525.Az

Qarabağ müharibəsində sağlamlığını itirənlərlə bağlı Dövlət Komissiyası yaradılır


 

Qarabağ müharibəsində sağlamlığını itirənlərlə bağlı Dövlət Komissiyası yaradılır<b style="color:red"></b> “Biz Qarabağ müharibəsi əlillərinin həyatını dəyişəcək, onların sosial problemlərinin həllinə nail olacaq məsələlər qaldırmışdıq. Yəni, pensiyaların qaldırılması, tibbi sığorta, əlil övladlarının təhsil haqqından azad edilməsi. Bununla yanaşı, biz belə bir təklif irəli sürmüşdük ki, bir dövlət komissiya yaradılsın. Təklif etmişdik ki, həmin komissiyada QHT, eləcə də əmək və əhalinin sosial müdafiəsi naziri başda olmaqla dövlət idarələrinin nümayəndələri təmsil olunsunlar. Biz istəyirdik ki, həmin komissiya Qarabağ əlillərinin problemləri ilə bağlı verilən fərmanların icrasına nəzarət etsinlər”. 

Lent.az-ın xəbərinə görə, bunu Azadlıq Radiosuna müsahibəsində «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədov deyib.
 
E. Əsədov bildirib ki, onların təkliflərindən sonra pensiyalar qaldırılıb, əlillərin övladları təhsil haqqından azad edilib: “Hazırda komissiyanın yaradılması ilə bağlı iş gedir. Qaldırdığımız məsələlərdən ikisi qalıb. Komissiya bu yaxınlarda yaradılacaq, tibbi sığorta məsələsi də, mənə elə gəlir, bu yaxınlarda həll olunacaq”.
 
Birlik sədri deyib ki, əlillərin mütəmadi olaraq pansionatlarda, əlillərin bərpa mərkəzlərində müalicə olunmalarına başlanılıb. Onun bildirdiyinə görə, Səhiyyə Nazirliyinin nümayəndələrinin də yaradılacaq komissiyada təmsil olunması nəzərdə tutulur: “Əlillərin pulsuz dərmanlarla təmin olunması, xəstəxanalara yerləşdirilməsi, müalicələrinin pulsuz aparılması məsələsinin reallaşmasına nail olmuşuq”.
 
E. Əsədov bildirib ki, Qarabağ müharibəsi əlillərinin müalicəsi və dərmanları pulsuz olsa da, yerlərdə süründürməçilik olurmuş: “Görüşlərdən sonra münasibət tamam dəyişib. İndi müalicə pulsuz həyata keçirilir”.
 
O bildirib ki, təqaüdlərin artırılması ilə bağlı prezident fərmanının verilməsinin onların tələbləri ilə bağlı olduğunu düşünmür: “Zaman-zaman bu qəbildən olan insanların problemləri ilə bağlı fərmanlar, sərəncamlar imzalanır. Hazırda 1-ci qrup əlil 150 manat prezident təqaüdü, 300 manat da əlilliyinə görə alır. Bunun da cəmi 450 manat edər. Mən 2-ci qrup əliləm, cəmi 195 manat pul alıram”.
 
E. Əsədov bildirib ki, hər bir əlilin 450-500 manat təqaüd almasına nail olunmasının vacibliyini bildiriblər və belə əkliflə çıxış ediblər: “Bizim bu təklifimiz həm Səlim Müslümov, həm də Baş nazirin müavini Əli Əhmədov tərəfindən müsbət qarşılandı. Hazırda bu istiqamətdə işlər gedir. Son fərman da çox sevindirici fərman idi. Son 10 ildə belə yüksək artım olmamışdı”.
 





27.03.2014    çap et  çap et