525.Az

Teledebat, yoxsa?.. - Təəssürat


 

Teledebat, yoxsa?.. - <b style="color:red">Təəssürat</b>

Həftədə bir dərs əzbərləyib lövhəyə çıxmağa can atan "əlaçılar", yəqin ki, orta məktəb illərindən hamımızın yaddaşında qalmış olar. Qınamıram, bu da bir məharətdir! Ancaq bu məharət yalnız və yalnız ötəri, mükəmməl bilikdən, intellektual inkişafdan uzaq baş dolandırmaq üçündür! Bu bilik, bu öyrənmə isə uca məqsədlərə doğru yolda insana etibarlı yoldaşlıq edə bilməz.

Fikrim hamını mükəmməl biliklə, ciddi elmlə məşğul olmağa çağırmaq deyil. Hər kəs bu və ya digər elmi, yaxud elmsiz sahəni öyrənməkdə sərbəstdir, istədiyi qədər mənimsəyə bilər və sözsüz ki, bunun bəhrəsini də nadir cəfakeş alimləri, tədqiqatçıları, ixtiraçıları... çıxmaq şərtilə, ilk növbədə özü görəcək. Ən azından üç-dörd nəfərin içində deməyə sözü, adam arasına çıxmağa üzü olacaq. Respublikamızda bu gün peşə təhsilinə diqqətin artırıldığı, ustad sənətkarın yarımçıq alimdən daha üstün tutulduğu, hətta daha gözəl  güzəran sürdüyü bir vaxtda yaxşı təhsil həm də cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq vətəndaş və şəxsiyyət formalaşdırılmasını özündə ehtiva edir. Buna görə də ən azı müasir dünya adamının kəmsavad, naşı, avam görünməyəcəyi səviyyədə biliyə sahib olması zəruridir.

Mətləbi uzatmadan gələk "dərs əlaçıları"na. Həmin "əlaçılar" ki, ən uzaq məqsədi bilikli görünməklə özünü gözə soxmaqdır. Bir növ, televiziya ekranlarından (efirlərdən) xalqa ağıl dərsi keçmək marağına həvəskar, həvəsinə maraq çərçivəsində yanaşanlar kimi! "Nizami Gəncəvi ili" olduğundan elə şeyx şairin özündən məşhur "kamil palançı və yarımçıq papaqçı" misralarını yada salmaq istəyirəm. Dünyanı elmi və hikmətli kəlamı ilə heyran qoyan o boyda dühanın səkkiz əsr qabaq yazdığı bu şeirdə mətləbi adi geyim növləri olan papağa və palana aid etmək cəhdi ən azı Nizamini dərk etməkdə naşılıqdır. Şair digər sənət sahələrini deyil, məhz palanı yük daşıyan canlının, papağı isə başın, yəni ağılın rəmzi olaraq önə çəkmişdir. Bu gün alayarımçıq, çevir-tatı ssenarilər (əgər varsa, yenə şükür) əsasında ekran və efirlərdən tamaşaçıya, dinləyiciyə sırınan "sıroy" materiallar maraq doğurur, təbii ki, gülüş (oxu gülünc) dolu! Bütün sahələr üzrə ekspertlər ya ekspert nə olduğunun fərqinə varmırlar, ya da məktəb vaxtı "dərs əlaçısı" görüntüsü yaratmağı bacaranlardır ki, bir növ adətkardırlar. 25-30, lap 50 yaşına qədər tanına bilməyən, heç bir bacarığı ilə yadda qalmayan birisi bir qohumunun, tanışının, yaxud  başqa vasitələrin köməyi ilə bəxtini zorla üzünə güldürəndən sonrakı qısa müddətdə nə qədər intellektləşə, kamilləşə, müdrikləşə bilər ki, dövlət, siyasi, ictimai xadimə çevrilsin?!. Yəni bir kreslonun bir aylıq, bir illik tilsimi bu qədər güclüdürmü ki, xalqa durmadan ağıl dərsi keçməyə kifayət eləsin?!. Elədirsə, bu tilsimdən dadmaq üçün digərlərinə də şərait yaradılmalıdır ki, hamı ağıllı və müdrik olsun. Olsun ki, deyilənlərin nədən və niyə deyildiyini başa düşsün. Axı məntiqlə ərz olunanı anlamaq, dərk etmək üçün dinləyənə ağıl, bilik lazımdır. Bölüşmək istəmirlərsə, deməli, eşidilmələrini də arzulamırlar. Onda bu qədər uzun-uzadı danışmağın nə mənası?

Ağıllı tamaşaçı (dinləyici) bir gündə ekrandan-ekrana, efirdən-efirə qaçaraq və eyni sözləri ilə daşınaraq oxşar fikri dəfələrlə təkrarlayan dilavərin, yaxud vaxtilə Birinci Qarabağ müharibəsini uduzdurmuş satqın generalın sağ əli olan dilli yavərin hərbi, siyasi, diplomatik ekspert olduğuna inana bilmir. Çünki məkandan və dinlənib-dinlənilmədiyindən asılı olmayaraq "ekspert"in tez-tez təzələnən libasından başqa heç nə dəyişmir. Düzünə qalanda çox vaxt danışılanlar da məntiqdən uzaq səslənir. Hay-küydən, pafosdan başqa bir şey deyil, real həyatı, tamaşaçının (dinləyicinin) gündəlik gözünə dəyən gerçəklikləri əks etdirmir. Reallıqlar isə gec-tez üzə çıxır. Pandemiya başlayandan xəstəxana və klinikalardakı əyintilərlə, icra strukturlarındakı rüşvətxorluqlarla, həyatımızın bu və ya digər sahələrinə sirayət etmiş pozuntularla bağlı söz-söhbətlər bitib tükənmir və bu, təbiidir. Bu halların təkcə hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları tərəfindən aşkarlanması və aşkarlıq zəminində ifşa olunması təkcə dövlətçilik məsələsi deyil, həm də ən ali səviyyədə milli-mənəvi dəyərlərə verilən əhəmiyyətin, sonra baş verən kampaniyalar isə cəmiyyətin özünü sağaltmağa meyilliliyinin əlamətidir. Şəxsən bir jurnalist olaraq mənim üçün, rəsmi məlumatlardan sonra bu hay-küyün qaldırılması arxadan atılan daşdan başqa bir şey deyil. Mətbuat, ədəbiyyat dövrün güzgüsü olmalıdır, neqativ hallara operativ və düzgün, bəzən də qabaqlayıcı reaksiya verməlidir.

...Hər il 24 aprel tarixi bütün Türk dünyasında, o cümlədən, ölkəmizdə böyük həyəcanla  gözlənilir. Görəsən, filan ölkənin parlamenti ermənilərin xeyrinə nə qərar çıxaracaq, hansı ifadəni işlədəcək? Və eyni siyasi, yaxud qeyri-siyasi şərhçilərin teledebatları bir gün əvvəl başlayıb, bir gün sonrayacan qızğın şəkildə davam edir. Sonra TELEDEBATda deyilənlər elə TELEdəcə bat olub gedir, düz bir il müddətinə! Ermənilərin əsrlər boyu çox sıx təşkilatlandığı, abırsızcasına məqsədyönlü (etiraf etməliyik) şəkildə təpki göstərdikləri, uydurma olsa belə on minlərlə kitab, nəşr, plakat və s. təbliğat materialları, qadın və qızlarınının işvəsindən tutmuş, konyakları ilə meyxoş etdikləri agentləri ilə dövlətlərin ən ali siyasi hakimiyyət orqanlarına daşıdıqları faktları biz bir günlük öz-özümüzə danışıqlarımızla, özü də əhəmiyyətsizcəsinə yanaşma tərzimizlə dəf etmək istəyirik. Təəssüf ki, bu natiqlik görüntüləri ilə öz həqiqətlərimizi, ermənilərin bu qədər vəhşi və vandal hərəkətlərini dünya arenasına daşıya bilməyəcəyik. Əlbəttə, dövlət başçısının yeritdiyi balanslaşdırılmış daxili və xarici siyasət, dünyanın aparıcı  mətbu orqanlarına bir neçə dildə müsahibələri, Gəncəyə, Bərdəyə, işğaldan azad olunmuş bölgələrə səfərlərin təşkili bu mənada böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti bu sahədə də diplomatiyanı davamlı, paralel və prinsipial şəkildə aparır. Bu da bizə, ölkənin qabaqcıl mətbu orqanlarına, ictimai-siyasi təşkilatlara stimul verməlidir ki, öz üzərimizə düşən gərəkli olanı edək. Son günlər müəyyən məsələlərlə bağlı jurnalistlərimizin xarici səfirliklərə müraciətləri təqdirəlayiqdir. Bu iş durmadan davam etdirilməlidir.

Ancaq gəlin etiraf edək ki, əslində, aktual mövzu kimi tamaşaçılara təqdim olunan mövsümi, yaxud bir günlük teledebatlar, şərhlər heç də həmişə həqiqətə uyğun gəlmir, məntiqli səslənmir. O cümlədən, məhz 24 aprel tarixində müxtəlif kanallarda Amerika prezidenti De Baydenin işlətdiyi "soyqırımı" ifadəsini bəzi daimi şərhçilərin əhəmiyyətsiz kimi qələmə vermələri də məqbul deyil. Unutmayaq ki, bu ifadə ermənilərin onilliklərlə dedirtməyə hər vəchlə çalışdıqları böhtandır və bu böhtanı vahid dünya jandarmı rolunu oynamağa can atan bir superdövlətin başçısı deyib. Həmin ifadəni, həm də ötən illərdə Amerika liderləri səsləndirmədikdən sonra az qala bayram edən türk dünyasının bu sahədə fəaliyyətsizliyinin məntiqi nəticəsi kimi də dəyərləndirmək olar. Əlbəttə, qeyri-türk ölkə liderlərinin və beynəlxalq siyasi, hətta dini qurumların ikili standartları da dünyada haqq, ədalət prinsiplərinin pozulmasında əhəmiyyətli rol oynayır. Ancaq bu, bizləri hər bir məsələyə mövsümi yanaşmaya deyil, daimi və ardıcıl mübarizə yolu seçməyə sövq etməlidir. Televiziya ekranlarını zəbt etmiş siyasi şərhçilərin, özünü hər məsələ üzrə ekspert sayanların əzəli və əbədi düşmənlərimizin ən qatı addımlarını gələcəkdə fəsadlara sürükləyə biləcəyi halda əhəmiyyətsiz kimi qələmə verməsi baş altda balınc qoymaqdan başqa bir şey deyil.

Azərbaycan və Türk dünyasının beynəlxalq miqyasda erməni yalanlarını ifşa etməsi təcrübəsi az deyil. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş mühüm qərarlar, birinci xanım Mehriban Əliyevanın gərgin səyləri və "Xocalıya ədalət kampaniyası"nın təşəbbüskarı Leyla Əliyevanın xidmətləri nəticəsində müəyyən zaman çərçivəsində Azərbaycanın bu sahədə Ermənistanı üstələməsi danılmaz faktlardır. Diasporamızın müxtəlif ölkələrdə keçirdiyi ciddi tədbirlər, ayrı-ayrı dillərdə erməni terrorunu, vandalizmini ifşa edən kitablar, təbliğat materialları erməniləri əməlli-başlı təşvişə salmışdı. Məhz bu zamanda dünya əhəmiyyətli yazıçılar, siyasi içmalçılar, dövlət xadimləri haqq səsimizə inandılar və onlar indi də Azərbaycanın dostları sırasında yer alaraq bizi müdafiə edirlər. 44 günlük müharibədə möhtəşəm qələbəmiz düşmən mövqeyində duran ölkələr tərəfindən asanlıqla həzm olunmasa da, nəticəsi göz qabağındadır.

Bütün bunlar rahatlaşmağa əsas vermir. Tarix sübut edir ki, düşmənimiz məkrlidir və can versə belə bu qələbələrimizi puça çıxarmağa durmadan səy göstərəcək. Ölkə-ölkə gəzib dilənməyə, havadarlarının yanında quyruq bulamağa, erməni qızlarının rus "sülhməramlıları"ndan hamilə qalmasını bəyan etməyə qalsa belə!

Söz güclü silahdır. Bu silahdan açılan atəşin geriyə yolu yoxdur, ancaq hədəfə doğru sıçrayışı var. Tapança da, top da, başqa silah növləri də var ki, lüləsindən öldürücü qurşun, mərmi də çıxa bilər, atəşfəşanlığın ifadəsi fişənglər də. Hər iki halda səs və görüntü effekti yaranır. Fərq isə tam müxtəlifdir, bu effekt öldürücü də ola bilər, yaşamağa-yaşatmağa güc, qüvvət də verə bilər.

Hər  şey özümüzdən, sözümüzdən asılıdır. Həftədə  bir dərs əzbərləyib lövhəyə çıxmaq üçün canfəşanlıqla əl qaldırana əhəmiyyət verməyib həqiqi oxuyanı tapıb əlaçı şagird yetişdirmək müəllimin, söz və məntiq sahibi olan ziyalıları  arayıb, axtarıb ekrana, efirə dəvət etmək müəllifin səriştəsinə dəlalət edir. Hər iki halda millət, xalq, dövlət udur. Qarabağ müharibəsində rəşadətlə, qəhrəmanlıqla qalib gələn millətin, xalqın, dövlətin mətbuatı, ədəbiyyatı buna da qadir olduğunu tezliklə sübut etməlidir və inanaq ki, edəcək!

Yerində və zamanında deyilmiş, yazılmış güclü söz prinsipial, qətiyyətli vətəndaş mövqeyinin ifadəsidir. Vətəndaş mövqeyimizi həmişə və zamanında ifadə edək ki, bu boşluqdan düşmənimiz yararlanmasın!

Mahir CAVADLI

 





30.04.2021    çap et  çap et