525.Az

18 yaşlı “Şuşa fatehi”... - Anım


 

18 yaşlı “Şuşa fatehi”... - <b style="color:red">Anım</b>

Səbuhi Əlixan oğlu Həsənquliyev 2002-ci il 11 apreldə Ucar rayonunun Boyat kəndində doğulmuşdur.

O, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdür. 9-cu sinfə qədər burada təhsil alan Səbuhi daha sonra, peşə liseyini bitirmişdir. Orta məktəb illərində idmanın qaydasız döyüş və futbol kimi növləri ilə məşğul olmuşdur. Valideynlərinin dediyinə görə, o göyərçinləri “sülhün rəmzi” olduğu üçün sevirmiş. 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Səbuhi Beyləqan, Cəbrayıl, Füzuli, Hadrut və Şuşada döyüş yolu keçmişdir. Həmin ilin 8 noyabrında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Beş güllə yarası alan gənc əsgərin sonuncu güllə ürəyindən keçmişdir. Şəhadətindən sonra, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. O, Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 

Bu gün zəif yox, güclü olduğun üçün həyatda yoxsan. Deyirlər, fəlsəfədə yoxluq yoxdur. O zaman yoxluq üçün bir tərif də yoxdur, deməli hər zaman varsan. Dairəni sevmirdin, çünki küncə qısılmaq olmur. Xüsusi istedadlı, məhdud emosiyalı... ağrın qaçılmaz, əzablarınsa istəyə bağlı. – “Xoş gəldin, əsgər, əyləşəcəyin masanın qanunlarını bilirsənmi?” Sıradan bir bumbuz gecədə axan qanının istiliyi səni isindirir. Ağrın sənə yaşadığını söyləyən tək şeydir. Acı çəkəndə özünü itələ və xəyalını qazanacaqsan. Məqsədsiz bir həyata uyğun deyildin, özünə xitab etməyən şeylərə məşğul idin. Bəzən danışmamaq daha yaxşı hiss etdirir; heç kimlə, heç cür, heç nə haqqında. Düşdüyün vəziyyətlə ailənə vurduğun duyğusal və zehni ziyanı anlamırsan. Sənə verilən həyatı yaşamağını istədilər heç düşündülərmi ki, bəlkə vaz keçəcəksən, Səbuhi ? Ya, elə bir həyatdasanmı ki, orada ölməyə icazə yoxdur? Sinir sisteminin cansız kvant üzərində qurulduğunu bilirsənsə, o zaman silaha əşya kimi baxma. Sən onu istifadə etdikcə o canlıdır. Halallığı da zorla alan düşmənin sənin ölümündəki payının cavabı o olacaq ki, onun sabahı artıq keçmişidir. Güc silahlarda yox, onu tutan biləklərdədir. Uşaq deyilsən, amma əminliklə cavab verə bilərəm ki, heç böyüməmisən də. İndi yuxuya ehtiyacın var, söhbət yatmaqdan getmir. Bu dəqiqə alatoran düşüncələrinlə xəstəxanaları sevmədiyini dəqiq bilirsən; doğulduğun günün də orada keçdi, şəhadətin üçün də ora gedəcəksən. Bu andakı “gözəlliyin” kədərlidir, zəhmət olmasa, onu üzündən qəlbinə köçür. Güclü olmağın üçün yeganə seçimin olmayana qədər, nə qədər güclü olduğunu bilə bilməzsən. Həyatdan daha vacib olan şeylər var ki, onu da sən bu gün etdin. O zaman həyatı ölmədən tərk edə bilərsənmi? Hisslər dalğalara bənzəyir, qəhrəman. Onların gəlmələrini dayandıra bilməzsən, ancaq hansı ilə sörf edəcəyini yaxşı bilirsən. Əsgəri həm təbiətdən, həm də öz təbiətindən ayırırlar, davam etdikcə vidalaşmağı bilməyən xatirələrin var. Kimsə günəşi söndürəcək qüdrətdə yaradılmadı, sən hər zaman üfiqlərdəsən, Azərbaycan əsgəri. Sus, demə ki, artıq yavaş-yavaş imtina edirsən. Yuxu sənin üçün artıq yuxu deyil, qaçışdır. Yəqin ki, sevdiyin hər şeyi itirəcəksən, amma sonda sevgi sənə başqa bir şəkildə geri dönəcək, təyinatlı. Yansın min lampa, yenə bir olan günəş qalib gələcək. Yaxşı xatirələri ağlında, daha yaxşılarını isə ürəyində saxlayırsan. Qəhrəmanlıq etməyin üçün daha gənc olduğunu bil. Susmağı yox, çalış, danışmamağı üstün tut. Valideynlərinə həsəd aparırsan, heç vaxt özün kimi bir uşağın olmayacaq. Düşündünmü onları da bir anlıq? Sən böyüməklə məşğul ikən, onlar da qocaldılar. Qurumuş dodaqlarında ürəyin doludur, onları sərbəst buraxacaq söz də yoxdur. Marş! Təkadamlıq ordu! Təbiətlə mübarizədəsən, qalib gəlsən, məğlub olacaqsan. İmkan vermə ki, sonda o silah alverçiləri qalib gəlsin, şəhidlərin əsgəri. Ölümün əli nə qədər uzun olsa da sənə aid olan xatirələrə gedib çatmayacaq, Səbuhi.

 

Əsgər alayını eyni kütlədən daha nəcib edən bir baxış obyekti nədir? Qolları, geyimləri, pankartları və hərəkətlərinin sənəti və süni simmetriya. Rütbə nə olursa olsun, sən yenə də hərbçisən. Şəfəqdən günbatana qədər vətən torpağının keşiyində dayanan da sən özünsən. Çilçıraqlı uşağı qumbaralı əsgərlə əvəzlədik. Əyil, balaca, ayaqqabılarının ipini çək, dik duruş alanda tarıma çəkilmiş əzələlərin kimi. Yazıçılar ölüm üçün payızı seçir. Sən, səni məhv edən noyabr yarpaqlarını əz, düşmənin qürurunu əzdiyin kimi. Sən qayıdan torpaqların, qayıtmayan oğlusan. Texnikanın qarşısında duruş göstərməni heç nə sındıra bilməz. Qalx bu masadan, qəhrəman, burada süfrə müharibəyə uyğundur, yeməklər və çiçəklər əvəzi gilizlə, qumbara ilə doludur. Bu gün boşalan hər daraqda, yerə düşən hər gilizdə bir gənclik şəhid oldu. Hansı ki, qullar yox, ağalar üsyan qaldıranda o zənginlikləri özü qarşılığında alan kasıb gənclik. Elə isə deyirəm: - “Bir dodağın öpdüyü simanı, bir böcək gəmirir indi, əsgərim”.

Aysun Əmirəliyeva
BSU, BM, Regionşünaslıq və jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi.
 





01.05.2021    çap et  çap et