525.Az

May - Hikmət Sabiroğlu yazır


 

May - <b style="color:red">Hikmət Sabiroğlu yazır</b>

Şuşanın mayı...

Həyətdən yasəmən yığıb məktəbə apararsan, uşaqların gətirdiyi bənövşəyə-nərgizə qarışıb imtahanı bəzəyər.

Mahnı bayramı olar, qışdan çıxmış qanın qaynayar, baş-gözünə əl gəzdirib, təzə-tər geyinib Cıdır düzünə tələsərsən.

Lal dilin açılar, yamyaşıl ağaclar sevgi etirafına şahidlik eləyər.

Sonra...

Bir may səhəri atan gözlərini yumar, dağın sevimli ayı qaraya bürünər.

Daha bir itkili mayı - xalanın ömür-gün yoldaşının, səni arana, Ağdama, Muğanlı kəndinə bağlayan Əmirxan əminin qəfil ölümünü xatırlayarsan.

Sonra...

1992-ci ilin mayı gələr. Dağ uçar, aran batar.

Çox çəkər bu may. Çox.

Hər may zülm yaşanar. Aya baxmaz, günə baxmaz may - boynundan asılar hər ayın hər günü.

Atan yuxuna girər, amma bir yuxuda da üzünə baxmaz, ölüb yerə girərsən.

Qıraqdan baxan deyər dirisən, bir özün bilərsən necə varsan.

Sonra...

8 may qanlı taxtından düşər. Dağ yenə dikələr, aran qurtular.

Dilin tutular. Telefonu bağlamaq istəyərsən. Adamları qırmağa üzün gəlməz amma. Hər zəng sənə qoşulub susar, axırda telefon öz-özünə sönüb gedər.

29 ildən sonra Şuşada bayram tonqalı yandırıldı - VİDEO 

Sonra...

May gələr.

Yasəmən yurduna. Mahnı yurduna. Sevgi yurduna. Dağa-arana. Sabirin yurduna, Əmirxanın yurduna.

İnanarsan may zülmü bitib...

 





01.05.2021    çap et  çap et