525.Az

Birinci siniflərə şagird qəbulu başlayıb


 

Birinci siniflərə şagird qəbulu başlayıb<b style="color:red"></b>

Aprelin 27-dən etibarən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Təhsil Nazirliyinin məlumatına görə, birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Təhsil Nazirliyinin rəsmi internet saytının "Sual-cavab" bölməsinə (https://edu.gov.az/az/faq) "Virtual bələdçi" xidməti əlavə edilib. Yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə isə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

İdarədən verilən məlumata görə, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunacaq.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp" müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək. Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.

 





28.04.2021    çap et  çap et