525.Az

Prezidentlə hökumət arasında qalmaqal


 

Prezidentlə hökumət arasında qalmaqal<b style="color:red"></b>

Çox yaxın tarixin müttəfiqi olan Praqa ilə Moskva arasında 7 il öncə silah anbarında baş vermiş partlayışa görə yaranan qalmaqal getdikcə böyüyür.

Rəsmi Praqanın Rusiya səfirliyinin əməkdaşlarının 18 nəfərini arzuolunmaz şəxs elan etməsinə cavab olaraq Moskva Çexiyanın 20 diplomatını ölkədən çıxardı. Avropa dövlətlərinin bir çoxu Çexiya ilə həmrəylik göstərərək Rusiya diplomatlarını arzuolunmaz şəxs elan etməyə başladılar.

Sovet İttifaqının Rusiya ilə bərabər, 15 müttəfiq respublikasının üçü - Latviya, Litva və Estoniya Çexiya ilə həmrəylik göstərərək, rus diplomatlarını arzuolunmaz şəxs elan etdi. Polşa, Slovakiya və Bolqarıstan da Çexiya ilə həmrəylik göstərərək Rusiya diplomatlarını ölkədən qovdu.

Ancaq belə görünür ki, bu da son deyil. Praqa ilə Moskva arasındakı gərginlik Çexiyanın daxili siyasətinə də təsir etməyə başlayıb. Çexiya prezidenti Miloş Zemanın aprelin 25-də xalqa müraciətində Moskvanın partlayışda rolunun olması ilə bağlı hökumətin mövqeyini şübhə altına alması qalmaqalın böyüməsinə səbəb olub. Prezident Zeman bildirib ki, silah anbarı ətrafında baş verənlər xarici kəşfiyyat orqanlarının fəaliyyətinin nəticəsi ola bilər. Dövlət başçısının bu açıqlamasına cavab olaraq Çexiya parlamentinin yuxarı palatası - Senat prezident Miloş Zemanı vətənə xəyanətdə ittiham etməyə hazırlaşır.

Bununla bağlı Senatın sədri Miloş Vıstrçil televiziya ilə çıxışında bəyan edib. Miloş Vıstrçil bildirib ki, prezident Miloş Zeman silah anbarının partlaması ilə bağlı istintaq sirlərini yayaraq başqa ölkənin maraqlarını həyata keçirməklə vətənə xəyanət edib.

Senatın sədri ilə yanaşı, baş nazir Andrey Babiş də prezidentin bu mövqeyini sərt tənqid edib. Baş nazir Andrey Babiş bəyan edib ki, silah anbarında baş vermiş partlayışın Rusiyanın xüsusi xidmət orqanlarının xəfiyyələrinin əməli olmasına şübhə yoxdur. O deyib ki, daxili işlər naziri Yan Qamaçekin partlayışı Rusiyanın hərbi xüsusi xidmət orqanı olan Baş Kəşfiyyat İdarəsinin xəfiyyələrinin törətməsinin alternativ versiyasının olmadığını bəyan edib. Prezident isə daxili işlər nazirinin bu fikirlərini şübhə altına alıb və Rusiyanın bu işdə rolunun olmasına dair əsaslı dəlillər olmadığını bildirib. Prezidentin bu mövqeyi Rusiya ilə gərgin münasibətlərdə olan Çexiya hökumətinin mövqelərinə ağır zərbə vurub. Prezident Miloş Zeman Rusiyayönümlü mövqeyi ilə tanınır və dəfələrlə Moskvanın maraqlarına uyğun açıqlamalar verib. Bütün bunlar isə Çexiya hökumətinin və parlamentinin səbr kasasını daşırıb. Ona görə də parlamentin yuxarı palatası dövlət başçısına qarşı ən sərt addımlar atmağa, onu dövlətə xəyanətdə ittiham etməyə hazırlaşır.

Qeyd edək ki, Çexiyada baş verən bu qalmaqalın digər Avropa ölkələrində də baş verməsi ehtimalı çox yüksəkdir.

 





28.04.2021    çap et  çap et