|
|
|
|
Prezident Co Baydenin böyük siyasi səhv edərək uydurma "erməni soyqırımı"nı tanıması hiddət doğuracaq hadisə olsa da, bu olayın baş verəcəyi gözlənilən idi. Co Bayden bütün siyasi karyerası boyunca ermənipərəst mövqe tutması ilə tanınıb.
Azərbaycana qarşı bir sıra məhdudiyyətlər nəzərdə tutan "Azadlığa dəstək" Aktına 907-ci düzəlişə səs verən senatorlardan biri də məhz Co Bayden olub. Hələ prezident seçkiləri ərəfəsində Co Bayden ABŞ-dakı erməni diaspor təşkilatlarına ünvanladığı məktubda dövlət başçısı olacağı halda "erməni soyqırımı"nı tanıyacağına söz vermişdi. Bu iki səbəb Co Baydenin "erməni soyqırımı"nı tanımasını proqnozlaşdırmağa imkan versə də, Ağ ev sahibinin bu addımını qaçılmaz edən başqa səbəblər də mövcuddur. Uydurma "erməni soyqırımı" ABŞ Konqresinin hər iki palatası, 50 ştatdan 49-u və Kolumbiya Federal Dairəsi tərəfindən tanınıb. Yalınız prezidentlər Türkiyənin önəmini nəzərə alaraq "erməni soyqırımı"nı tanımaqdan çəkinərək, bir qayda olaraq başqa ifadələr işlədirdilər.
Lakin Türkiyənin Rusiya və Çinlə yaxınlaşması, Ankaranın Vaşinqtonun mövqeyinə zidd olaraq bir sıra addımlar atması NATO-nun iki əsas ölkəsi arasında münasibətlərdə çat yaranmasına səbəb olmuşdu. Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksini alması Ankara ilə Vaşinqton arasında münasibətləri son həddə kimi gərginləşdirmişdi. Vaşinqton hətta Ankaraya qarşı sanksiya da tətbiq etmişdi. ABŞ-ın siyasi dairələrində Türkiyəyə qarşı münasibətin dəyişməsinin əsas səbəbi kimi Ankaranın Pekinin qloballaşma layihəsinə maraq göstərməsidir. Vaşinqton Ankaranın bu addımını özünün qloballaşma layihəsinin əleyhinə atılan addım sayır. Vaşinqtonda və dünyanın əksər beyin mərkəzlərində belə hesab edirlər ki, gələcək dünyanın liderini məhz hansı qloballaşma layihəsinin reallaşacağı müəyyənləşdirəcək. Buna görə də Vaşinqton Pekinin qloballaşma layihəsinə qoşulmaq istəyənləri özünün əleyhdarları kimi dəyərləndirir. Buna görə də Ankaraya da münasibət Vaşinqtonun siyasi dairələrində çox sərt şəkilədə dəyişib.
Co Baydenin "erməni soyqırımı"nı tanıyacağını gündəmə gətirən başqa bir amil isə keçmişi yenidən dəyərləndirmək istəyinin ictimai-siyasi fikrin aparıcı xəttinə çevrilməsidir. ABŞ və Avropada başlayan bu hərəkat keçmişi bu günün şərtləri baxımından dəyərləndirməyi zəruri edir. Hətta bir ifadəyə görə belə böyük xidmətləri olan tarixi şəxsiyyətlərin adlarının üstündən xətt çəkilməyə çalışılır. İş o yerə çatıb ki, Londonda böyük dövlət xadimi Uinston Çörçilin heykəlini polislə qorumaq zərurəti yaranıb. ABŞ-da hətta Amerikanı kəşf edən Xristofor Kolumbu qitənin yerli əhalisinin başına gələnlərə görə ağır ittihamlara məruz qoyurlar.
Rusiyada isə belə hesab edirlər ki, Co Baydenin "erməni soyqırımı"nı tanıması Ermənistanın Rusiyanın nəzarətindən çıxarılması məqsədi güdür. Rəsmi Moskvanın fikirlərini ictimai rəyə ötürməklə məşğul olan ictimai-siyasi xadimlər Co Baydenin bu addımını İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiyadan asılılığının artmasını həzm edə bilməyən Vaşinqtonun siyasi addımı kimi dəyərləndirirlər. Bütün bu səbəblər toplusu Co Baydenin uydurma "erməni soyqırımı"nı tanıyacağını qaçılmaz edirdi.
Co Baydenin uydurma "erməni soyqırımı"nı tanıması nə qədər proqnozlaşdırılan olsa da, bu, çox yanlış zamanda baş verdi. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 10 noyabr Bəyanatından sonra Ermənistanla Azərbaycan arasında əməkdaşlıq imkanları yaranmağa başlayırdı. İndi Co Baydenin bu addımı əməkdaşlıq niyyətlərini gündəmdən çıxara bilər. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətə görə qisas almaq istəyən qüvvələrin Ermənistanda mövqeləri bundan sonra güclənə bilər. İyun ayında keçiriləcək vaxtından əvvəl parlament seçkilərində məhz radikal qüvvələr, yeni müharibə tərəfdarları üstünlük qazana bilərlər. Bu isə bölgədəki kövrək sülhün məhvə sürüklənməsi deməkdir. Əgər belə bir hal baş verəcəksə, bunun siyasi və tarixi məsuliyyəti ilk növbədə Co Baydenin üzərinə düşəcək.
ABŞ prezidentinin uydurma "erməni soyqırımı"nı tanımasının Türkiyə və Azərbaycanda, eləcə də bütün türk dünyasında haqlı qəzəb doğurmasına baxmayaraq, bu, Qərblə münasibətlərin zədələnməsinə səbəb olmamalıdır. ABŞ-la münasibətlərin pisləşməsi bütün Qərb dünyası ilə əlaqalərə mənfi təsir göstərə bilər. Co Baydeninin yanlış addımının təsirləri altında Türkiyənin üzünün Qərbdən Şərqə çevirməsi böyük səhv olar. Çünki Çinin tərəfdaşlarına, xüsusilə də ondan asılılığı olan ölkələrə münasibəti məlumdur. Rusiya da bərabərhüquqlu tərəfdaşlığa maraqlı olmadığını bütün tarixi boyu sübut edib. Qərblə münasibətlərin pisləşməsi Türkiyə və Azərbaycanın maraqlarına zidd olduğu kimi, ancaq Ermənistanın xeyrinə olar. Buna görə də Co Baydenin qəbuledilməz mövqeyinə sərt etiraz etməklə yanaşı, bu münasibətin Qərbə qarşı isterikaya çevrilməsinə yol vermək olmaz. Bu mənada Krımın Rusiya tərəfindən ilhaqının tanınması, Türkiyə ərazsindəki ABŞ hərbi bazalarının bağlanması tələblərinin siyasi qərara çevrilməsi Co Baydeninin tarixi səhvindən daha böyük yanlış olacaq.