... Anasız Roza bacı çırağını yandırdığı ocaqda ömür-gün yoldaşının vaxtsız atasız-anasız qalmış bacı və qardaşlarına analıq etdi, Nizami isə atalıq. Gəlin baldız və qayınlarına analıq, qardaş isə atalıq edə-edə onları böyütdülər, oxutdular, ev-eşik yiyəsi elədilər. Özləri də oğul-uşaq yiyəsi oldular.
Tanrının öz sevdiyi bəndələrini ağır sınaqlara çəkdiyinə cavanlıq dostum Nizaminin, orta məktəbdə sinif yoldaşı olduğum Roza xanımın başına gələnlərdən sonra bir daha inandım. Ailənin ilk oğlan övladları elə uşaq yaşlarında qatarın altına düşdü... Salamat qalsa da, şikəst oldu...
Ata-ana ailənin ikinci oğlu Həzinin üstündə əsim-əsim əsirdi. Şabranda dünyaya göz açmışdı Həzi. Amma şəhərə yaxın bir yerdə böyüyən uşağın meyli nədənsə torpağa idi, əkib-becərməyi xoşlayırdı, Güzdəkdə, dəmiryolu stansiyasının yaxınlığında beləcə boya-başa çatmaqdaydı.
Və... On doqquz yaşı tamam olmadan, o "uşaq" ilk əvvəl əkib-becərəcəyi torpağı qorumaq uğrunda Birinci Qarabağ savaşında cəbhəyə yollandı. 1993-cü ilin payızında, oktyabrın əvvəllərində Laçında gedən döyüşlərdə şəhid oldu.
Atasının təkidi ilə o vaxtlar hələ qatarların arabir keçdiyi Güzdək dəmir yolu vağzalı ilə üzbəüz kol-kos basmış bir təpədə Həzi üçün qəbir qazdılar. Kənd qəbiristanı da var idi, Həzinin babalarının torpağa tapşırıldığı ata-ana yurdu Şabranda, doğma məzarların yanında boş yerlər də... Lakin şəhid atasının fikri qəti idi: "Həzi yüksəkliyi, ucalığı sevərdi. Elə dağlar qoynunda da şəhid olmuşdu. Balaca ikən hər dəfə qatarların səsinə yüyürüb evdən çıxar, vaqonların arxasınca baxmağı xoşlardı. Həzi o təpədə torpağa tapşırılsa, bəlkə gəlib-gedən qatarların səsinə daha rahatı uyuyar", - deyə qərarına haqq qazandırdı. Axı, Həzi bir gün o qatarlara minib dünyanı dolaşmaq istəmişdi...
Torpaq uğrunda canından keçən, heç on doqquz yaşı tamam olmadan ömrünü vətənə fəda edən qeyrətli oğulun məzarı o təpədə ilk qəbir oldu.
Sonra o boz təpədə Həziyə qonşu bir qəbir də qazıldı. Oğul itkisinə dözə bilməyib qubarlanan Roza xanım da dünyasını vaxtsız dəyişdi. Oğlunu o boz təpədə yalqız buraxmaq ona ağır gəldi.
... Yenicə eşitdiyim qəfil xəbər, əziz dostun Nizaminin az qala pıçıltı ilə, hıçqırıq içində telefonda mənə verdiyi xəbər qulaqlarımda bomba kimi partladı.
Ana-balanın o qoşa qəbrinin yanında, demə, dünən bir qəbir də qazılıbmış. Şəhid qardaşının ölümünə inanmayan, anası üçün darıxan Vaqifin qəbri...
Dediyim kimi, Vaqif uşaq vaxtı dəmir yolunda qatar altına düşmüşdü. Fiziki şikəstliyi ilə yanaşı, qəzanın beynində-başında fəsadları qalmışdı. Bəzən uşaq ağlında olardı, ancaq uşaq ağlı ilə çox həyatsevər, şux, nikbin oğlan idi. Yaşı əllini haqlamaqda idi. Yeganə qardaş kimi, Vaqif bacılarının and yeri idi.
Yəqin ki, indi bacıların and yeri Vaqifin aman-zaman yadigarı Valehin adı olacaq!
Səbrinə söykən, qardaşım! Valehi ev-eşik yiyəsi elə! Ölüm haqdır. Axirət dünyasında xanımın Roza bacı, şəhid balamız Həzi, Vaqif özü səndən ilk əvvəl Cavadovlar soyadının davamçısını soruşacaqlar, yəqin...
24 aprel 2021-ci il