525.Az

Tualet qapısına yazılmış şeirlər


 

Tualet qapısına yazılmış şeirlər<b style="color:red"></b> Birinci məktub
 
Termometr  40-ı göstərir, miqren də siçovul kimi beynimin torpağını qazırdı. Otağın bir küncünə sıxılıb, dizlərimi qucaqlamışdım. Özümü ana kimi əzizləməyə çalışırdım: “Keçəcək hamısı, oğul, düzələcəksən. Möhkəm ol, möhkəm ol, bu imtahanları keç. Sonra istəsən lap ölərsən, amma indi olmaz!”
 
Qapının arasından sivişib keçən külək açıq belimi qurudurdu. Daha bərk qucaqladım sənin oğlunu. Öz mərkəzimə qaçdım. Uzaq deyilmiş. Sabunçu stansiyası yolu üzərindəki o kiçik parkda yelləncəyə baxıb gülürdün. Taleyə bax, özümü axtarırdım, səni tapdım, ana! Birdən qatar keçdi. Mən qatarı görmədim, amma səsini eşitdim. Sonra kar oldum. Körpəni aldın qucağına, oturdun, səni yelləməyə başladım. Bərk, daha bərk yellədim. Körpən düşdü yerə. Amma ağlamadı, heç səsi də çıxmadı. Bu uşaq nə qardaşıma oxşayırdı, nə də mənə.
 
Yox, qızdırmaya görə deyildi bu gördüklərim. Bilirəm, məndən ana olmaz, ana! İnsanın tanrı olmaq iddiasına düşməyi kimi gülüncdür bu. Amma mən səni və tanrını-tanrımız birdir və tanrısı bir olan insanlar ən yaxın qohumdan da yaxındırlar, günəşim, - tanımaq, tanımaqdan daha çox sizi anlamaq istəyirəm, əzizim. Odur ki, sənə yazıram. Yazıram ki, sənə qayıdım. Sənə qayıtsam, Allaha daha yaxın olacam, ana! Sənin tanrına, mənim tanrıma, bizim tanrımıza.
 
Bütün yaxşı və pis insanları Allah yaradıb. Bilirsən, ana, yaxşı adamların atasına rəhmət oxuyurlar. Pis adamların isə analarına söyürlər. Kitabxanamızın tualetinin qapısına şeirlər və ana söyüşləri yazıblar. “Hasretin nazlıdır Ankara...” , “Ben seni İstanbul boğazında değil, Ankara ayazında sevdim”.  Ana söyüşləri isə bütün dillərdə iyrəncdir, murdardır. Ana söyüşü nəcis kimidir. Yadındadı, uşaq vaxtı bir dəfə səndən soruşmuşdum ki, ilk söyüşü kim söyüb? Sən də cavab vermişdin ki, pis adamlar söyüb. İndi mən böyümüşəm, ana. Bilirəm, yaxşı adamlar olub bu dünyada. Yaxşı adamların anaları çox ağlayıblar. İsa Məryəmin oğlu idi, Hüseyn də Fatimənin. Bilirsən, mən pis adamları da başa düşməyə çalışıram. Onlar bəlkə də analarını kədərli görməmək üçün pis olublar. Bəs, onda niyə başqalarının analarını söyüblər? Bax, bunu bilmirəm, günəşim, bilmirəm...
 





24.03.2014    çap et  çap et