525.Az

Rəfail Tağızadənin şeirləri


 

Rəfail Tağızadənin <b style="color:red">şeirləri</b>

Təzadlı gecəni yaşamaq çətin... 

 Hər an haldan-hala düşən adamtək 
 təzadlı gecəni yaşamaq çətin... 
 Ömür səhnə deyil, gecələr pərdə 
 çəkəsən sitəmin üstünə, dərdə... 
 
 Dəyişir əhvalın mehsiz, küləksiz, 
 səni dəlib keçir hər şey yel kimi. 
 Tutar ürəyindən, dəyişər halın        
 sübhətək ağaran qara tel kimi. 
 
 Səhərə hələ bir uzun gecə var 
 uzanar bu gecə zülmət dərətək, 
 daşıyar yuxuluölü adamı 
 səhər sahilinə yumşaq bərətək. 
 
 Kiminin nəfəsi çatar səhərə, 
 kimi qaranlıqda boğulub gedər, 
 kimi yuxularda gələr dünyaya- 
 gecənin bətnindən doğulub gedər. 
 
 Hər an haldan-hala düşən adamtək 
 təzadlı gecəni yaşamaq çətin... 
 ömür səhnə deyil, gecələr pərdə 
 çəkəsən sitəmin üstünə, dərdə... 
                         07.07.2013 
 
 Könlüm göy sevdasında 
 
 Doyub gündüzlərin çılpaqlığından                                     
 gecənin eşqiylə yoğrulacağam, 
 məni qanadına alan buludlar, 
 o bəyaz qoynunda doğulacağam. 
 
 Mənim ayaqlarım uçur  bu yerdən, 
 bu yer, yer olmadı, yuva olmadı,                              
 içində yatmadım, qapı açmadım 
 qaralan komalar oba olmadı
                                                     
 Mənim qulağımda çay şırıltısı, 
 mənim qulağımda səma səsi var, 
 tutub əllərimdən məni aparan 
 segahın bir həzin, xoş nəfəsi var.    
                                  
 Düşər gözlərimə ay işartısı, 
 göy buludunu üstümə sərər, 
 ruhum bu gecənin qanadlarından 
 könlümə, köksümə xəyallar səpər. 
                        26.07.2013 
 
 Bir kəhər dayanıb Cıdır Düzündə 
 
 Bu atın yalını kim darayıb, kim? 
 Darağı əlində gəzən kim imiş? 
 Kimsəsiz yurdumun tənhalığında        
 külək nəvazişi məni bitirmiş.                                   
Mənim səhərimin üzü qaranlıq, 
 günümün, ayımın işığı itib, 
 mənim kürəyimdə qamçı səsləri, 
 boynumda üzəngi kölgəsi bitib. 
 
 Sükutu qoynuna çəkən dərənin 
 həsrətin, kədərin izi üzündə, 
 köhnə tumarında sığalım itən 
 bir kəhər dayanıb Cıdır Düzündə.                                               
 
 Bu yerin gözəli Qarabağ atı,          
 gör neçə illərdi, kişnəmir, gülmür, 
 bu sınıq qollarım, topal əllərim
 o vaxtdan saç yalı daraya bilmir
                                                     19.01.2014 
 Quzanlıdan ötür, gedim 
 
 Çiçək açmır budaqlarım, 
 solub, donub yanaqlarım, 
 gün-gün artır qınaqlarım, 
 apar məni, çıxım gedim. 
 
 Baxa-baxa boğuluram, 
 axşam-səhər ovuluram, 
 ürkək mehlə qovuluram, 
 apar məni, çıxım gedim. 
 
 Boz səmamı bulud örtüb, 
 ay tutulub, günəş itib, 
 olanlarım olub, bitib, 
 apar məni, çıxım gedim. 
 
 Boş xəyaldan qurasan, 
 qurduğundan umasan, 
 boz köksünə ha cumasan, 
 apar məni, çıxım gedim, 
 Quzanlıdan ötür, gedim. 
 
 Yurdum varmı, mülküm ola, 
 əynimdə bir kürküm ola, 
 geri dönən türküm ola, 
 qata məni qabağına, 
 çəkə məni çomağına, 
 oturda kül ocağına. 
 Sovulmuş içi talayam, 
 külümdən ocaq qalayam, 
 dərdimdən qucaq qalayam, 
 itənləri tapanacan, 
 öz-özündən qopanacan. 
 
 Apar məni, apar qardaş, 
 məndən böyük olarmı daş? 
Bir binada divar olum, 
 bir divarda bir daş olum, 
 sökük daşa bardaş olum, 
 gömülmüşə başdaş olum, 
 itənlərə qardaş olum. 
 Apar məni, apar gedim, 
 məni dərddən qopar, gedim. 
 
 Quş da qalmır qərib eldə, 
 qucaq açsa qərib el , 
 necə dözüm bu boz çöldə
 necə dözüm mən bu dərdə? 
 Köçkün adam, küskün adam,            
 qala bilmir özgə yerdə, 
 döyür məni ilıq yel ? 
 Apar məni, apar gedim

Quzanlıdan
ötür, gedim. 

  atımı çapım gəlim, 
 istəyimi yapım gəlim, 
 dərdlərimdən qopum gəlim, 
 apar məni, apar qardaş, 
 apar məni, apar gedim,

 

Quzanlıdan ötüb gedim.

 

08.12.2013

 

 

Ümidə bax, ilahi! 
 
 Bu ölüm-itimdi, 
 bir nəfəsin içində, 
 sən niyə çırpınırsan 
 boş qəfəsin içində. 
 
 Sən qanadsız quşmusan,                     
 qonmağa yermi qəhət, 
 hardan tapdın sən məni 
 sevməyə yoxmucəsəd”. 
 
 Mənə ümid bağlama, 
 məndən sənə olan , 
 baxıb mənə ağlama 
 həqiqət bu, yalan ?     
                    
 Bu divarsız evimdə 
 fələk qapımı döyür, 
 şair ümidinə bax-        
 bəxtsiz bəxtin öyür. 
      06.07.2013 

 
Sənin özəl şəhərin
 
 
 Sənə bir şəhər salım 
 yeni; iki nəfərlik, 
 uzunu bir yol boyu 
 eni iki nəfərlik. 
 
 Qızılgülün ətriylə 
 dolan bir evim olsun, 
 ruhumuzu oxşayan 
 o evim, evin olsun. 
 
 Evinin pəncərəsi 
 bizim dənizə baxsın, 
 gündüz günəş, gecə ay, 
 süzülüb evə axsın. 
 
 Dalğalar layla çalsın 
 gecə sənin yuxuna, 
 ləpə özü gələcək 
 hər gün səhər qoxuna. 
 
 Sənə bir şəhər salım 
 yeni; iki nəfərlik, 
uzunu bir yol boyu 
 eni iki nəfərlik. 
                                       22.01.2014 
 
 Hər olanı dərd eləmə 
 
 Hər olanı dərd eləmə, 
 dərd belə yer axtarır, 
 hamı ora düşmək üçün 
 fürsət gəzir, fel axtarır. 
             
 Burax qoşa tel oynasın, 
 rüzgar sənə meh kimidi, 
 sevincdən axan göz yaşı 
 gül üzündə şeh kimidi. 
 
 Qarşına uzanan yolu                    
 səhərlər baxış süpürər, 
 köksümə sığınan gözəl, 
 köksüm təzə gül bitirər. 
                                       09.09.2013 
 
 Dənizin xatirəsi 
 
 Bu məsum gecəni, kövrək gecəni 
 bir görən oldumu bizdən savayı? 
 Alıb ulduzların uzaq salamın 
 dənizin səsini duyan oldumu? 
 Bir az rahatlanıb, bir az boşalıb, 
 röyalar içində uyan oldumu? 
 Üstünə yüyürən ağappaq ləpə 
 o ipək əlinə gəlib qonacaq,                              
 sonra da dənizin xəlbət sözünü 
 sənin qulağına pıçıldayacaq. 
 Bu məhrəm söhbəti bitirsin deyə 
 hələ neçə kərə gedib gələcək, 
 sözləri birəbir gəlib deyəcək, 
 sonra da dənizin köpük havasın 
 xəstə ürəyimə səpib gedəcək. 
 Sənin dərd ortağın, o söz sirdaşın 
 ağaran ləpələr, o ləpələr 
 sahilə yaylıq sərib gedəcək.. 
 Üstünə yüyürən, üstümə qaçan, 
 o coşan dalğalar, sakit ləpələr 
 xatirə yazacaq gecə adına, 
 qumlu sahillərin boz yaddaşına, 
 qulaq yaddaşına, göz yaddaşına. 
 Bu gecə ay da yox, ulduzlar, dəniz, 
 bir ki, o tənha sahildəki biz, 
 əriyən gecədə, uçan gecədə, 
 bizləri bir yerdə tutan gecədə, 
 ulduzla, dənizlə qalıb baş-başa 
 gəzərik gecəni biz qoşa-qoşa, 
 gəzərik sahili o baş, bu başa. 
 Bu gecə ay da yox, ulduzlar, dəniz, 
 bir ki, o tənha sahildəki biz...

 

                          30.12.2013 
 





24.03.2014    çap et  çap et