525.Az

Qadın fermerlərin fəaliyyətinə dəstək


 

"AFAQ" LAYİHƏSİ ONLARI İŞGÜZARLIĞA TƏŞVİQ EDİR

Qadın fermerlərin fəaliyyətinə dəstək<b style="color:red"></b>

Müasir Azərbaycanın iqtisadi və ictimai həyatında qadınların rolu gündən-günə artır, onlar ölkəmizin inkişafı naminə bütün sahələrdə get-gedə daha yüksək əzm və igüzarlıq nümayiş etdirirlər. Artq aqrar sektorda da uğurla fəaliyyət göstərən qadın təsərrüfatçılarımız az deyil. Onların bu sahədə daha böyük müvəffəqiyyətlərə nail olmasını təmin etmək üçün dövlətin dəstəyi ilə ardıcıl tədbirlər həyata keçirilir.

Bu yöndə layihələrdən biri, incə qadın adı daşıyan "AFAQ"dır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan  "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən "PAŞA Holding"in dəstəyi ilə həyata keçirilən "AFAQ - Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" layihəsi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların işgüzar inkişafı, o cümlədən, bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi daşıyır. 2019-cu ilin may ayından start götürən bu layihə çərçivəsində Azərbaycanın bölgələrində qadın təsərrüfatçılarla mütəmadi görüşlər keçirilir. Bu günlərdə belə bir işgüzar tədbir Ağdamda - Quzanlı qəsəbəsində olub.

Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, yerli Aqrar İnkişaf Mərkəzinin təmsilçiləri, həmçinin, "AFAQ" layihəsi çərçivəsində keçirilən ilkin təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edənlər qadın fermerlərə göstərilən dəstəyin aqrar sahədə məşğulluğun artmasına müsbət təsir göstərməsindən, o cümlədən, qadın fermerlərin dövlətin bu qayğısından yararlanıb, bölgələrimizin sosial-iqtisadi həyatında daha fəal rol oynayacaqlarından danışıblar. O da vurğulanıb ki, layihənin ardıcıl  mərhələlərində qadın fermerlərə texniki avadanlıqlar veriləcək, həmçinin, gələcəkdə fermer qadınlara məhsulların satışı və aqrar fəaliyyətin təkmilləşdirilməsi istiqamətlərində də dəstək veriləcək.

Fermer qadınlar da təsərrüfatlarının inkişaf etdirilməsi yönündə onlara  göstərilən dəstəkdən məmnun olduqlarını dilə gətiriblər.

"Bu layihədə iştirak üçün müraciət edən ilk qadın fermerlərdən biriyəm. Şadam ki, istəyim müsbət dəyərləndirildi və mən zəruri təlimlərdə iştirak etdim. Bu gün isə artıq mənə texniki dəstək göstərilir. Bu dəstəklə təsərrüfatımı daha da böyütmək imkanı əldə edirəm", - deyə onlardan biri, Leyla Ağamirova razılığını bildirir.

Görüşdən sonra yerli qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib. Həmçinin, müvafiq rayon üzrə layihədə iştirak edən 33 qadın fermerə əvvəlcədən müəyyənləşdirilmiş ehtiyac göstəriciləri əsasında avadanlıq və qurğularla (süd sağan aparat, taxıl üyüdən, ot doğrayan avadanlıqlar, yem və su qabları və s.) dəstək göstərilib.

Texniki dəstək göstərilən qadın fermerlər arasında Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən mülki yaşayış obyektlərinin atəşə tutulması nəticəsində təsərrüfatları zərər görmüş vətəndaşlar üstünlük təşkil edir.

Qeyd edək ki, bu günədək AFAQ layihəsinə 600 nəfərə yaxın qadın fermer müraciət edib, onlardan 145 nəfərin təsərrüfatına baxış keçirilib və müvafiq  qiymətləndirmə işləri aparılılıb.

Bundan əvvəl isə "AFAQ" layihəsi çərçivəsində 10 müxtəlif regiondan olan 35 qadın fermerə dəstək göstərilib.

Zakir MURADOV
Ağdam-Gəncə

 





30.04.2021    çap et  çap et