525.Az

Can verdi yurdunu yaşatmaq üçün...


 

VƏTƏN MÜHARİBƏMİZİN ŞƏHİD QƏHRƏMANLARI SIRASINDA ƏLİYEV ƏMRAH ÜLFƏT OĞLUNUN DA ADI VAR

Can verdi yurdunu yaşatmaq üçün...<b style="color:red"></b> Heç bir qələbə, heç bir zəfər asanlıqla əldə olunmur. Təəssüf ki, dünyanın düzəni belədir: haqqın olanı belə itkilərinlə, ağrılarınla qazanırsan. Hələ bu, torpaq itkisi, vətən həsrətidirsə. Zamanında o torpaqların sahibləri zorla, silah gücünə, ölümlər səbəbinə min illik dədə-baba yurdlarından çıxarılır. Haqqını tələb edəndə, vətənini qorumağa çalışanda minlərlə qurbanlar verir, amma yenə də haqsızlığın önünü kəsə bilmirlər. Sonra başlayır vətən həsrətiylə keçən ömür.

O ömür ki, hər nəfəsində vətənində vətənsizliyinlə baş-başa qalırsan, özünü qoymağa yer, ürəyinin odunu söndürməyə su tapmırsan. Nə qəribədir ki, həmin dövrdə belə qurban verirsən, itkilər yaşayırsan, səhərlərin şəhid xəbərlərinə açılır. Gedən gedir, amma bir parça torpağın da əsarətdən qurtulmur. Bəs nə oldu bu itkilərin nəticəsi deyə için-içini yeyir. Sonra gün gəlir ki, bıçaq sümüyə dayanır, “ya vətən, ya ölüm” deyib sarılırsan silaha, qaldırırsan başını yerdən. Başlayır böyük Vətən savaşın. Düz 44 gün itkilərinlə, qazanclarınla, ağrılarınla, sevinclərinlə bir məqsədə köklənir və nəhayətində, o böyük zəfərə yetişirsən. Önündə 30 ildən sonra azad etdiyin vətənin, yumruq kimi birləşən xalq, arxada isə 3000-ə yaxın qəhrəman şəhidlərin vətən uğrunda torpağa əmanət gedən cavan canı...
Tovuz rayonu Dondarquşçu kəndinin Vətən müharibəsində qurban verdiyi şəhidlərimizdəndir Əliyev Əmrah Ülfətoğlu. Cəmi 23 yaşı vardı kəfənini boynuna salıb torpaqlarının azadlığı uğrunda könüllü şəkildə ön cəbhəyə yollananda. Demək olar ki, müharibənin sonuna kimi də qəhrəmancasına döyüşmüş, Şuşa zəfərini də görmüşdü. Təəssüf ki, böyük qələbəni görmək üçün 2-cə gün möhləti yetmədi və o, elə Şuşa zəfərinin rəsmən açıqlandığı gün şəhidlik zirvəsinə ucaldı.

Evin 3-cü övladı idi Əmrah: özündən böyük iki bacısı, özündən kiçik bir qardaşı vardı. Atası traktor sürücüsü, anası isə evdar qadındır. 2003-cü ildə Tovuz rayon Dondarquşçu kənd tam orta məktəbində 1-cisinifə getmişdi. Tanıyanların sözləridir ki, o, tərbiyəli, mədəni, qürurlu, vətənsevər uşaq idi. Əmrah 10 yaşından traktor sürməyə başlamış və o vaxtlardan kənd təsərrüfatında işləyərək öz halal zəhmətilə pul qazanmağa çalışmışdı. Zəhmətkeş, həssas, ailəsinə bağlı bir insan idi. Eyni zamanda,məktəbə də gedir, dərslərinə də diqqətli yanaşardı, heçkim Əmrahdan narazılıq etməzdi. Yaşının az olmasına baxmayaraq, kənddə yaxşı hörmət qazanmışdı. Böyüklə böyük kimi, kiçiklə  kiçik kimi rəftarı, anlayışlı xasiyyəti, insanlarla yola getmək xüsusiyyəti onu hər kəsə sevdirmişdi.Kəndin yaşca ən kiçik traktor sürücüsü olan Əmrah həm də xeyirxahlığı ilə tanınırdı. Belə ki, o, nisbətən imkansız ailələrin işini pulsuz görərmiş. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanlarından yaxşı nəticə göstərib, qəbul olsa da, atasını köməksiz qoymaq istəmədiyindən təhsilinin ardıyca getmir, yenə də öz doğma kəndində təsərrüfat işləriylə məşğul olmağa davam edir.

2016-cı ildə vətənə xidmətə yollanır, əsgərliyi Beyləqan rayonunda keçir. O, həmin dönəmdə Aprel döyüşlərində də minamyotçu kimi xidmət edir. Yüksək şücaət göstərdiyinə görə fəxri medala layiq görülür. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub doğma kəndinə geri dönür və əvvəlki kimi kəndtəsərrüfatındaişləməyəbaşlayır. Həmin ilin noyabr ayında ailə həyatı quran Əmrahın 2019-cu ilin noyabrın 4-də ilk övladı Adəm dünyaya gəlir. Nə yazıq ki, Əmrah Adəm balasını heç bir il doğru-düzgün görə bilmir.

Ən böyük arzusu özünə ev tikmək olan Əmrah bunun üçün gecə-gündüz işləyirdi. Lakin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşmaq üçün cəbhəyə könüllü yazıldı Əmrah. Oktyabr ayında döyüşə yollandı. O gedəndən sonra oğlu Adəmin 1 yaşı tamam olur. Əmrah oğlunu telefon vasitəsiylə təbrik edə bilir ancaq. İkinci övladını isə ümumiyyətlə görmür. Son telefon zənglərinin birində, əgər müharibədən qayıtmasa, övladının adını Rüfət qoymağı vəsiyyət edir. Noyabrın 8-də Əmrahın evlə son danışığı olur, sevinclə “Bu gün yaxşı xəbər eşidəcəksiz” deyir. Bir neçə saatdan sonra canlı yayımda Ali Baş Komandan İlham Əliyev çıxış edərək Şuşa zəfərini açıqlayır. Lakin təəssüf ki, ailənin sevinci yarıda qırılır. Çünki elə həmin gün Əmrahın şəhidlik xəbəri gəlir. İki övlad atası, ikinci oğlunun üzünü belə görməyən Əmrah vətənin azadlığı yolunda əbədiyyətə yüksəlmişdi. Noyabrın 9-da, Əmrahın həyat yoldaşının qız toyu ildönümündə şəhidimiz son yolçuluğuna uğurlandı, canından keçdiyi torpağa əmanət edildi. Bir yaşını atasız keçirən və bundan sonrakı həyatını da atasız yaşamağa məhkum qalan Adəm bala atasının gözlərinə torpağı öz kiçik əlləriylə tökdü, körpə canıyla nə baş verdiyinin fərqində olmadan.


Bu xalqın həm fəxri, həm də qəlbinə düşən oddur şəhidlərimiz. Başımızın dikliyi, alnımızın açıqlığı, gözümüzün yaşıdırlar. Əbədi and yerimiz, ruhlarına layiq olmağı boynumuzun borcu bildiyimiz qürur mənbəyimizdirlər. Həm itkimiz, həm də qazancımızdırlar. Hər birini sayğı, sevgi və ehtiramla yad edir, ruhlarına dinclik diləyirik! Allah rəhmət eləsin!

MEHRİ

 





29.04.2021    çap et  çap et