğının göstəricisi idi. Sonralar keçmişə köhnəlik, primitivlik kimi baxılanda "poşlıy" sözü keyfiyyətsizliyi (köhnəlikdən xarablaşmanı) bildirdi.

İngilislərdə "bayağı" yığnaq, kütlə anlamını verən "vulqar" sözü ilə bağlıdır, ona görə də bayağılaşdırmağa vulqarlaşdırmaq deyirlər, "banallaşdırmaq", "triviallaşdırmaq" da deyirlər. Hər ikisi çeynənmiş düşüncələrə, yıpranmış mətnlərə aiddir.

"Bayağı"nın etimolojisini bəzi sözlərimiz sezməyə kömək edir. Nəyisə bayağılaşdırmaq onu ət tökən, dingiş etməkdir.

İndi yazımın adından görünən düşüncə aydın oldu: başqa dillərdən söz götürəndə çalışmaq gərəkdir ki, bayağılığa, yəni ət tökənliyə, dingişliyə yol verməyəsən.    

Bayağılığa öyrəşilməsinin sonucları 

Sovet dönəmində yazarlarımız ruscadan götürülmüş sözlərin bayağılığı ilə personajı bayağı edirdilər. Belə personaj "zameçat etmək", "udovletvarit etmək" deyirdi, hamı "hır-hır" gülürdü. Hətta bu "komik effekt" indi də qalıb. İlgincdir ki, Rusiya kanallarının bəzilərində, özəlliklə, TNT-dəki "Komedi Klub"da ruscaya ingiliscəni qatıb bayağılaşdırmaq effekti alırlar.

Sovet dönəmində Moskvada rus gənclərinin "o key" deməsi mənim ətimi tökürdü. İndi dünya dəyişib və Qloballaşma bizi "o key"ə elə alışdırıb ki, artıq, SMS-də, "Facebook"da onu yazanda düşüklük olmur. Güman ki haçansa ruslardan götürülmüş "oy da" əski kişilərdə "o key" kimi ət tökürdü, ancaq indi öyrəşmişik, day ətimiz tökülmür.

Beləliklə, məndə hazır yanaşma yoxdur ki, hansı sözün götürülməsi bayağıdır, hansı yox və hansı öyrəşiləndən sonra bayağılığını itirəcək. Ancaq yenə də söz alınma prosesinə "bayağılıq qorxusu" prizmasından yanaşmağı linqvistik və kulturoloji düşüncəni bollandıran terminlər sayıb ortaya atıram.   

"Çin" sözünün dilimizə gətirilməsinə bir tənqid 

İlk dəfə rusların mənsəb, rütbə anlamında işlətdikləri "çin" sözünü, öz dilimizdə, məncə, "Yeni Müsavat"ın yazılarında oxumuşam, məsələn, "yüksək çinli filankəs" şəklində. "Rütbə" ərəb sözüdür, "çin" isə... slavyan, daha doğrusu, Hind-Avropa sözüdür (Avestanın dilində də var). İkisi də yabançı kəlmədir, ancaq "çin" "rütbəyə" ona görə uduzur ki, dilimizdə ölkənin (Çin), ulusun (çinilər) adına omonimdir. Həm də "yuxum çin çıxdı" kimi deyimlərimizdə işlənir. Ona görə də "çin" sözü ölkə adında, düz çıxmaq deyimində işləndiyi halda onun omoniminin "rütbə" anlamında işlədilməsinə, bilmirəm nə deyim, israfçılıqmı deyim, ya nə deyim?! Axı, rusların rütbə anlamında işlətdikləri "çin" sözünün heç "qlamur", "drayv" kimi estetikası da yoxdur ki, dilə gətirəsən. Ona görə də "yüksək çinli" sözünə oxuda rast gələndə bayağılıq duyğusundan qurtula bilmirəm. Ətim tökülür.  

"Krutoy" sözü haqqında 

Günümüzdə rus gəncliyinin dilində "super" sözü kimi "krutoy" sözü də hər nəsnəyə az qala hər cür reaksiya verən kəlməyə çevrilib. Məncə, elə bizim gənclik də bu sözü sevir və işlədir. İlginci odur ki, adətən, bu gənclik ruscanın araçılığı ilə "drayv", "qlamur" kimi Avropa sözlərini götürür. "Krutoy" isə zıbıdı rus sözüdür.

Gənclərə bir ara dil yardımçısı olmaq istəyib axtarış apardım ki, "krutoy"u nə ilə əvəz etmək olar? Heç nə tapa bilmədim. İngiliscəyə baxdım ki, bəlkə o, kömək edə. Ancaq mat qalasıdır, ingiliscə "krutoy"un semantik effektini "cool", yəni "soyuqqanlı" verir. Nədən? Bilmirəm. Onu bilirəm ki, yaponlarda da, avropalılarda da üzündən duyğu, həyəcan bilinməyən kişilər KİŞİ sayılırlar.

İndi isə yazarlara və gənclərə öz məsləhətimi verim. Rusun "krutoy" sözünü bizim dilə "əjdaha" sözü ilə çevirmək olar: "əjdaha oğlan", "əjdaha sürmək" və s. "Krutoy"un bayağılığından, bax, belənçi qaçmaq olar. Qaçmaq istəməyənlərinsə bu, öz işidir.  

Dil ləyaqət sistemində olmayanda 

İkidillilik haqqında bir düstur 

Sovet dönəminin qurtarhaqurtarında Aydın Məmmədov, mən və bir də Eyvaz Borçalı AzTV-də dil üzrə söhbətləşirdik. Aydın Tacikistandan təzə gəlmişdi, oradakı debatlarda tapdığı formulanın etgisi altında idi və "qoşa qanad" terminini ortaya atdı. Əslində, bu, gecikmiş düstur, metafora idi. Əgər 60-70-ci illərdə deyilsəydi, yerinə düşərdi. Çünki o çağlarda üzdə Azərbaycan türkcəsinin dəyərini, önəmini heç kəs quşqu altına almasa da, - yoxsa, türk dillərindən o qədər kitablar, məqalələr, dərgilərmi çıxardı - işdə türlü yollarla o dəyərdən salınırdı. Örnəyin, karyerada azərbaycanlının öz dilini bilməməsindən daha pis, ayıb ruscanı bilməməsi sayılırdı. Rusca oxumaq və rusca bilmək elitarlığın, uyqaprlığın (sivilizenin) göstəricisi idi. Rusca danışan azərinin qrammatik yanlışları, səs (fonoloji) səhvləri gülüş doğururdu. Bakının seçilən ailələri rusca pis bilən oğlana çətin ki qız verəydi. Rusca pis bilən qızları, nə qədər gözəl olsalar da, evlənmək üçün rusdilli oğlan (ya ata-anası) çətin bəyənərdi.

Beləcə, azəricənin işdə sıxışdırıldığı çağda Aydın Məmmədovun "qoşa qanad"ı çox uğurlu olardı. İnsana, millətə fayda baxımından rus dili öyüldüyü fonda "qoşa qanad" bildirirdi ki, uçağa iki qanad gərəkdiyi kimi, azərbaycanlılara da iki dil lazımdır. 

Millətin ikidilli olmasının pisləri 

Ancaq 85-87-ci illərdə, artıq, aşkarlığın havasında yaşayırdıq və dillə bağlı xeyli ürəkli danışmaq olardı. Ona görə də mən söylədim ki, dil mələsində heç bir ulusa "qoşa qanad" gərəkməz. İki dildə danışan millətin danışığında bu iki dil bir-birinə dolaşa-dolaşa, bir-birinə badalaq vura-vura bir-birini tapdaq-tapdaq, əzik-üzük edir.

Hər ulus hər dönəmdə öz dilini gəlişdirməlidir ki, çağdan geri qalmasın. Əgər onun iki dili varsa, birində çatışmayanı o birisindən götürə-götürə iki dili də korlayır. Zeynal Məmmədli bir dəfə "moltanı dili" terminini elə belə də açmışdı, türlü dillərdən həftəbecər. 

Dilin aşağı statusu olanda 

O verilişdə bəndəniz bir önəmli məsələni söylədi: Azərbaycanda rus dilində danışmağı bacarmayan, di gəl yaxşı anlayan minlərlə azəri var. Eləcə də Azərbaycan türkcəsində danışa bilməyib yaxşı anlayan minlərlə rus, erməni, yəhudi var. Ona görə də azərbaycanlı öz dilində, o biriləri də rus dilində danışanda çox normal ünsiyyət alınar.

(Günümüzdə bunu bəzi Ukrayna telekanallarında görmək olar. İki nəfərdən biri ukraynca, o biri rusca danışır, qıraqdan baxan bizlər çaş qalsaq da, Ukrayna vətəndaşları bir-birini yaxşı anlayırlar).

Verilişdə soruşdum: bəs bizdə nədən rusca bilməyən, ancaq yaxşı başa düşən azərbaycanlı ilə bakılı rus, erməni, yəhudi danışanda azəri adamının heç ağlına da gəlmir ki, öz dilində cavab versin və  keçir ağır aksentlə, pis qrammatika ilə rus dilində danışmağa?! Nədən bizim qavrayışımızdı öz dilimizin statusu belə aşağıdır?!

Bax, o verilişdə mən tamaşaçılara dedim ki, biz azərbaycanca yaxşı anlayıb pis danışan adamlarla öz dilimizdə danışmağa öyrəşməliyik.

Düzü, mən deyəmmərəm ki, bu çağırışım eşidildi, hərçənd özüm ona həmişə əməl etmişəm. Azərbaycancanı başa düşsə də, mənə rusca müraciət edənə həmişə öz dilimdə cavab verməyə elə öyrəşmişəm ki, bunda heç bir yöndəmsizlik duymuram.

Çağımızdan bir fakt 

İndi Bakıda Azərbaycan dilini bilməyənlərin sayı azalıb, ona görə də mənim o vaxtkı məsləhətimə daha gərək qalmayıb. Hərçənd bu yaxınlarda bir "atavistik" fakta rast gəldim. Bir doktorluq dissertasiyasını müdafiə edən qadın azəri türkcəsində elə pis bilirdi ki, soruları ruscaya çevirməli olurduq. Ona deməli oldum ki, xanım, məni vulqar millətçi kimi qavramayın, ancaq siz bu dili 60-80-ci illərdə belə pis bilsəydiniz, anlayardım, çünki o zaman azərbaycanca adamı danışmağa məcbur edən mühit yox idi. Bəs yaxşı, indiki zamanda siz necə bazarlıq edirsiniz, necə satıcıları başa salırsınız? Axı, çoxu rusca bilmir.

Sonra düşündüm ki, güman, bu qadının yaşadığı məhlədə hələ də azərbaycanca danışmağa zorunlayan ortam, mühit yoxdur, hamı onunla rusca danışmağa çalışır, ona görə də küçə onu azərbaycancaya zorunlamır.

Azərbaycan insanında ləyaqət, şərəf duyğusu var. Hətta azərbaycanlı yaltağının xeylisi arvad-uşağının qarşısında heysiyyatı alçalanda qızarır. Bəs nədən bizimkilər öz ləyaqətlərinə dillərini aid etməyiblər?!    

 





28.04.2021    çap et  çap et