525.Az

"Siyasi münasibətlərdə dialoq həmişə olmalıdır" - Pənah Hüseyn


 

PƏNAH HÜSEYN: "SİYASİ PARTİYALARA İCTİMAİ MARAĞIN YÜKSƏLMƏYƏ BAŞLAMASI MÜŞAHİDƏ OLUNUR Kİ, BU DA POZİTİV NƏTİCƏLƏR SIRASINA AİD EDİLMƏLİDİR"

"Siyasi münasibətlərdə dialoq həmişə olmalıdır" - <b style="color:red">Pənah Hüseyn</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyndir. 

- Pənah bəy, artıq bir ildən çoxdur ölkədə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiya sədrləri arasında mütəmadi görüşlər keçirilir, fikir mübadiləsi aparılır, təkliflər dinlənilir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Əvvəlcə bir məsələyə diqqət yetirək ki, bu proses bəzən təqdim olunduğu kimi iqtidar-müxalifət dialoqu yox, hakimiyyətlə rəsmi dövlət qeydiyyatında olan siyasi partiyalar arasında dialoqdur. Bu, əlbəttə ki, eyni zamanda, iqtidar-müxalifət təmaslarının, dialoqunun, tam əhatəli olmasa da, bir formasıdır. Otən il Prezident İlham Əliyev prosesin onun mandatı ilə başlanıldığını və həyata keçirildiyini açıqladıqdan sonra əlbəttə ki, bu prosesin siyasi statusu müəyyənləşdirildi. Prosesin tam yetərli və tam əhatəli siyasi dialoqa çevrilməsi və ictimai rəydə tam bu cür də qavranılması üçün səylərin davam etdirilməsinə ehtiyac qalsa da, mən ümumən bu sahədəki hərəkəti pozitiv hesab edirəm və onun inkişafı istiqamətində irəliləyişin olduğu qənaətindəyəm. Aydındır ki, burada iqtidarın korporativ siyasi maraqları da var və prosesdə iştirak edən müxalifət partiyaları bunun fərqindədir. Lakin məncə, prosesi başladan hakimiyyətin bundan korporativ məqsədləri üçün yararlanmaq istəməsi təbiidir. Bunu belə qəbul edərək müəyyənləşdirilməlidir ki, siyasi partiyaların, o cümlədən, müxalifətdə olan partiyaların və ən əsası Azərbaycan cəmiyyətinin ümumi maraqları bu prosesdə nə dərəcədə mövcuddur, proses bu maraqlara cavab verirmi, bu prosesdən cəmiyyətin demokratikləşməsi, siyasi islahatların gerçəkləşdirilməsi üçün istifadə etmək olarmı? Mən o mövqedə olanlardanam ki, müxalifət prosesin passiv obyekti yox, aktiv subyekti kimi iştirak iradəsini ortaya qoysa, yuxarıdakı sualların cavabı müsbətdir.

- Bəzi həmkarlarınız, yəni partiya sədrləri ötən müddət ərzində artıq bu müzakirələrin müəyyən nəticələrə gətirdiyini hesab edirlər. Siz necə düşünürsünüz, belə deyək, dialoqun nə kimi nəticələri olub? 

- Hesab edirəm ki, ötən ilin əvvəlindən başlayaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə partiya sədrləri arasında ikitərəfli və çoxtərəfli görüşlər,  konfranslar və s. formalarda keçirilən tədbirlər, bu tədbirlərdə ölkənin ictimai-siyasi, sosial, təhlükəsizlik məsələləri ətrafında müzakirələrin, fikir, informasiya mübadiləsinin aparılması praktikası, azad olunmuş ərazilərə birgə səfərlərin təşkili, siyasi partiyalarla bir növ "qaynar xətt" yaradılması praktikasının tətbiqi, habelə həm də bu prosesin nəticəsi olaraq bir sıra partiyaların qeydiyyatı, qurultaylarının keçirilməsi, ofis probleminin həlli ümumən Azərbaycan cəmiyyətində yeni, sivil siyasi münasibətlərin formalaşdırılması istiqamətində pozitiv nəticələrdir. 44 günlük Vətən müharibəsində qələbənin mənbələrindən biri olan siyasi partiyaların, o cümlədən, istisnasız olaraq müxalifətdə olan siyasi partiyaların Ordu, dövlət, iqtidarla fəal birlik nümayişi, ümummilli konsensus bir tərəfdən ölkənin müxalif siyasi qüvvələrinin vətənpərvər xarakteri, ümumi maraq və mənafelər naminə əməkdaşlığa meyilli olma təbiəti ilə bağlı idisə, digər tərəfdən, məncə, haqqında danışdığımız prosesin icrası ilə bağlı fəaliyyətlərin nəticəsində mümkün oldu. Son dövrdə demokratik prosesin əsas subyekti olan siyasi partiyalara ictimai marağın yüksəlməyə başlaması müşahidə olunur ki, bu da pozitiv nəticələr sırasına aid edilməlidir. Münasibətlərdə siyasi-psixoloji yadlaşma dərəcəsi aşağı düşüb, siyasi münasibətlərdə insani münasibətlərin yaranması və təsiri amili artıb.

- Əvvəllər də ölkədə dialoq adına müxtəlif təşəbbüslər olub. Bu prosesdə bəzi xarici dairələr ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

- Mən çox istərdim ki, ölkədə siyasi qütbləşmə o həddə çatmasın ki, iqtidarla müxalifət arasında əlaqələr, təmaslar, dialoq xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların vasitəçiliyi ilə həyata keçirilsin. Lakin bunun üçün köklü siyasi islahatların aparılması şərtdir. Hazırkı prosesdə şəxsən mənim iştirakımın səbəblərindən biri də budur. Etiraf edək ki, bu, artıq əhəmiyyətli şəkildə iqtidardan asılıdır. Odur ki, hesab edirəm, proses genişləndirilməli və dərinləşdirilməlidir ki, yuxarıda qeyd etdiyim kimi, tam yetərli və tam əhatəli siyasi dialoq mərhələsinə keçsin. Vətən müharibəsində qazanılmış və müstəqilliyimizin bərpa edilməsindən sonrakı tariximizin ən böyük hadisəsi olan qələbə Azərbaycanda, köklü, inqilabi islahatlar vasitəsilə tamamilə yeni inkişaf mərhələsinə keçid üçün əlverişli mühit, şərait yaradıb və bundan istifadə olunmalıdır.

- Siyasi partiyalar bu görüş və müzakirələrdə müxtəlif təkliflərlə çıxış edirlər. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri verib və onlardan reallaşanı olubmu? 

- Haqqında danışılan proses çərçivəsində 12 siyasi partiya tərəfindən bəyənilmiş "Köklü islahatlarla dəyişikliyə doğru" platforması müzakirəyə təqdim olunub. Platforma-proqramda yeni siyasi reallıqlara uyğun yeni konstitusiyanın, hərbi doktrinanın, təhlükəsizlik konsepsiyasının və korrupsiyaya qarşı mübarizə konsepsiyasının hazırlanıb qəbul edilməsi, seçki islahatının aparılması və azad, ədalətli seçkilər vasitəsilə yüksək ictimai etimadlı parlament və digər seçkili hakimiyyyət orqanlarının formalaşdırılması, sərbəst toplaşma, ifadə, birləşmə hüquq və azadlıqlarının təminatının yüksəldilməsi, tam əhatəli və tam yetərli siyasi dialoq mühitin yaradılması, "siyasi məhbus" problemi deyilən məsələnin sıfırlanaraq birdəfəlik həll edilməsi və s. istiqamətlərə dair baxış, yanaşma və təkliflər əks olunub. Ən son təmaslarda Azərbaycanın Qarabağ siyasəti, 10 noyabr  bəyanatına münasibət, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə dair  siyasi partiyaların ümumrespublika müşavirəsinin keçirilməsi təşəbbüsü irəli sürülüb. İndi özünüz nəticə çıxarın ki, bunlardan hansılar reallaşıb, hansılar yox. Həm də nəzərə almaq lazımdır ki, proses gedir, oldu-bitdinin yox, prosesin içindəyik.

- Vətən müharibəsində biz, sizin də qeyd etdiyiniz kimi, iqtidar- müxalifət birliyinə şahidlik etdik. Bu, bütün cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etdirilməsi nə dərəcədə vacibdir? Çünki nəzərə alaq ki, hələ qarşıda həllini gözləyən məsələlər var.

- Dəfələrlə qeyd etmişik ki, müstəqillik, Qarabağ, işğal olunmuş torpaqlarımızın azad edilməsi, düşmənin silahlı təcavüzü məsələləri bizim üçün daxili siyasi münasibətlərin fövqündə dayanır. Yəni 44 günlük Vətən müharibəsində bu məsələlərdə nə mövqedə olmuşuqsa, o mövqelərdə də qalırıq.

- Hakimiyyət tərəfindən dialoqa fərq qoyulmadan bütün partiyalar dəvət edilib. Amma bəzi siyasi dairələr dialoqdan imtina etdi. Üstəlik, bu prosesdə iştirak edən həmkarlarına qarşı müxtəlif iddialar səsləndirirlər. Məsələn, Ağdam səfəri ilə bağlı. Siz də həmin səfərdə yəqin ki, iştirak etmisiniz. Həmkarlarınızın bu mövqeyini necə qiymətləndirirsiniz?

- Deyə bilərəm ki, heç bir partiya ümumiyyətlə, siyasi dialoqdan imtina etdiyini səsləndirməyib. Lakin ayrı-ayrı partiyalar  tərəfindən dialoqun forma və məzmunu, məsələn, formatı, yeri, gündəliyinə dair fərqli baxışları, şərtləri oldu. Məncə, tam yetərli və tam əhatəli dialoqun alınması üçün resurs tükənməyib. Mən siyasi partiya nümayəndələrinin azad olunmuş Ağdama səfərində o vaxt koronavirusa yoluxmam səbəbindən iştirak edə bilmədim. Xəstə olmasaydım, iştirak edəcəkdim. AXP-ni həmin səfərdə MNTK sədri təmsil edib. Məncə, qıcıq yaradan mövzuları boş vermək lazımdır.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- Prinsipcə, siyasi münasibətlərdə dialoq həmişə olmalıdır. İndiki halda tam əhatəli dialoqa ehtiyac var. Siyasi iradə olsa, hər iki tərəfdən, imitasiya məqamları real prosesə keçəcək. Əks halda, imitasiya real olanı üstələyəcək və bu proses bitəcək. Necə olmalıdır ki, axırıncı olmasın, mən öz təklif və baxışlarımızın konturların yuxarıda göstərdim. Daha ağlabatan təkliflər olacaqsa, onlara tərəfdar çıxacağıq. Ən son dövrdə siyasi partiyalar haqqında yeni qanunun qəbulu, proporsional seçki sisteminin tətbiqi ilə bağlı referendum, parlamentə növbədənkənar seçkilər, ərazi hakimiyyət orqanlarının islahatı, seçkili merlər məsələləri gündəmə gəlib.

- Pənah bəy, bir məsələ ilə bağlı da mövqeyiniz maraqlıdır. Regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizi məsələləri gündəmdədir. Ermənistandan isə yenə də revanşist, müharibə bəyanatları gəlir. Bununla bağlı mövqeyiniz necədir?

- Zəngəzur məsələsində Prezident İlham Əliyevin son bəyanatlarına prinsipcə, tərəfdarıq və müdafiə edirik. Eyni zamanda, regionda gərginliyin mənbəyi terrorçu "Artsax" qurumunun mövcudluğudur. "Artsax" məhv edilməlidir. Ondan sonra və yalnız ondan sonra gərginliklər aradan qalxacaq.

PƏRVANƏ

 





28.04.2021    çap et  çap et