Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı da özündə ehtiva edir. Sözügedən sənəddə təhsilə dair qeyd olunan strateji vəzifələri ayrı-ayrı başlıqlarla incələdikdə Təhsil İnstitutunun həmin vəzifələrə uyğun planlı iş apardığını görmək mümkündür.
"Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd olunur ki, cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları və yenilənmələri dərinləşməli, inteqrativ tədris təcrübəsi genişləndirilməlidir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun sözlərinə görə, ümumən bu sahədə məzmun yenilənməsinə nail olmaq üçün Təhsil İnstitutu Sinqapurun "Alston" nəşriyyat evi və Marşel Kavendiş İnstitutu ilə birgə fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində bu şirkətlər yuxarı siniflər üçün təbiət fənləri, ibtidai siniflər üçün "Həyat bilgisi" fənninin və bütün siniflər üzrə riyaziyyat fənninin həm təhsil proqramlarının (kurikulumlarının), həm də dərslik komplektlərinin təkmilləşdirilməsi prosesinə cəlb olunub. Adıçəkilən şirkətlərin ekspertləri yerli mütəxəssislərə kurikulumların və dərsliklərin təhlili və təkmilləşdirilməsi istiqamətində təlimlər keçib: "Əlavə olaraq, Təhsil İnstitutu tərəfindən həyata keçirilən uğurlu layihələrin tədricən ümumi təhsil sisteminə yeni məzmun kimi inteqrasiya olunması, onların davamlılığının və əlçatanlığının təmin edilməsi qarşıya qoyulan vacib məqsədlərdəndir. Təhsil İnstitutu müxtəlif siniflər üzrə tədris planlarına STEAM dərslərinin ayrıca bir dərs olaraq salınması və ya digər mövcud məzmuna inteqrasiya olunması kimi suallar üzərində də araşdırmalar aparır. Eyni zamanda, yeni məzmuna uyğun olaraq müəllimlərin işə qəbul imtahanlarında cavablandırdığı suallar və müəllimə olan tələblər də nəzərdən keçirilməlidir. Bildiyiniz kimi, Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən mütəmadi ixtisasartırma təlimləri təşkil edilir. Bundan əlavə, artıq Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) də fəaliyyətə başlayıb. Bu mərkəzin yaradılmasında əsas məqsəd yerlərdə metodik kabinetlərin işinin yenidən qurulması, müəllimlərə məzmun, qiymətləndirmə, tədrisin təşkili, istedadlı uşaqların müəyyən olunması və digər mövzularda dəstək göstərilməsidir. Bu il MDM tərəfindən 300 metodistin hazırlanması nəzərdə tutulur. Yeni məzmuna uyğun buraxılış və ali məktəblərə qəbul imtahanlarının da mahiyyəti dəyişməli, suallar müxtəlif bacarıqların ölçülməsinə xidmət etməlidir. Bu istiqamətdə artıq Dövlət İmtahan Mərkəzi ilə birgə müəyyən işlər görülməyə başlanılıb, müştərək layihə üzərində müzakirələr aparılıb və tədricən birgə fəaliyyət planının tərtib edilməsi hədəf olaraq qoyulub".
Direktor bildirib ki, Milli Prioritetlərə dair sənəddə ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq əsas vəzifələrdən biridir.
Adıçəkilən beynəlxalq qiymətləndirmələr tədqiqat xarakteri daşıyır və ölkələrə təhsil siyasətini formalaşdırmağa kömək edir. Təhsil İnstitutu ölkəmizdə beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsində və nəticələrin tədqiq olunmasında əsas rol oynayır. İnstitutun bu fəaliyyət sahəsi ilə məşğul olan ayrıca şöbəsi də mövcuddur. Ölkədə tətbiq olunan bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında son illərdə irəliləyiş müşahidə olunmaqdadır. Ən yüksək yaxşılaşma isə TIMSS beynəlxalq qiymətləndirməsində müşahidə olunub. Məhz bu cür tədqiqatlar nəticəsində hansı istiqamətdə inkişafetdirici addımların atılması ilə bağlı fikir formalaşır. 2016-cı ildən bəri bu qiymətləndirmə tədqiqatlarının tələblərinə uyğun müxtəlif layihələr "STEAM Azərbaycan", "İcma əsaslı məktəbəqədər təhsil", "Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı" həyata keçirilir, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunur. Əldə olunan müvəffəqiyyətlərlə yanaşı, görüləcək işlər də hələ çoxdur. Belə ki, beynəlxalq qiymətləndirmələrdə şagirdlərimiz riyaziyyatdan nisbətən yaxşı nəticə göstərsələr də, təbiət fənləri üzrə nəticələrin qənaətbəxş olmadığını görürük. Təhsil İnstitutu tərəfindən hazırda təbiət fənlərinin məzmununun təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə nəticələrin yaxşılaşmasına zəmin yaradacaq.
R.Əzizov vurğulayır ki, Milli Prioritetlərə dair sənəddə erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməsi vəzifəsi xüsusilə qeyd edilib. Məktəbəqədər təhsilin şagirdin gələcək uğurlarında əhəmiyyətli rolu olduğu şübhəsizdir. Bunu həm mütəxəssislər, həm də müxtəlif empirik araşdırmalar və beynəlxalq qiymətləndirmələr üzrə ölkələrin müqayisəli analizi göstərir. Son illərdə məktəbəqədər təhsillə bağlı böyük müvəffəqiyyətlər əldə olunmuşdur və burada Təhsil İnstitutunun rolu mühümdür. Belə ki, Təhsil İnstitutu nəzdində keçirilən pilot layihələr tədricən təhsil sistemimizə daxil olmaqdadır. Müqayisə üçün qeyd edək ki, 2015-2016-cı illərdə məktəbəhazırlıq (5 yaş) qruplarına cəmi 24 faiz uşaq cəlb olunurdusa, hazırda bu rəqəm təxminən 85 faiz təşkil edir. Azərbaycan məktəbəhazırlığa cəlb olunmada artım sürətinə görə artıq UNICEF tərəfindən nümunə ölkə kimi göstərilir. Təhsil İnstitutu nəzdində 3 ildən bəri UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən 3-4 yaşlı uşaqlar üçün "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi davam edir. Yeni model, ənənəvi bağça modelinə nisbətən iqtisadi səmərəlilik və əlçatanlıq baxımından böyük potensiala malikdir. Xüsusilə regionlarda olmaqla hazırda 500 qrupda 10.000-dək uşaq bu layihə çərçivəsində məktəbəqədər təhsilə cəlb olunub. Təhsil İnstitutunun "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi cari ildə də davam etdiriləcək və paralel olaraq, pilot layihənin optimal variant kimi təhsil sisteminə inteqrasiya olunması üçün maliyyələşmə modelləri üzərində təkliflər hazırlanacaqdır.
Direktor vurğulayıb ki, pandemiya dövründə Təhsil İnstitutunun üzərinə böyük məsuliyyət və yerinə yetirilməsi zəruri olan işlər düşür. Pandemiya rəqəmsal təhsilə keçidi sürətləndirir və bütün təhsil iştirakçılarının fəaliyyətində müəyyən dəyişiklikləri şərtləndirir. Bu istiqamətdə təhsilverənləri dəstəkləmək üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu UNICEF ilə birgə "Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi" adlı layihə həyata keçirib. Həmçinin, COVİD-19 pandemiyası dövründə və sonrasında istər məktəb, istərsə də evdə tədrisin effektiv təşkilinə dair müxtəlif resurslar - video təlimatlar, şagirdlərə ilkin psixososial dəstək göstərilməsi ilə bağlı müəllim və valideynlər üçün tövsiyələr hazırlanıb: "Düşünürük ki, yaxın gələcəkdə pandemiya bitsə də, dünyada rəqəmsal təhsilə keçid sürətlə davam edəcək. Bu baxımdan, Təhsil İnstitutu rəqəmsal təhsilə dair strateji prioritetlərin müəyyən olunmasında da yaxından iştirak edir. Təhsilalanların rəqəmsal bacarıqlarının gücləndirilməsi, təhsil proqramlarının adaptasiya olunması, məlumatların mütəmadi yığılması və görülən tədbirlərin təsirinin ölçülməsinin prioritetlər sırasında olacağına inanırıq".
R.Əzizovun sözlərinə görə, Milli Prioritetlər peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanmasını da nəzərdə tutur. Eləcə də, bacarıqların harmoniyada inkişafına əsaslanan "Ömürboyu təhsil"ə xüsusi önəm verilməlidir: "Bildiyiniz kimi, son illərdə ölkədə peşə təhsilinin yenidən təşkili ilə bağlı geniş fəaliyyət göstərilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bu işləri sürətlə və uğurla icra etməkdədir. Təhsil İnstitutu PTDA ilə səriştə əsaslı, Azərbaycanın milli kvalifikasiyalar çərçivəsinin tələblərinə uyğun məzmun tərtibatı istiqamətində əməkdaşlıq edir. Hazırda Avropa Təlim Fondu ilə yeni layihə üzərində işlər gedir. Layihədə milli kvalifikasiya çərçivəsinə uyğun olaraq, "Ömürboyu təhsil"ə dair hüquqi-normativ bazanın təkmilləşdirilməsi, kvalifikasiya və təlim proqramlarının tərtib olunması, kvalifikasiyaların qeydiyyatı və monitorinq sisteminin qurulması, özü öyrənmə səriştələrinin təsdiqi və "Ömürboyu təhsilə" uyğunluğunun təmin edilməsi, milli kvalifikasiyaların sertifikatlaşdırılması və peşə yönümü xidmətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər nəzərdə tutulur. Bundan əlavə, təhsil pillələri arasında varisliyin təmin olunması, kvalifikasiyaların qismən tanınması və pillələrarası əlaqələrin genişləndirilməsi əsas gələcək prioritetlərdəndir".
Təhsil İnstitutu ali təhsil müəssisələri (ATM) ilə əməkdaşlığın genişləndirilməsini hədəfləyir: "Hesab edirik ki, ATM-lər ilə məzmun, pedaqoji kadrların hazırlanması və tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq edə bilərik. 2021-2022-ci tədris ilindən etibarən 7 universitetdə SABAH magistratura proqramları tədris olunmağa başlayacaq. Bu proqramların hamısı yeni kurikulum, tədris planı və müəllim hazırlığını tələb edən yeni peşələrlə əlaqəlidir.
SABAH magistratura tələbələri üçün əlavə təlimlər, tədqiqatlar, multidisiplinar innovativ layihələr həyata keçirmək və iş dünyası ilə əlaqə qurmaq üçün Təhsil İnstitutu nəzdində Tədris-Təlim Mərkəzi (TTM) yaradılır. Tələbələr mərkəzdə sistem düşüncəsi (systempreneurship), dizayn təfəkkürü, süni intellekt, tədqiqatçı menecer və daha fərqli təlimlərə qatılmaq imkanı əldə edəcəklər. Müxtəlif ixtisas və universitetlərdən cəlb olunan tələbələr birgə yeni məhsul və xidmətlərin dizaynı üzərində işləyəcək, prototiplər hazırlayacaq, sınaqdan keçirəcək, təkmilləşdirəcək və təqdim edəcəklər. Eyni zamanda, SABAH magistratura tələbələri digər ölkələrdə olan universitet innovasiya mərkəzləri ilə əlaqə qurmaq, mərkəzlərin "Mentorship" proqramlarında iştirak etmək imkanı qazanacaqlar. Təhsil İnstitutunun tədqiqatçıları tələbələrə diplom işləri üçün empirik tədqiqat aparmaq və həmin tədqiqatları beynəlxalq jurnallarda çap etmək üçün əlavə təlimlər keçəcəklər. Düşünürük ki, bu layihə ATM-lərlə əlaqələrin qurulmasında vacib rol oynayacaq".
Sevinc QARAYEVA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub