"Ulduz" jurnalının 2021-ci ildəki 4-cü sayı işıq üzü görüb. Aprel sayını Günel Xəzəlin mərhum yazar Zərdüşt Şəfi ilə xəyali söhbəti açır. Söhbətin davamında Günel Xəzəlin şeirləri, ardınca Zərdüşt Şəfinin poetik nümunələri yer alıb.
"Nəsr" bölməsində Orxan Cuvarlının "Şlaqbaum", Ənvər Çingizoğlunun "Elat eşşəyi", Arzu Nehrəmlinin "Uzağa gedən gün", Şəhla Aslanın "Koronavirus" hekayələri çap olunub. Alpay Azərin tərcüməsində Boris Çimeşanın "Əbədi söz", Blaqoye Vuyisiçin "Bir dağ meyxanasının son gecəsi" hekayəsi, Dürdanə İbrahimovanın tərcüməsində Faiz Softicin "Bacılar", Kemel Musiçin "Ölüm evə gələndə" hekayəsi, Məqsəd Nurun tərcüməsində Boqiç Rakoçeviçin "Ziyarət" hekayəsi, Nəcibə Bağırzadənin tərcüməsində isə Nataşa Rakoçeviç Juriçin "Qəhvə" hekayəsi ilə jurnalda yer alıb.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Ulduz" jurnalı ilə ortaq layihəsi - "Çağdaş Monteneqro ədəbiyyatı" silsiləsindən Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadənin bu mövzuda yazısı da jurnalın bu sayında dərc olunub. Səlim Babullaoğlunun tərcüməsində Slobodan Vukanoviç və Bojidar Proroçiçin, Elxan Zalın tərcüməsində Boris Yovanoviç Kastel və Lena Rutun, Fərid Hüseynin tərcüməsində Miras Martinoviçin şeirləri də bu saydadır.
"Şeir vaxtı" rubrikasında Aysel Səfərlinin şeirləri oxuculara təqdim edilib.
"Tənqid" bölməsində Filologiya elmləri doktoru Vaqif Yusifli "Ədəbi fraqmentlər: şair, gilənar yarpağı, payız, bir də o qız" adlı yazısında Elxan Yurdoğlunun, "Hər gün yenilənir ürəyim" yazısında Məhsəti Musanın, "Narıngülün nəsri" yazısında Narıngül Nadirin yaradıcılığının bəzi nüanslarını təhlilə çəkib.
Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızı "Tribuna" rubrikasında "Ədəbiyyatımızın dostu, dostumuzun ədəbiyyatı" yazısında türkiyəli yazar İmdat Avşar yaradıcılığına səyahət edib.
Nadir Rzalının "Bala, ağzını yerə tut", İlbəst Arzumanın isə "Qaradinməz" hekayəsi, Xuraman Hüseynzadənin "Müharibədən ədəbiyyata" adlı essesi də bu sayda "Ulduz"un oxucularına çatdırılıb.
Qərbi Kaspi Universitetinin III kurs tələbəsi Sona Səlimli "İki sözün birləşməsi" adlı yazısı ilə oxucuların görüşünə gəlib.
Türkiyəli yazar Əbdülqədir Özqanın "Məcik böcək" hekayəsi Təranə Vahidin dilimizə çevirməsi ilə jurnalda yer alıb.
"Ulduz" jurnalının "Dərgidə kitab" bölməsində Səlim Babullaoğlunun tərcüməsində Tomas Tranströmerin "Xatirələr mənə baxır" kitabından esselər və müsahibəsi ilə aprel sayı yekunlaşır.
Nadir RZALI
çap et