525.Az

Vətən, millət və Böyük Turan sevdalısı - Yubiley yazısı


 

GÖRKƏMLİ ŞAİR VƏ ALİM YAVUZ BÜLƏND BAKİLƏRİN 85 YAŞINA

Vətən, millət və Böyük Turan sevdalısı - <b style="color:red">Yubiley yazısı </b>

Türk dünyasının böyük şairi Yavuz Bülənd Bakilərlə tanışlığım 1982-ci ilin iyul ayında, Üzeyir Hacıbəylinin ev-muzeyində gerçəkləşib.

Mən o zaman dahi bəstəkarımızın ev-muzeyində çalışırdım. İsti yay günü idi. Otaqda tək oturub kitab oxuyurdum. Birdən qapı açıldı və iki nəfər otağa daxil oldu. Qonaqları muzeylə tanış etmək üçün qalxdım, eksponatları göstərmək üçün çubuğu götürdüm və qarşılarına keçərək "xoş gəldiniz" dedim. Məni çubuqla görən müsafir gülümsəyərək, zarafatla: "- Bizi döyməkmi istəyirsiniz?" - dedi. Çox şirin Türkiyə türkcəsində danışan bu yaraşıqlı insanın qardaş, həmişə həsrətində olduğumuz Türkiyədən gəldiyini anladım.

- Yox, yox, əstağfürullah, nə danışırsınız, sizi dahi sənətkarımızın ev-muzeyi ilə tanış etmək istəyirəm" - deyə cavab verdim.

Qonaqlardan ikincisi, cavan oğlan bu ucaboy, nurlu insanı təqdim etdi:

- Yavuz Bülənd Bakilər Türkiyənin tanınmış şairi, Türkiyə Cümhuriyyətinin Mədəniyyət nazirinin müavinidir. Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin dəvəti ilə Bakıda qonaqdır. Mən isə cəmiyyətin əməkdaşı Elçin Şıxlıyam.

Məmnun olduğumu bildirərək, ekskursiyaya başladım. Böyük Turan şairi Yavuz Bülənd Bakilərlə tanışlığımız beləcə başladı. Mən böyük həvəslə muzey barədə, Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verdim. Hörmətli müsafir isə məni çox diqqətlə dinləyir, bloknotunda qeydlər aparırdı. Sonuncu otağın divarındakı Ağdam şəhərində Üzeyir bəy Hacıbəyli parkını və oradakı bəstəkarın abidəsinin şəklini onlara göstərəndə Yavuz bəy "mən də Ağdamdanam" - dedi. Mənim çaşqınlığımı görən qonaq ulu babalarının XIX əsrin əvvəllərində Qarabağdan Türkiyəyə köçdüklərini söylədi. Elə o andan da Yavuz bəy mənim üçün doğma adama çevrildi. Sonra qohumluq əlaqələrimizin də olduğunu öyrəndik.

Artıq otuz yeddi ildir ki, bu nəcib, xeyirxah, millətini, vətənini canından çox sevən, hər zaman türklüyü ilə qürur duyan insanla, onun ailəsi ilə mehriban münasibətlərimiz davam edir. Mütəmadi görüşlərimiz olur, Yavuz bəy və qardaşı Naci bəyin sayəsində İstanbulu, Boğaziçini, Böyük Adanı qarış-qarış gəzmişik, görməli yerlərinə, muzeylərinə valeh olmuşuq. Yadımdadır, 1994-cü ildə Yavuz Bülənd Bakilərin dəvəti ilə anamla bərabər İstanbulda olarkən, məni İstanbul Texniki Universitetinin nəzdində olan Türk Musiqisi Dövlət Konservatoriyasına konfransa dəvət etmişdilər. Orada iki saata yaxın Türk dünyasının dühası Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdim. Professor və tələbə heyəti tərəfindən böyük ehtiramla qarşılandım. Naci Bakilər də orada iştirak edirdi. Konfransdan sonra, mənim çıxışımı təşkil edən konservatoriyanın professoru Süleyman Şənel bizə qonaqlıq verdi. Maraqlı görüşdən məmnun olan Naci bəy mənimlə qürur duyduğunu, çıxışımı çox bəyəndiyini söylədi. Yəni onlarla hər görüşümüz tarixə dönür, yaddaşımıza həkk olunur, məqalələrə çevrilir. Böyük şairimiz, rəhmətlik Şahmar Əkbərzadənin baş redaktoru olduğu "Mədəniyyət" qəzetində mənim 1996-cı ildə Yavuz Bülənd Bakilər haqqında "Azərbaycan ürəyimdə bir şahdamardır" adlı məqaləm dərc olunmuşdu. Həmin məqalə Selçuk Karakılıçın hazırladığı və 2006-cı ildə İstanbulda nəşr etdirdiyi Yavuz Bülent Bakilere Armağan" kitabına daxil edilmişdir.

Yavuz bəy həqiqətən sevilən, arzu olunan, Tanrının türk xalqına bəxş etdiyi nadir simalardandır. Onun adı həm Türkiyədə, həm Azərbaycanda, həm də bütün Turan elində çox məşhurdur. Yavuz Bülənd Bakilər dedikdə tanınmış şair, yazar, publisist, jurnalist, tədqiqatçı alim, mədəniyyət xadimi və sözün həqiqi mənasında böyük insan göz önündə canlanır. Onun şəxsiyyəti və sənətkarlığı bir-birini tamamlayır. Vətəninə, xalqına, dilinə, dininə, mədəniyyətinə, tarixinə, keçmişinə, gələcəyinə bağlı böyük bir şəxsiyyət göz önünə gəlir. Görkəmli sənətkar olan Y.B.Bakilər insani keyfiyyətləri, həssaslığı, xoşgörülüyü, kübarlığı ilə də onu tanıyanların qəlbində özünə abidə ucaldıb.

Bu yaxınlarda bizim tanınmış xanımlarımızdan biri, vaxtilə "Lider TV"də böyük şair haqqında maraqlı veriliş hazırlayan Zöhrə Əliyeva mənə dedi ki, "Yavuz Bülənd Bakilərin şeirlər kitabını məndən kimsə oxumağa götürüb, geri qaytarmayıb. Mümkünsə, Yavuz bəy mənə kitabından yenə də hədiyyə etsin. Onun bütün yaradıcılığı, xüsusilə, "Şaşırdım kaldım işte" şeiri çox xoşuma gəlir". Mən də bunu şairə çatdırdım. Sağ olsun, Zöhrə xanıma avtoqrafla özünün "Harman" şeirlər kitabını göndərdi. Yəni Yavuz Bülənd Bakilər bu qəlbin sahibidir. Çox sadə, təvazökar, nəcib bir insandır.

Təpədən dırnağa kimi millətsevər olan Yavuz bəyin həyat və yaradıcılığına nəzər salanda, söhbətlərini dinləyəndə onun nə qədər kökünə, əslinə, nəslinə, milli düşüncə tərzinə sadiqliyinin şahidi oluruq. Yavuz Bülənd Bakilərin babaları Qarabağdan Türkiyəyə köçmüşlər. Sivasın Gürün qəsəbəsində Çarçıbaşı məhəlləsində vəfat edən və orada bir təpə üstündə dəfn edilən atasının babası 110 il yaşamış, "Hacı Mahmud əl Qarabaği" imzasını daşımışdı. İndi Yavuz bəy ulu babasının tərtib etdiyi şəcərənin əsasında on bir arxa dönəninin, ulu babalarının adlarını bilir. Əllərində olan qeydlərə görə birinci ulu babası Hacı Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda dünyaya gəlmiş, yaşamış və orada da vəfat etmişlər. İmperialist Çar ordusu Azərbaycanı işğal edəndən sonra, onların ailəsi Osmanlı dövlətinə sığınmaq məcburiyyətində qalmışlar. Yavuz bəyin Qarabağdan Türkiyəyə gedən ulu babasının adı Məhəmməd Sabirdir. O, yaxınları ilə birlikdə Maraş şəhərinə yerləşmişdi. Məhəmməd Sabir şair olub. Hacı Əli Fərəhşadın oğlu olan Məhəmməd Sabir Maraş şəhərində yaşamış və orada da dünyasını dəyişmişdi. Məhəmməd Sabirin vəfatından sonra övladları yenidən Azərbaycana geri dönmək istəsələr də, dövrün Osmanlı idarəsi onları buraxmamışdı. O zaman ailənin bir qismi Ağrı, bir qismi Kars, bir qismi də Sivas şəhərlərində yerləşmişdi. İndi onların qohumlarının bir hissəsi Ankarada, bir hissəsi İzmirdə, bir hissəsi də İstanbulda yaşayır. Yavuz Bəyin atası Cezmi Bakilər Türkiyənin müxtəlif şəhərlərində Nüfus (əhali artımı, siyahıyaalma) idarəsində müdir vəzifəsində çalışıb. Ədəbiyyatla, tarixlə çox maraqlanıb. Anası Hayriyə Bakilərin isə təhsili olmayıb, lakin gözəl səsi və danışıq qabiliyyəti varmış. Xalq yaradıcılığını, nağılları, bayatıları, xalq mahnılarını gözəl söyləyirmiş. Yavuz bəy anasının nağılları, bayatıları, laylaları ilə böyüyüb. Hayriyə xanım on iki övlad dünyaya gətirib. Lakin doqquz uşaq kiçikkən dünyasını dəyişib. Onlar bir bacı, iki qardaş qalıblar. Yavuz bəydən beş yaş böyük olan bacısı Şükran Orbay (o da rəhmətə gedib), Yavuz bəy və bir də Yavuz bəydən on yaş kiçik qardaşı Naci Bakilər. Hayriyə xanım 1978-ci ildə, Cezmi bəy isə 1980-ci ildə vəfat etmiş, Sivas torpağında əbədiyyətə qovuşmuşlar.

 

Nəslinin layiqli davamçısı, sənətkarlığı ilə qürur duyduğumuz, azman şair Yavuz Bülənd Bakilər 23 aprel 1936-cı ildə Türkiyənin Sivas şəhərində dünyaya gəlib. İlk və orta təhsilini atası Cezmi Bakilərin işi ilə əlaqədar olaraq Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin hüquq fakültəsini bitirib. 1961-1963-cü illərdə Ankarada, Çankayada Prezidentin Mühafizə Alayında əsgəri xidmətdə olub. Əsgərlikdən sonra Ankarada Metal-İş Federasiyasında təhsil və araşdırma müdiri işləyib, 1964-1968-ci illərdə Ankara radiosunda çalışıb. 1968-1975-ci illərdə

özünün dünyaya gəldiyi Sivas şəhərində vəkillik etmiş, siyasət aləminə atılmış, "Ədalət" partiyasının üzvü olmuşdur. Partiyanın Sivas təşkilatına rəhbərlik edib.

1975-ci ildə yenidən Ankaraya dönmüş, burada əvvəlcə Nazirlər Kabinetinin Torpaq və Kənd Təsərrüfatı Reforması Nazirliyində hüquq məsləhətçisi işləyib, sonra Ankara Televiziyasında ona vəzifə verilib. 1976-1979-cu illərdə Dövlət televiziyasında müxtəlif mədəniyyət proqramları hazırlayaraq, tamaşaçılara təqdim edib. TRT - dən Mədəniyyət Nazirliyinə müşavir vəzifəsinə dəvət olunub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra o, Mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə Süleyman Dəmirəl Baş nazir olarkən Yavuz Bülənd Bakiləri Mədəniyyət Nazirliyindən Nazirlər Kabinetinə Baş nazirin müşaviri vəzifəsinə gətirib. Lakin Yavuz bəy 1994-cü ildə, vaxtından əvvəl öz xahişi ilə işdən ayrılaraq təqaüdə çıxıb. 1995-ci ildə Ankaradan İstanbula köçüb.

Yavuz Bülənd Bakilər hansı vəzifədə çalışmasından asılı olmayaraq, xalqına, millətinə, can-başla xidmət edib, vətəninin çiçəklənməsi naminə özünün bilik və bacarığını əsirgəməyib. Hələ dövlət məmuru işləyərkən o, İstanbul qəzetlərindən "Zaman", "Türkiyə", "Tərcüman" və başqa mətbuat orqanlarında müntəzəm çıxış edir, maraqlı, düşündürücü, aktual, həyatla səsləşən məqalələr dərc etdirirdi.

Ciddi yaradıcılığa 1952-ci ildə başlayan şair, publisist qələmi əlində möhkəm tutdu, onu bir daha yerə qoymadı. Ustad yazar bir-birinin ardınca kitablar nəşr etməyə başladı. Onun ilk şeirlər kitabı 1962-ci ildə "Yalnızlıq" adı ilə işıq üzü gördü. Onun ardınca "Duvaq" (1970), "Səninlə" (1980), "Harman" (1996) şeirlər kitabları nəşr olundu. Bunlardan əlavə, Yavuz bəy bir neçə antologiya hazırlamışdır. "Şeirimizdə ana" (1967) və "Sivasa şeir" (1973) tez bir zamanda oxucular arasında geniş yayılmışdır. Onun "Aşıq Veysəl" adlı kitabı 1986-cı ildə dörd yüz əlli min tirajla, beş dəfə çap olunmuşdur. Bundan sonra "Mehmet Akifde Çağdaş Türkiyə idealı" (1986), iki cildlik "Sözün doğrusu" (1999), "Elçi bəy" (2001), "Arif Nihat Asyanın sevgi məktubları" (2001), "Gedənlərin ardından" (2005), "Arif Nihat Asya ihtişamı" (2007), "Azərbaycan ürəyimdə bir şahdamardır" (2009) kitabları işıq üzü görüb. Bu kitabların hər biri dəfələrlə oxucuların xahişi ilə nəşr edilib.

Yavuz Bülənd Bakilərin ilk publisistik kitabı isə "Üsküpdən Kosovoya" adlanır. 1976-cı ildə Yuqoslaviyanın Struqa şəhərində mütəmadi olaraq keçirilən şeir axşamlarına Türkiyə Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə qərarı ilə Yavuz Bülənd Bakilər göndərilir. Ustad şair orada çıxış edir və şeir axşamlarından televiziya proqramı hazırlayır. Oradakı türk abidələrini ilk dəfə televiziya ekranlarında işıqlandıran Yavuz bəy olmuşdur. Və Bütün Türkiyədə böyük maraqla qarşılanmışdır. 1950-ci ildən Turançılıq eşqi ilə yaşayan Yavuz Bülənd Bakilər Yuqoslaviya türkləri ilə bağlı düşüncələrini geniş ictimaiyyətə çatdırmışdır. 1978-ci ildə Ankarada çıxan "Hisar" jurnalının rəhbərliyi ondan Yuqoslaviya xatirələrini yazmağı xahiş etmişdir. O, Yuqoslaviya düşüncələrini yazmış, jurnalın 12 sayında dərc olunmuş və çox böyük maraq doğurmuşdu. 1979-cu ildə həmin yazılar Türk Ədəbiyyatı Vakfı tərəfindən "Üsküpdən Kosovoya" adı ilə nəşr edildi. Bu kitaba olan maraqdan sonra böyük yazar publisistika sahəsində daha da ciddi çalışmağa başladı. 1980-ci ildə Mədəniyyət Nazirliyində nazir müavini vəzifəsində çalışarkən Beynəlxalq Daşkənd Festivalına nümayəndə heyətinin rəhbəri olaraq qatılan Yavuz Bülənd Bakilər Daşkənddə, Səmərqənddə, Buxarada və başqa yerlərdə gördüklərini də "Türkistan, Türkistan" adı ilə qələmə aldı. Kitab 1986-cı ildə ilk dəfə işıq üzü gördü. Həm "Üsküpdən Kosovaya", həm də "Türkistan, Türkistan" kitabları Türkiyədə dəfələrlə nəşr edilmişdir. İndi bu kitablardan Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin qərarı ilə bütün universitetlərdə dərslik kimi istifadə olunur.

Bir haşiyə çıxaraq bildirim ki, Yavuz Bülənd Bakilərin Azərbaycana ilk gəlişi elə 1980-ci ilə təsadüf edir. Beynəlxalq Daşkənd Festivalından birbaşa Bakıya gələn şair böyük həyəcanla Azərbaycanın paytaxtına ayaq basmışdı. Uzun illər həsrətini çəkdiyi doğma vətənini görmək şərəfinə nail olmuşdu. Qarabağa isə getməyinə icazə verilməyib. Nə qədər çalışsa da, ulu babalarının vətənini, onların məzarlarını ziyarət etmək

ona qismət olmayıb. Yavuz bəyi yalnız Bakının gəzməli, görməli yerlərinə aparmışdılar. Elə həmin vaxt onu ilk dəfə Üzeyir Hacıbəylinin ev-muzeyinə də gətirmişdilər. 

Başqa bir tədbirə getdiyim üçün o zaman mən Yavuz bəylə muzeydə görüşə bilməmişdim. Ancaq türkləri çox sevdiyimi bilən muzeyin əməkdaşları mənə onun barəsində danışdılar. Onu da dedilər ki, Yavuz bəyi muzeylə tanış edən xanım rusdilli olduğundan Azərbaycan dilində çəkinə-çəkinə danışırmış. Bunu görən söz sərrafı ona "insan öz ana dilində danışmaqdan utanmaz" - deyə iradını bildirmişdi. İş yoldaşlarımın söhbətlərindən sonra muzeyin fəxri qonaqlar kitabını açdım, orada Yavuz Bülənd Bakilər imzası ilə yazılan çox səmimi ürək sözlərini oxudum və muzeydə olmadığıma təəssüfləndim. Onunla şəxsi görüşümüz isə, yuxarıda qeyd etdiyim kimi, 1982-ci ildə oldu.

Doğma Qarabağı isə Yavuz Bülənd Bakilər, yaxın dostu, Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin sayəsində 1987-ci ildə ziyarət edə bildi. Əcdadlarının vətəni Ağdam şəhərində unudulmaz xatirələr yaşadı. Ancaq cənnət Şuşamızı görmək ona qismət olmadı. Çünki o vaxt Yavuz bəyin Şuşaya getməsinə icazə verməmişdilər. Lakin o vaxt cəfakeş, həsrətkeş vətən oğlunun Şuşaya buraxılmadığını görən xalqımızın fədakar oğlu, məşhur alim Xudu Məmmədov və görkəmli şairimiz Şahmar Əkbərzadə Yavuz bəy üçün Şuşa torpağı, Cıdır düzündən isə məşhur Xarıbülbül çiçəyi gətirmişdilər. Amma nə yazıq ki, o, bir ovuc vətən torpağını Türkiyəyə aparıb çıxara bilməmişdi, Moskva gömrükxanasında əlindən almışdılar. O, hönkür-hönkür ağlayaraq, çətinliklə vətən torpağından ayrılmışdı. Xarıbülbülü isə aparıb, Türkiyədəki bağçalarında əkmiş, lakin Şuşa torpağından başqa heç yerdə bitməyən Xarıbülbül orada ərsəyə gəlməmişdir. Bütün bu olaylardan həssas qəlbli bir şairin nə qədər iztirablar çəkdiyini anlamaq o qədər də çətin deyil.

Gerçək Vətən təəssübkeşi olan Yavuz Bülənd Bakilər Azərbaycan, eləcə də Azərbaycan şair və yazıçılarının çox böyük təbliğatçısıdır. O, böyük şairimiz Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya", "Fəryad", "İkinci səs" (1991) və "Göy Türklər, Özümüzü kəsən qılınc" (1998) pyeslərini Türkiyə türkcəsinə uyğunlaşdırmış və Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən kitab şəklində çap olunmuşdu. Bundan əlavə Həsən Həsənovun "Brüsseldən məktublar" adlı teatr əsərini Türkiyə türkcəsinə uyğunlaşdıraraq, tamaşaya qoyulması üçün İstanbul Böyük Şəhər Bələdiyyəsinə vermişdi. Əsər münsiflər heyətinin "oynanıla bilər" qərarını alıb.

Böyük yazar hər zaman müxtəlif vasitələrlə Türkiyə sərhədlərindən kənarda yaşayan soydaşlarından, türk abidələrindən bəhs edir, məqalələr qələmə alır, televiziya proqramları hazırlayır, konfranslar keçirir. Türkiyənin 81 şəhərinin 70-də maraqlı mövzularla çıxış edən böyük söz ustası dinləyicilərin rəğbətini, sevgisini qazanıb. Yavuz Bülənd Bakiləri saatlarla dinləmək mümkündür. O qədər maraqlı natiqdir ki, insan ona qulaq asmaqdan yorulmur. Çünki Yavuz bəy çox səmimi, dürüst insandır. Göründüyü kimi, olan, olduğu kimi görünən şəxsiyyətdir. Ona görə də xalqın böyük məhəbbətini qazanıb.

Yavuz Bülənd Bakilər sevə-sevə baxılan və dinlənilən televiziya və radio proqramlarının müəllifidir. SSRİ dağılandan sonra Türkiyənin dövlət televiziyasında (TRT) və özəl kanalda 100-dən artıq proqram hazırlayıb. Azərbaycana və Orta Asiya Respublikalarına həsr etdiyi verilişlər hədsiz maraqla qarşılanıb. Yorulmaz publisist "Üsküpdə türk əsərləri" TV verilişləri ilə birgə 102 televiziya proqramını tamaşaçıların ixtiyarına verib.

Öz verilişlərində türk dilinin təmizliyi, saflığı, düzgün yazılışı, danışma tərzi, mədəniyyətimizin, tariximizin, abidələrimizin araşdırılması, düzgün təhlili, qorunması, gələcək nəsillərə doğru-düzgün çatdırılması yollarını göstərib.

Azərbaycan sevdalısı, "Azərbaycan ürəyimdə bir şahdamardır" şeirinin müəllifi, iki övlad (bir qız, bir oğlan), iki nəvə sahibi olan Yavuz Bülənd Bakilər vətənə hədsiz sevgisindən dolayı, hətta qızına "Aybala" ismini verib. Uşaqlığından yadigar olaraq, anası Hayriyə xanımın övladlarına "ay bala" xitabını qızının adında yaşadır. Yavuz bəydən sonra Türkiyədə Aybala adı çoxalıb. Alparslan Türkeş də nəvəsinə Aybala ismini qoymuşdu. "Can Azərbaycan" ifadəsini də ilk dəfə böyük vətənpərvər Yavuz Bülənd Bakilər Türkiyə ədəbiyyatına, mətbuatına gətirib.

Vətən, xalq onu sevənləri, ona layiqincə xidmət edənləri hər zaman qiymətləndirməyi bacarır. Yavuz Bülənd Bakilərin də vətən, millət yolunda təmənnasız fəaliyyəti həm Türkiyədə , həm də Azərbaycanda dəyərləndirilib. 40-dan çox mükafata layiq görülüb. Ona Azərbaycanda Asiya və Gəncə Universitetlərinin "Fəxri ədəbiyyat doktoru" diplomu verilib. Yavuz bəy, yəqin ki, bundan sonra da neçə-neçə fəxri adlara, mükafatlara layiq görüləcək. Amma onun üçün ən böyük dəyər, qiymət, ödül onun xalqının məhəbbəti, sevgisidir ki, bunu da qazanmağa müvəffəq olub. Şair, yazıçı, vətəndaş üçün bundan önəmli heç nə yoxdur. Yavuz Bülənd Bakilər vətəninin, xalqının, milli dəyərlərinin aşiqidir, fədaisidir. Ulu türk dünyasının qüdrətli oğlu, vətəninə, millətinə bağlı Böyük Turan şairidir.

Səadət QARABAĞLI

 





30.04.2021    çap et  çap et