525.Az

Kiçik ürəkdəki böyük arzular - Şahanə Müşfiq yazır


 

ELM VƏ SƏNƏTİ QOŞA QANAD BİLƏN 13 YAŞLI AYTAC TALIŞİNSKİ TÜRKÇÜLÜYÜ VƏ İSLAMI DÜNYADA TƏRƏQQİNİN İSTİNAD MƏNBƏYİ KİMİ GÖRÜR

Kiçik ürəkdəki böyük arzular - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Onun adı Aytac, soyadı Talışinskidir. Cəmi 13 yaşı var. Türkiyənin İzmir şəhərində doğulub. Hazırda Bakı Modern Beynəlxalq Məktəbinin 8-ci sinfində ingilis dilində təhsil alır. Biz onu bu yaxınlarda Beynəlxalq Türk mədəniyyəti və İrsi Fondunun keçirdiyi "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" adlı rəsm müsabiqəsinin qalibi kimi tanıdıq.

"Bilik" nominasiyasının qalibi olan rəsm özünün elmi bilikləri ehtiva etməsi və birləşdirməsiylə, doğrudan da, bu istiqamətdəki birinciliyə layiq idi. Yazının daxilində fotosunu gördüyünüz əsərin sözlü açıqlamasını isə müəllifin ixtiyarına buraxaq. O, əsərini belə mənalandırır: "Rəsmimdə sadəcə alimlərin görə bildiyi, düşmən üzərində türk adətlərinin sütunlarına söykənərək qələbə qazanmağı təsvir etməyə çalışdım: öncə rəsmi milli simvollarımızdan sayılan səkkizgüşəli ulduz üzərində onları yerləşdirdim. Sonra, bu ulduzun hər guşəsində önəmli bir istinad təqdim etməyə çalışdım. Onlar aşağıdakı kimi sıralanmışdır: ən üstdə bir neçə qədim və müasir məşhur alimlərimiz və onların bəzi ixtisaslara, habelə, tibb və robotik mühəndisliyinə töhfələri; solda dünyanın ilk monoteistik dini olan Türk Tanrıçılığı, sağda isə - günümüzdə yaşayan 90 faiztürkün işıqlı İslam dini. Daha sonra tariximizin həm daş, həm kağız yaddaşından bəzi məqamları göstərdim: Qarabağımızın Azıx mağarasındakı ən az 300 min il yaşında aşağı çənə tapıntısından, türk damğalarıyla zəngin Göbəkli Təpənin təqribi 12 min il yaşı olan fantastik arxitekturasına qədər, ilk türk ensklopediyası sayılan "Divani lüğatit-Türk"dən digər çeşidli məşhur eposlarımıza qədər. Ayrıca, çalışdım COVİD-19 karantini dövründə xüsusi önəm kəsb edən spesifik adətlərimizi də qeyd edim: valideynlərimizə və yaşlılarımıza hörmət, diqqətli gigiyena, təbiətin bütün təzahürünə hörmət: ətraf mühitə, heyvanlara, bitkilərə və sairəyə sevgi, diqqət.

Bunlarla birgə, rəsmdə çalışdım vurğulayım ki Azərbaycan hökuməti nə qədər çox daimi diqqət yetirir bu məsələlərə, hətta ən kiçik məqamlarda belə: misal, Qobustandakı heroqliflərin və Orxon abidələrindəki runik mətnlərin 5 manatlıq əskinasımızda təsvirindən tutmuş, paytaxt Bakımızın mərkəzində Dədə Qorqud parkı və heykəli ucaldılmasına qədər".

Bir vətən və türk sevdalısıdır Aytac. Kiçik ömrünə indidən böyük sevda və önəmli işlər sığdırmağı bacarıb. Bunu onunla tanışlığımızdan sonra anladıq. O, türk kimliyimizi, İslam əxlaqımızı bütün dünyaya ən gözəl və layiqli bir şəkildə çatdırmağın vacibliyini indidən dərk edir və bu yöndə əlindən gələni əsirgəmir. Aytac deyir: "Mən, əslində, öz tariximizlə  maraqlanırdım, amma gördüm ki, bizim tariximiz elə türk tarixidir. Sadəcə məktəbdə bunu tam şəkildə şərh etmirlər, yəni türklüyümüzü bizə tam anlatmırlar. Ona görə istəyərdim ki, məktəb proqramında buna müvafiq dəyişikliklər olsun. Nəinki ancaq bizim məktəb proqramında, ümumiyyətlə, Türk dünyasına aid məktəblərin proqramında. Və mən bilirəm ki, artıq Türk dünyası ortaq tarixi dərsliyi nəşr olunub. Amma məsələn, bizim məktəbdə o kitabdan dərs keçirilmir. İstərdim ki, sadəcə seçilmiş məktəblərdə deyil, bütün məktəblərdə Türk dünyasının ortaq tarixi və gələcəkdə ortaq coğrafiyası, ortaq irsi kimi fənlər tədris olunsun.

Bu məsələləri araşdıranda görmüşəm ki, bizim xalqımızın, millətimizin adı əvvəllər türk olub. Keçən əsrin 30-cu illərinin axırında Stalin bir qərarıyla türk milli kimliyimizi silib, azərbaycanlı eləyib. Mən istərdim ki, hər kəs tariximizi yaxşı bilsin".

No description available. 

Dedik ki, Aytac bu düşüncələrini və bilgilərini faydalı şəkildə istifadə etməkdən də qalmır. O anlayır ki, sadəcə demək və istəməklə nəyəsə nail olmaq sadəcə xəyaldır. Bunun üçün çalışmaq, cəhd etmək lazımdır. O da 13 yaşına və məktəbli kimliyinə rəğmən, cəhdlərindən qalmır, olduğu platformalardan bu ideyalarının xeyrinə istifadə edir. Məsələn, Aytac oxuduğu məktəbdə daha çox əcnəbi müəllimlərdən dərs alır. Onlardan ixtisaslarına uyğun dərs alarkən yazdığı inşalarla, yazılarla bizim tariximizi və milli kimliyimizi də onlara öyrədir: "Bu fürsətdən yalnız xarici müəllimlərimdən müasir elmi öyrənmək üçün deyil, həm də milli mentalitetimizi, mənəvi dəyərlərimizi izah etmək üçün istifadə edirəm. Onlara ümumi mədəniyyətimiz, rəssamlarımız, bəstəkarlarımız, və mətbəximizlə təsir etməyə çalışıram. Məktəbdə bizə humanitar sahələrdə sərbəst mövzuda inşa və çıxış verəndə sıx olaraq Türk, bəzən də, İslam dünyasının həmrəyliyinə həsr edirəm. Onlara göstərmək istəyirəm ki, bizim bayrağımızda üst-alt şəritlərdə əks olunan həm Türk köklərimiz, həm də İslam köklərimiz işığa, elmə, sülhə və inkişafa yönəlikdir ki, bu da bayrağımızın orta zolağında öz əksini tapıb. Və bunu öz əməllərim, həyat tərzim, kitablarım, elmə, texnologiyaya, mehribanlığa sevgimlə sübut etməyə çalışıram.

Azərbaycanın əhalisinin 90 faizdən çoxu müsəlman türklərdir və ölkəmizdə dilindən və dinindən asılı olmayaraq, hamı eyni hüquqludur, biz multikultural, tolerant ölkəyik. Atam tərəfimin həm də talış kökləri var, biz talış xanın nəticəsiyik. Bizim ailəmizdə türklük və talışlıq sülh içində yaşayır, bir-birini dəstəkləyir və ucaldırlar -Türk dünyasının və onun ayrılmaz parçası olan Azərbaycan dünyasının xeyrinə.

Əfsus ki, bugün əcnəbi müəllimlərimizin heç də hamısı türk olduğumuzu bilmir. Mənimlə oxuyan bəzi uşaqlar da bilmirdilər. Amma mən onlara danışıram, dünyadakı 300 milyonluq Türk Ailəsi haqda izahlar verirəm. Yer kürəsində təxminən 50 türk eli və məmləkəti var. Bu 50 türk məmləkətinin 7-si müstəqil ölkə, digərləribaşqa ölkələrin içində Muxtar Respublika və ya digər quruluşlar kimi yaşayırlar. Bildiklərimi anladıram və bu şəkildə çalışıram ki, həm uşaqlar, həm ətrafım, həm də müəllimlərim bu mövzuda məlumatlı olsunlar".

Gələcək planları, gözləntiləri və arzuları da məhz bu yöndədir gənc türkçümüzün. Özünəməxsus səmimiliklə deyir: "Türk dünyasının liderlərindən biri hörmətli cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2-3 il əvvəl təklif etmişdi ki, Birləşmiş Millətlər Təşkilatının gənclər üçün modelini yaradaq. Yəni ayrıca müstəqil fəaliyyət göstərən Birləşmiş Millətlərin gənclər versiyası olsun və bu da türk ölkələrinin birində olsun. İstanbulu təklif etdiyini xatırlayıram. Amma mən çox istəyərdim ki, bu Birləşmiş Millətlərin gənclər versiyası Azərbaycanda fəaliyyət göstərsin. Çox yaxşı olardı ki, bizim doğma Şuşamızda qurulsun və mən də istərdim, bu işdə fəal iştirak edim. Çünki ingilis dili biliyim ana dili səviyyəsindədir, öz elmi və milli sülhsevər fikirlərimi səlist şəkildə ingiliscə izah edə bilirəm, ona görə də bu cür quruluşda mənim kimi gənclərin fəaliyyət göstərməsi bütün türk və islam dünyasına faydalı ola bilər. Həm türkçülüyün, həm də islamın inkişafa necə yol açdığını bütün dünyaya sübut etmək istəyirəm. Qeyri-müsəlmanlar bəzən bilmirlər ki, dinimizdə ən yüksək prioritetlərdən biri elmdir. Elmlə əlaqəli məşhur hədislərdən birində deyilir ki, elmin arxasınca Çinə getmək lazımdırsa, gedin. Yəni bu cür elmə, inkişafa, tərəqqiyə yönəldən gözəl dinimiz var. Ümumiyyətlə, beynəlxalq konfranslarda həm islam,  həm də türk aləmi ilə aktiv iştirak etmək istəyərdim. Belə həmrəyliklə Yer kürəsində qlobal şəkildə barış əldə eləmək önəmlidir.

 

Görürsünüz, bu dəqiqə dünyamızda COVİD tüğyan edir, dilə, dinə, irqə, heç nəyə baxmır, sərhəd tanımır, hər qitədə koronavirus var. Bu o deməkdir ki, biz hamımız bir gəmidəyik, bir bütünük. Televizorda eşitdim ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev qeyd etdi ki, koronovirus peyvəndləri dünyada ədalətli paylanmır. Çox üzüldüm. Bu nə deməkdir? Deməli, dünyada təməl problemlər var, hər kəs dünyaya bizim dövlətin başçısı kimi ümumbəşəri ədalət gözü ilə baxmır, yəni dünyanın çarxların sazlamaq lazımdır. Biz bunu uşaqlar, gənclər və böyüklər əl-ələ verib birlikdə etməliyik.

Dünyaya barış, sülh, xeyirxahlıq gətirmək üçün isə güclü olmaq, güclü olmaq üçün birləşmək lazımdır.

Birdə təklif edərdim ki, hər Azərbaycan vətəndaşının bilməsi məcbur olan dövlət tərəfindən təsdiq edilmiş, kainat, tarix, riyaziyyat, coğrafiya,  incəsənət, ədəb, dil, din və sair mövzular haqqında ən minimal bilikləri cəmləşdirən bir kitab və video dərslər nəşr olunsun. Bu mövzuda örnək olduqdan sonra Türk dünyasının digər yurdları üçün və daha sonra dünya uşaqları və gəncləri üçün də onların ölkələrinin xüsusiyyətlərini nəzərə alıb bu şəkildə məlumat toplumu yazaq. Həm mədəniyyət yüksəlsin, həm də elm və dostluq.

Son bir məqam olaraq xatırlatmaq istərdim ki, bu yaxınlarda məşhur türk yazıçısı İlber Ortaylı mənə kitabını hədiyyə etdi və onu imzaladı: "Sevimli Aytaca, Türk dünyasına faydalı elm adamı olması diləyiylə". İndi bu gözləntiləri qarşılamaq üçün əlimdən gələni edərkən ümid edirəm ki, Nobel mükafatçımız Əziz Sancarın bütün türklərin birləşməsi arzusu, ən yaxın gələcəkdə həyata keçəcəkdir".

Hələ çox arzuları, fikirləri var Aytacın. Bunların hamısını zamanla yerinə yetirmək, ən əsası isə ölkəmizi, milli kimliyimizi olduğu yerdən bütün dünyaya tanıtmaq əzmindədir. Bu yolda ona uğurlar arzu edirik!

 





01.05.2021    çap et  çap et