525.Az

Qarabağ xanlığının pul, çəki və ölçü vahidləri


 

Qarabağ xanlığının pul, çəki və ölçü vahidləri<b style="color:red"></b>

Hər bir dövlətin müstəqillik atributlarından biri də onun pul vahididir. XVIII əsrin ortalarında paytaxtı Şuşa qalasına köçən Qarabağ xanlığı da öz pulunu dövriyyəyə buraxıb. Xanlıq qalaya köçəndən sonra Pənahəli xanın göstərişi ilə yaradılan zərbxanada pul kəsilməyə başlanılıb. Qarabağ xanlığının təkcə pul yox, çəki və ölçü vahidləri də olub.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: "Qarabağ xanlığının pul vahidi və dövlət atributlarından biri olan "pənahabadi" Pənahabbadda (Şuşada) kəsilir və şəhərin adı ilə adlandırılırdı, xalq arasında "pənabad", yaxud "pənavat" da deyilirdi. Pənahabadi bir misqal vəzində, çar Rusiyasının köhnə gümüş pulu ilə 5 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə "pənahabadi", o biri üzündə isə "La ilahə illəllah və Məhəmmədun rusullüllah" sözləri yazılmışdı.

"Pənahabadi"nin 6-sı bir manat, 8-i isə "Qarabağ tüməni" adlanırdı. Eyni zamanda, bu pul "təklik" və "cütlük" ilə 30 qəpik hesab olunurdu. "Pənahabadi" demək olar ki, bütün Azərbaycan xanlıqlarında və Yaxın Şərq ölkələrində dövriyyə vasitəsi kimi işlənirdi, iqtisadi əlaqələr və ticarətin inkişafında əsas vasitəyə çevrilmişdi. Məsələn, Naxçıvanda bir nəfər qoyununu satırdısa, hər baş qoyun üçün bir "pənahabadi", yaxud 20 qəpik gümüş pul verməli idi. XVIII əsrin ortalarından dövriyyə buraxılamağa başlayan "pənahabadi" XX əsrin 30-cu illərinə qədər Yaxın Şərq ölkələrində və Orta Asiyada pul vahidi kimi işlənirdi.

Qarabağda pul vahidi olan "sahibqran" Şuşada da kəsilirdi. İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşada qətlindən sonra İbrahimxəlil xan Cavanşir ədəb qaydasında və İranla münasibətləri yoluna qoymaq üçün "sahibqran" -35,5 qəpik dəyərində gümüş pul kəsdirməyə başladı. "Sahibqıran" bəzi hökmdarların, o cümlədən də, Əmir Teymurun titulu idi. Qarabağ xanlığında həmin pul İran hökmdarı Fətəli xan Qacarın şərəfinə "Fətəlişahi" də adlandırılırdı. Həmin pullar Qarabağın Rusiya tərkibinə daxil olmasına qədər dövriyyədə olub".

Tədqiqatçı-jurnalist daha sonra bildirib: "İstil-xanlıqlar dövründə Qarabağda çəki vahidi idi, təxminən 800 qram, bəzən isə 1 kiloqram hesab edilirdi. Bəzi yerlərdə onun ağırlığı 600 qram, bəzi yerlərdə isə 1 kiloqram hesab olunurdu. İstil yarım Rusiyada qədim çəki daşı olmaq etibarı ilə üç girvənkə (funt) miqdarında, yəni, min iki yüz qrama bərabər idi. Xanlıq dövründə Qarabağda "xan arşını" ölçü vahidi kimi işlənirdi və hazırkı metrdən beş-on santimetr artıq idi.

"Arşınmalçı" sözü Şuşada yaranıb və bilavasitə bu şəhərin həyatı ilə sıx bağlıdır, müxtəlif parça növlərini məhəllə-məhəllə, küçəbəküçə, evbəev gəzərək satan adama deyirdilər. Uzunluq ölçü vahidi kimi işlədilən arşın yetmiş santimetrlik metal, ya da taxta çubuqdur. "Mal" Azərbaycanda müxtəlif parça məmulatlarına deyilir. "Çı" şəkilçisi Azərbaycan dilində yeni sözdüzəldici şəkilçilər növünə aiddir və əlavə olunduğu sözlə məşğuliyyəti müəyyən edir. "Arşın mal alan" anlayışı isə Azərbaycan dilində arşınla ölçülən mal-parça təklif etmək mənasını daşıyır.

Yalnız Şuşaya məxsus bir özəllik olan arşınmalçılıq XIX əsrin ortalarından tədricən məşğuliyyətə çevrilərək sənət növü kimi formalaşıb. Bu sənətlə məşğul olanlar tacir olmaslar da, xırda alverlə məşğul olurdular. Tacirlərdən fərqli olaraq arşınmalçılar, hətta qadın məclislərinə də sərbəst buraxılırdılar və onların istənilən evə girişləri azad idi.

Arşınmalçıların hamısının demək olar ki, gözəl və məlahətli səsi olub. Onlar məhəllələri gəzərkən ənənəvi şərq melodiyalarından istifadə edirdilər. Bütün bunlar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında da təsvir olunub".

 





28.04.2021    çap et  çap et