525.Az

Bakıdakı "parkovşikləri" kimlər himayə edir? - Sosial şəbəkədə yazılanlar


 

Bakıdakı "parkovşikləri" kimlər himayə edir? - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Elçin Hüseynbəyli, yazıçı:

- Dostlar, bir məsələni sizinlə bölüşmək istəyirəm. "Neftçilər" metrosundan aşağı, yəni "Razin körpüsü" deyilən yerdən NZS-ə düşən bir xiyaban var. Mən onu "Zeytun bağı" adlandırıram. Xiyaban üç bölümdən ibarətdir və qəhrəman yanğın söndürənimiz Ramiz Kərimovun da büstü ordadır. Bir neçə aydır ki, xiyabanda heç bir fənər yanmır. Havalar isindikcə adamlar istirahət üçün bu xiyabana (parka) gəlir. Qaranlıq xiyabandan isə nə desən gözləmək olar. Zeytun ağacları ölümünü gözləyən "kapyuşon"lu (papaqlı) cəngavərlərə, lampası yanmayan dirəklər isə əli toppuzlu (qılınclı da demək olar) cəlladlara bənzəyir. Maraqlıdır ki, parkın kimin tabeçiliyində olduğunu bilən yoxdur. Hələ ki, araşdırma gedir. Faciə bilirsiniz nədədir? Biz xarabalığa döndərilmiş Qarabağı abad etmək haqqında düşünürük. Amma gözümüzün qabağında bir qəhrəmanın adını daşıyan xiyaban müdhiş mənzərə yaradır. Bu mesajımı paylaşın, lütfən, bəlkə kimsə səsimizə səs verdi... 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- BNA rəhbəri Vüsal müəllim yenə də "parkovşik"lərin onlara aidiyyatının olmadığını bildirib. Bununla artıq neçənci dəfədir ki, səlahiyyətli dövlət qurumu öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır. Qanunla BNA-ya verilən səlahiyyəti hansısa bir X şirkəti icra edir və pullar onun kassasına gedir. Anlamıram ki, dövlət nəzarətinə cavabdeh şəxslər üçün Prezidentin fərman və sərəncamlarının icrasına nəzarət edənlər üçün daha hansı mesajlar verilməlidir? Təsəvvür edin ki, real fəaliyyət göstərən "parkovka" infrastrukturu var, xidmət göstərilir və bununla bağlı pullar yığılır. Və ən qəribəsi odur ki, bununla bağlı, bu məsələləri tənzimləyən hüquqi-normativ baza da var. Yalnız bir şey yoxdur. Nazirlər Kabineti "parkovka" ilə bağlı tarifləri müəyyən etmir. Güman ki, kimlərsə "ağır çəkililər" NK-ya təsir edə bilirlər ki, nə qədər imkan varsa, Prezidentin fərmanının bu hissəsi icra edilməsin, qanuni "parkovka" tarifləri müəyyən olunmasın. BNA deyir ki, məhz bu səbəbdən də parkovka ilə bağlı innovasiyalara əsaslanan normal bir sistem qura bilmirlər. Əgər NK bu məsələni həll edə bilmirsə, onda düşünürəm ki, Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanına dəyişiklik edilsin və tariflərlə bağlı səlahiyyət elə BNA-nın özünə verilsin və bununla da ümid edirəm ki, 4 il davam edən problem həllini tapar. 

Elçin Alıoğlu, jurnalist:

- Bakıda "parkovşiklər" adlanan mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bütün dövlət qurumları da "bizə aidiyyatı yoxdur" deyir. Bakıda, günün günorta çağı sürücülərdən 1 manat yığılır və "parkovşik"ləri "himayə" edənlər yoxdur? Bu nağılı kimə danışırsınız, məmurlar? "Parkovşik"lərin havadarları var... 

Xalid Vahidoğlu, jurnalist:

- ASAN xidmətdə göstərilən xidmətlərdən hər kəs razıdır. Avtomobildə olanda da, adətən, "ASAN radio"ya qulaq asıram. Dünən radioda vətəndaşlara əmlakla bağlı verilən "Forma-1" arayışın alınması üçün dövlət rüsumu ilə bağlı sual cavablandırıldı: "Dövlət rüsumu 10 manat, xidmət haqqı 40 manat".  Mənə təəccüblü o oldu ki, əgər vətəndaş bu arayışı dövlət qurumundan almaq üçün 10 manat dövlət rüsumu ödəyirsə, niyə rüsumun məbləğindən 4 dəfə artıq əlavə xidmət haqqı ödəməlidir? Bir xidmətə görə, vətəndaşdan iki fərqli vəsaitin alınmasının əsaslandırması nədir? 

Zümrüd Dadaşzadə, professor:

- Ədilə Hüseynzadə (1916-2005). Konservatoriyanı bəstəkar kimi bitirmiş ilk azərbaycanlı xanım. Onun yaradıcılığı - romans və nəğmələri, xorları, instrumental əsərləri musiqi tariximizin ayrılmaz hissəsidir. 28 aprel - 105 yaşı tamam olur... Ruhu şad olsun. Onun məftunedici çöhrəsi var idi: qövsvari qaşların altından diqqətlə insana baxan iri, ümmantək dərin qonur gözləri. Adamı heyran qoyan nəcib gözəlliyə malik idi Ədilə xanım. Geyim tərzi də məxsusi idi: yüksək zövq sahibi olan bu xanım klassik üsluba üstünlük verirdi. Eyni zamanda, libası kiçicik aksessuarla bəzəyib təravətləndirməyi, rövnəqləndirməyi də bacarırdı. Hər hansı bir praqmatizm, təkəbbür, şöhrətpərəstlikdən uzaq olan o səmimi xeyirxahlığı, təvazökarlığı, nadir pozitiv aurası ilə seçilir, hamıya sevgi, diqqət, qəlbinin hərarətini səxavətlə bəxş edirdi. Ümumiyyətlə, heç zaman heç kimə, əgər belə demək caizsə, öz problemlərini sırımazdı. Hətta ahıl yaşında belə... Son illər, yəqin, özünü o qədər də yaxşı hiss etmirdi. Amma üzündə daim əsrarəngiz təbəssüm, saxta deyil, əsl nurlu təbəssüm, ruhunun gözəlliyinin inikası kimi... 

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Bilirsiniz ki, Azərbaycanda digər müsəlman ölkələrindən fərqli olaraq qəbirlərin üzərində quran ayələri və dini sözlər ilə yanaşı, hətta bəzi bölgələrdə daha çox şeir yazıblar. Bu mənada çox maraqlıdır ki, XVI əsrdə Zəngəzurun Urud kəndində vəfat etmiş bir şəxsin qəbrinin üzərində Azərbaycan dilində bir şeir əks olunub. Mərhum alim Məşədi Xanım bunu oxuyub, Sovet elmi ədəbiyyatında isə bunu sənədləşdiriblər. Mənim anadan olduğum kəndin sakinlərinin bir hissəsi də, Osmanlı kameral dəftərlərinə görə 18-ci əsrin əvvəllərində (1727) ta Ağdamdan Zəngəzura, indi də qalan tarixi Səlim Karvansarayının ətrafındakı yaylaqlara gedirmiş. 500 il əvvəl vəfat etmiş Urudlunun qəbrinin üzərində yazılıb:

Bir cavani nazəninin məskənidir
bu məzar,
Eyləmiş nazik tənin,
xak ilə yeksan ruzgar,
Deyin ki, yarın gördüm,
gözu qanlı sözü odlu...

Elxan Şahinoğlu, politoloq:

- Böyük ehtimalla, Azərbaycanın yaxın müddətdə İsraildə səfirliyi açılacaq. Rəsmi Bakı birinci addım kimi Azərbaycanın İsraildə turizm və ticarət büroları açacaq. İsrail Xarici işlər naziri Qabi Aşkenazi bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın onlayn iclasından sonra "Twitter" hesabında belə yazıb: "Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir. Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır".

Bu məsələni yubatmağın yeri yoxdur. Kimdən və nədən çəkinirik? Əgər Azərbaycan rəsmiləri İsraili dost adlandırırlarsa, bu ölkədən aldığımız hərbi texnika müharibədə işimizə yaradısa, üstəgəl, Ermənistan da İsraildə səfirlik açıbsa, biz İsraildə səfirliyin açılmasını niyə ləngitməliyik? Sadəcə, səfirliyin Qüdsdə deyil, Tel-Əvivdə açılması doğru olar.

Azər Qəribov, jurnalist:

- "Azərbaycanda otellər çox bahadır, heç yerə gedə bilmirik, əlimiz çatmır" - bu və bu kimi fikirlər tez-tez səslənir, şərhlərdə yazılır, izləyicilər tərəfindən dəstəklənir. Bəli, Azərbaycanda yalnız otellər deyil, digər şeylər də bahadır, məsələn, bizdə maska 30 qəpikdir, Moskvada 4 qəpik, amma sözüm onda yox. Otellərin qiymətləri söhbətinə gələndə nədənsə hamı 5 ulduzlu otellərin qiymətlərini misal gətirir. Bir neçə məqama toxunum. Heç bir ölkədə 5 ulduzlu otel ucuz deyil, nə rifahlı Avropada, nə də acından günorta duran Maldiv adalarında. Düzdür, xidmət (servis) sarıdan biz hələ ki, beynalxalq standartlara tam çatmırıq, amma fakt budur ki, 5 ulduzlu otel ucuz ola bilməz. Ələlxüsus satış varsa, heç bir sahibkar öz malını ucuz satmaz, bəyənsək də belədir, bəyənməsək də. Yüksək maaş alan Almaniyada da belədir, qəpik-quruş alan Efiopiyada da. Lakin ölkənin turistik və otel potensialı 5 ulduzlu otellərlə ölçülmür. Əgər belə otellərə alternativ varsa, əgər insanlar öz ciblərinə uyğun gecələmə imknalarını əldə edə bilirlərsə, bu, müsbət faktor kimi dəyərləndirilir. İndi baxaq bizdə vəziyyət necədir. Naftalanda mən 5 ulduzlu "Gashalti Healzh Hotel"ində müalicə aldım və eyni iradları aldım - bizim Naftalana pulumuz çatmır, bizi o qiymətlər qane etmir, biz qaldıq biçarə. Yox, düz demirsiniz. Azərbaycanın istənilən bölgəsində artıq hər bir cibə imkanlar var, sadəcə araşdırmaq lazımdır. Əgər bir müddət əvvəl həqiqətən də bütün güc 5 ulduzlu otellərin tikintisinə verilmişdirsə, bu gün istənilən kateqoriyalı gecələmə imkanları var məmləkətimizdə. Qəbələnin mərkəzində 3 ulduzlu otel var, gecəsi 30 manat, səhər yeməyi ilə, bahadırmı bu? Naftalanda 12 otel var, onların yalnız dördü 5 ulduzludur, qalanlarında münasib, bəzən isə çox ucuz müalicə almaq olar. Mənim istiqamətim lakşeri otellərdi, bu sahədə çalışıram, müasir dildə desək, formatım budur, amma məhz elə istənilən imkanların mövcudluğunu sübut etmək üçün Naftalanda olanda gedib Gözəl Naftalan otelini gəzdim. Mətbəxinə qədər getdim, otağlarına baxdım və s. Ay balam, otel 30 manata həm neft vannalarını verir, həm gündə 3 dəfə yemək verir, harda var belə qiymətlər?  Bəli, 5 ulduzlu komfort yoxdur, 5 ulduzlu səviyyə yoxdur, 5 ulduzlu gen-bolluq yoxdur, 5 ulduzlu “Şvedskiy stol” yoxdu, o servis yoxdur bu oteldə. Amma əgər kimsə həqiqətən də müalicə almaq istəyirsə və bahalı otelə imkanı çatmırsa, o, müalicəsiz qalmayacaq. Yəni dediyim odur ki, tənqidlə yanaşı, ədalət naminə olanları da inkar etməyək. Dediyim kimi, ölkəmizin hər bir yerində artıq kifayət qədər gecələmə və qidalanma imkanları da. O ki qaldı ölkədə ümumi bahaçılığa, bununla tam razıyam, bazar od tutub yanır, bütün malların qiymətləri sürətlə artır, tikinti materialları isə əlçatmaz olur, günü gündən. Amma nikbin olaq, bircə bu pandemiyanın başına bir daş düşsəydi, biz də rahat nəfəs alardıq...

 





30.04.2021    çap et  çap et