525.Az

Biganə qala bilmirəm... - Yazı


 

Biganə qala bilmirəm... - <b style="color:red">Yazı</b>

"Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz"... Azərbaycan radiosundan gələn məlahətli qadın səsi mənim ürəyimdə kök salmış sözləri deyirdi sanki.

İlk məhəbbətimə doğru gedən yollar uzanırdı. On dəqiqəlik yol indi gözümün önündən gedən on ilimə bərabər olmuşdu. On ildir ki, mən onu şəxsən tanıyıram. Bu on ildə heç sevgimi dəyişə bilmədim. Neçə-neçə sənədli filmlər çəkdim başqa TV-lərdə, onlarla xəbər saytları yaratdım. Hər gün gündəm xəbərləri ilə işləməyimə baxmayaraq, yenə sevgimi dəyişə bilmədim. Çünki bu sevgi mənim ağlım kəsəndən şəxsiyyət kimi qəbul etdiyim obrazları özündə birləşdirmişdi. Beş yaşımda xəyalən vurulduğum sevgilim Azərbaycan rradiosuna iyirmi yaşımda qovuşmuş olsam da, bu məhəbbət nakam qaldı. Biz ayrıldıq. İndi AZTV-nin qapısından hansı gün, hansı saat keçsəm, canımda xüsusi bir titrəmə olur. Hər dəfəsində də üz tuturam radioya doğru. Mən Azərbaycan radiosundan ilk nağılımı eşitmişəm. Anam mənə layla deməsinə baxmayaraq, nağıl oxumazdı. Səbəbi isə anamın rus təsilli olması idi. Beş yaşımdan mən Azərbaycan radiosundan istədiyimi almışam. Universiteti bitirəndə isə ilk üz tutduğum bu məkanda talehimə qızıl hərflərlə yazılan verilişlərimin adları olub ("Məqsədimiz var", "Addım atdım", "Kimsiz siz", "Yenə efirdəsən" və s...).  Daima yenilik axtarmışam bu köhnə radioda. Düşünmüşəm ki, bura möcüzələr məkanıdır. Efirindən getmiş olsam da, özümü radiodan kənardaki kimi hesab etməmişəm. Düzdür, hər yeni iş ətrafımda dostlarımı artırıb. Amma köhnə dostlar və radiosəslər ilə daim bir yerdə olmuşam. O radioda işləyənlər hər məni görəndə sevincək "Qayıtdın?" deyə sual verirsə, "Biz bu gün sənin kimi işləyirik" deyirsə, bu, mənim sevgimin bariz nümunəsidir.  Az.TV yenilənib, gözəlləşib. Hətta evlərimizdə ən çox baxılan və dinlənilən bir dalğaya dönüb. Kimin sayəsində? Bu on ildə Az.TV rəhbərliyinin dəyişməsini ən çox gözləyənlərdən biri, bəlkə də, birincisi mən olmuşam. Düşünürəm ki, gənc nəsildən olan bir kəsin belə mötəbər vəzifəyə təyin olunması Az.TV-nin tarixində ən böyük uğurdur. Cənab Prezidentin uğurlarla yazdığı tarixin xalqa çatdırılmasında bu ana televiziyanın işi danılmazdır. Mətbuat adamlarının bir çoxunu tanısam da, Rövşən Məmmədovu tanımırdım. İki ildən çoxdur ki, bir jurnalist kimi onun etdiklərini izləyirəm və sözün əsl mənasında zövq alıram. İndi anlayıram ki, insan yenilikçi olanda gözü götürməyəni də çox olurmuş. Mən əslində, bu taleyi yaşamışam deyə, bu gün biganə qala bilmirəm. Əlehinə yazılar yazılır, kampaniyalar təşkil edilir. Niyə, axı biz iş görən birini sevmirik? Yuxarıda qeyd etmişdim ki, mən Az.TV-də olmasam da, içəridə nələr baş verirsə, daima məlumatım olur. Əgər bir rəhbər heç kimin tapşırığı olmadan qəbuluna gedən qələm adamını adi bir söhbət zamanı dəyərləndirib, baş redaktor təyin edə bilirsə və yaxud da təyin edirsə, bunun nəyi pisdir? Sual verirəm əvvəlki rəhbərliklərin qəbuluna düşə bilirdinizmi? Bəlkə əvvəlki rəhbərliyin vaxtında tapşırıq olmadan işə qəbul olunurduz, mənim xəbərim yoxdur? Şəxsən mən dayım, day-dayım olmadığına görə sevdiyim və neçə-neçə uğurlu verilişlər etdiyim Aərbaycan radiosundan ürək ağrısı ilə getmişəm. Həzarat, gəlin bir olaq, birlik olaq ki, yaxşılıq qalib gəlsin.

Günay NOVRUZ

 





30.04.2021    çap et  çap et