525.Az

Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri - İsa Həbibbəyli yazır


 

TARİXİ ƏNƏNƏLƏR, MÜASİR İNKİŞAF VƏ PERSPEKTİVLƏR

Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

Pakistan İslam Respublikası - Cənubi Şərqi Asiyada ən böyük müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə, Hindistandakı çoxmilyonlu müsəlman icması nəzərə alınmazsa, Pakistan İslam Respublikası əhalisinin sayına görə dünyada İndoneziyadan sonra ikinci müsəlman ölkəsi hesab olunur.

Pakistanı dünya nəhəngləri sırasına çıxaran başqa göstəricilər də vardır. Çoxmillətli tolerant ölkə olması, atom silahı sahibi olmaq imkanı qazanması, güclü və modern ordu yaratması, qoşulmama hərəkatındakı xüsusi çəkisi və mövqeyi, ərzaq məhsulları istehsalı sahəsindəki rekord rəqəmlər bu Asiya dövlətinə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır. Çoxmillətli və qədim mədəniyyətə malik olması, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqə halında bir ölkə daxilində dinc yanaşı yaşamasının təmin edilməsi və inkişaf etdirilməsi də Pakistanın fərqli simasını müəyyən edir. Pakistan İslam Respublikası dünyada müxtəlif mədəniyyətləri dövlət səviyyəsində birləşdirən az sayda olan ölkələrdən biridir. Urdu, pəncab, sind, bəluc, puştu, moltanı, kəşmiri dilləri və mədəniyyətləri Pakistanda vahid ölkə mədəniyyətinin tərkib hissəsi kimi yaşayır və inkişaf etdirilir. Bununla belə, Pakistan dövlət səviyyəsində qədim urdu dilini və mədəniyyətini yaşadan bir ölkə kimi qəbul olunur.

Pakistan Cənubi Şərqi Asiya ilə Orta Asiya arasında spesifik bir mədəniyyət və ədəbiyyat yaratmış ölkədir. Orta Asiya türk sivilizasiyası ilə Cənub Şərqi Asiya müsəlman intibahının ən mühüm ənənələrini yaradıcı şəkildə sintez etmək və həmin mədəni dəyərlərin ölkə daxilində mövcud olan xalqların mədəniyyətləri ilə qaynayıb-qarışmasına nail olmaq vahid Pakistan mədəniyyətinin mahiyyətini müəyyən edir. Daha doğrusu, qədim və köklü ənənələrə malik yerli mədəniyyətlərlə türk-islam sivilizasiyasının inteqrasiyası bənzərsiz Pakistan mədəniyyətini meydana çıxarmışdır. Bu mənada Pakistan Anadolu və Qafqazdan Orta Asiya və Hindistana qədərki mədəniyyətlər arasında möhkəm və davamlı bir körpü funksiyasını şərəflə və məsuliyyətlə yerinə yetirir.

Azərbaycan-Pakistan əlaqələrinin tarixində və taleyində xalqlarımızın və ölkələrimizin ortaq ictimai-siyasi və ədəbi-mədəni dəyərləri mühüm rol oynayır. Pakistanda bu gün də yaşamaqda davam edən şirvani, bektaşi, səfəvi-qızılbaş, Təbrizi nəsilləri və ya tayfaları Azərbaycan türk mədəniyyətinin vahid Pakistan müsəlman mədəniyyəti içərisində fərqli bir keyfiyyət halında yaşadığını aydın surətdə nümayiş etdirir. Yaxud Azərbaycan şifahi xalq ədəbiyyatında, nağıllarda və dastanlarımızda Kəşmir şalından buta kimi geniş söz açılması da Pakistana məxsus mədəniyyətin Qafqazda zəruri faktorlardan birinə çevrildiyini göstərir. Belə ki, Azərbaycan folklorunda aşiqin sınağa çəkilməsi üçün onun öz sevgilisinə Kəşmirdən şal gətirməyi bacardıqdan sonra vüsala çata bilməsi motivi özünəməxsus yer tutur. Müqayisə üçün deyək ki, Azərbaycan şifahi xalq ədəbiyyatında Kəşmirdən şal gətirmək motivi qəhrəmanın Ağrı dağından və Qafqaz zirvəsindən qar gətirməsi sınağına bərabər tutulur. "Kəşmir şalı" motivinin buta kimi Azərbaycan folklor qəhrəmanının sınaqdan çıxması və vüsala qovuşması baxımından mühüm faktorlardan biri olaraq qəbul edilməsi Azərbaycan-Pakistan ortaq mədəniyyətlərinin nə qədər qədim tarixi köklərə malik olduğunu əyani şəkildə nəzərə çarpdırır.

Orta əsrlər müsəlman intibahı mədəniyyətində də  Azərbaycan-Pakistan ortaq dəyərlərinin iştirak etdiyini müşahidə etmək mümkündür. Sufizm və hürufizmin Azərbaycanda olduğu kimi, Pakistanda da Renessans mədəniyyətinin inkişafında aparıcı mövqeyə malik olması mədəniyyətlərimizi yaxınlaşdıran ortaq dəyərlərin mövcudluğunu bir daha təsdiq edir. Xüsusən, əsas yaranma mərkəzi Azərbaycan olan hürufiliyin Pakistanda ədəbiyyatın və ictimai fikrin inkişafında oynadığı rol milli mədəniyyətlərin qarşılıqlı surətdə inkişaf etdirilməsi prosesində ortaq dəyərlərin formalaşdırılmasının zəruriliyini meydana qoyur. Bundan başqa, əsasən Anadolu coğrafiyası və ədəbi-ictimai fikri ilə bağlı olan Bektaşilik təriqətinin XIX əsrə qədər Azərbaycanda və Pakistanda da geniş yayılması, hətta bu gün də ölkələrimizdə "Bektaşi" soyadı daşıyan nəsillərin yaşaması ortaq mədəniyyətlərimizin əsrlərdən-əsrlərə qədər böyük sınaqlardan çıxaraq yaşamaqda, davam etməkdə olduğunu təsəvvür etməyə imkan verir.

Bundan başqa, Türkiyədə inkişaf etmiş və Azərbaycanda geniş yayılmış mövləvilik hərəkatının tarixi köklərinin Pakistanla bağlı olması da xalqlarımızın və ədəbiyyatlarımızın hansı ortaq dayaqlar üzərində inkişaf etdiyini göz önünə gətirir. Bu cəhətdən Mövlanə Cəlaləddin Ruminin (1207-1273) məşhur məsnəviləri Azərbaycan-Türkiyə və Pakistan üçün ortaq türk-islam abidəsi də hesab edilə bilər. Eyni sözləri Azərbaycan və Türkiyədə olduğu kimi, Pakistanda da müəyyən dərəcədə yayılmış Şəms Təbrizi təlimi haqqında da demək mümkündür. Türkiyənin Konya şəhərində və İranın Xoy şəhərində məzarları olan Şəms Təbrizinin adına Pakistanda məqbərənin ucaldılması xalqlarımız arasındakı ədəbi-mədəni əlaqə faktından çox ortaq mədəniyyət faktorunun mövcudluğunun göstəricisidir.

Məsafə etibarilə kifayət qədər aralıda yerləşən Azərbaycanın və Pakistanın XX əsrdə ən çətin məqamlarda bir-birlərinə kömək əli uzatmasına dair ibrətamiz faktlar indi də xalqlarımızın yaddaşında yaşayır. Məsələn, XX əsrin əvvəllərində məşhur Azərbaycan milyonçusu və messenatı Hacı Zeynalabdin Tağıyevin (1823-1924) Pakistanda baş vermiş yoluxucu taun xəstəliyinin qarşısını almaq üçün dost ölkəyə öz vəsaiti hesabına üç yüz min ampula vaksin alıb göndərməsi sözün həqiqi mənasında ölkəmizin bu Cənub-Şərqi Asiya xalqına bəslədiyi əsl qardaşlıq münasibətinin əməli təzahürüdür. Eyni zamanda, Pakistan İslam Respublikasının 12 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da ölkəmiz üçün mühüm əhəmiyyətə malik olan tarixi hadisədir. Bundan başqa, Pakistanın işğalçılıq siyasətinə görə Ermənistanın müstəqilliyini tanımaqdan imtina etməsi Azərbaycanın ərazi bütövlüyü məsələsinə bu dost və qardaş ölkənin hansı səviyyədə dəstək verdiyini əyani surətdə nümayiş etdirir. Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malik olan Birinci və İkinci Qarabağ müharibəsi zamanı Pakistan İslam Respublikasının ölkəmizə göstərdiyi birmənalı siyasi və mənəvi dəstək də heç nə ilə əvəz edilməsi mümkün olmayan unudulmaz faktlardandır. Tanınmış Azərbaycan ədəbiyyatşünas alimi və şairi Abuzər Turanın Qarabağ-Vətən müharibəsinə həsr olunmuş "Zəfər nəğməsi" poemasındakı Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Əhməd Niyaziyə müraciətlə yazılmış "Əziz Vəziri-Əzəm" fəslində dost ölkənin çətin sınaq günlərindəki etibarına bəslənilən minnətdarlıq duyğuları sənət əsərinin dili ilə obyektiv şəkildə ifadə olunmuşdur.

Heç şübhəsiz, çoxəsrlik tarixi və özünəməxsus ənənələri olan Azərbaycan-Pakistan əlaqələri ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra daha ardıcıl və sistemli şəkildə inkişaf etməyə başlamışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eyni zamanda, Pakistan İslam Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı surətdə ölkələrimizə rəsmi səfərlərinin həyata keçirilməsi ən müxtəlif sahələri əhatə edən çoxsaylı razılaşma sənədlərinin imzalanması, hər iki ölkə tərəfindən atılmış əhəmiyyətli addımlar çoxcəhətli əlaqələrimizin möhkəm təməllərini təşkil edir və bütün sahələr üzrə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə tam təminat verir. Hazırda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı münasibətlər bərabərhüquqlu ölkələrin qarşılıqlı etimadı şəraitində formalaşmış, çətin sınaqlardan çıxmış və inkişaf etməkdə davam edən əlaqələrin əsl nümunəsi hesab oluna bilər.

Elm və ədəbiyyat sahəsində də Azərbaycan-Pakistan əlaqələri inkişaf etməkdədir. Bu cəhətdən Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarının əsərlərinin Pakistanda, qardaş ölkənin yazıçı və şairlərinin əsərlərinin isə Azərbaycanda nəşr edilib yayılması xüsusi əhəmiyyətə malik olan hadisədir. Bu sahədə Azərbaycan Respublikasının   Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin həyata keçirdiyi ədəbiyyat yönlü uğurlu layihələrin böyük rolu və əhəmiyyəti vardır. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə (1869-1932) haqqında və əsərlərindən seçilmiş örnəklərin pakistanlı oxuculara təqdim edən kitabın İslamabadda nəşr edilməsi yeni tarixi şəraitdə ədəbi-mədəni əlaqələrimizin ilk və möhkəm təməllərinə çevrilmişdir. mənim urdu və ingilis dillərində geniş tanıtma məqaləm ilə 2004-cü ildə Pakistanın paytaxtında ölkəmizin o zamankı səfiri Eynulla Mədətlinin dəstəyi ilə urdu dilində çap olunmuş "Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə əsərləri ilə" adlanan bu kitab Cənub Şərqi Asiya ölkəsi ictimaiyyətinin Azərbaycan ədəbiyyatı ilə tanış olması baxımından böyük maraq doğurmuşdur. Cəlil Məmmədquluzadənin dahiyanə əsərləri pakistanlı yazıçı-publisist Nəcimə Rəfiqin tərcüməsində orijinala çox yaxın şəkildə urdu dilinə çevrilmiş və Pakistan ictimaiyyəti ölməz Azərbaycan yazıçısının hekayələri və pyeslərini sanki öz xalqlarının həyatına həsr olunmuş əsərlər kimi böyük maraqla qarşılamışlar.

Bundan başqa, mənim elmi təqdimatımda və Eynulla Mədətlinin tərtibçiliyi ilə 2010-cu ildə İslamabada "Azərbaycan poeziyası: dəryada damla" adlı şeir antologiyasının ingilis dilində kitab halında nəşr edilməsi Pakistanda Azərbaycan ədəbiyyatı ilə əsaslı tanışlıq üçün daha geniş imkan yaratmışdır. Antologiyada XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvidən başlamış XXI əsrdə fəaliyyət göstərən Azərbaycan şairlərinin, hətta yeni nəsil ədəbi qüvvələrin əsərlərindən seçilmiş şeir nümunələrinin və həmin ədəbi şəxsiyyətlər haqqında məlumatların Pakistan oxucusuna çatdırılması dost ölkədə Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu və görkəmli yaradıcılığı haqqında tam təsəvvür yaratmağa uğurla xidmət edir.

Eyni zamanda, mənim Hindistanda və Pakistanda müstəmləkəçiliyə qarşı aparılan mübarizənin ana xətlərini əks etdirən məqamlardan bəhs edən "Molla Nəsrəddin" jurnalında "Mərkəzi Asiya" adlı məqaləmin 2007-ci ildə Pakistan İslam Respublikasının nüfuzlu elmi jurnallarından olan "Mərkəzi Asiya tədqiqatları" jurnalında (İslamabad, 2007, №1, səh. 21-24) çap edilməsi ədəbiyyatşünaslıq elmi sahəsində əlaqələrin ilk addımlarından biri idi. Son illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan İslam Respublikasının elm və ali təhsil müəssisələri arasında yaradılmış əlaqələr ədəbiyyatşünas alimlərin qarşılıqlı surətdə fikir mübadiləsinə, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinə şərait yaradır. Ədəbiyyat İnstitutunda 2016-cı ildə yaradılmış "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsində Pakistan ədəbiyyatının araşdırılıb öyrənilməsi və bu ölkənin elmi qurumları ilə əlaqələrin formalaşdırılması müasir inkişaf baxımından xüsusi əhəmiyyətə malikdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin nəzdində 2019-cu ildə qurulmuş "Pakistan Ədəbiyyatı Mərkəzi" ölkəmizdə Pakistan ədəbiyyatını tədqiq və təbliğ edən əsas elmi mərkəz funksiyasını həyata keçirir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21 iyun 2019-cu  ildə "Azərbaycan-Pakistan ədəbi əlaqələri" mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans qarşılıqlı ədəbi əlaqələrimizə həsr edilmiş birinci elmi forum kimi yadda qalmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Azərbaycan-Pakistan ədəbi əlaqələrinin tarixi və müasir dövrdəki əhəmiyyəti haqqındakı giriş nitqi ölkələrimiz arasındakı münasibətlərin reallıqlarına və perspektivlərinə işıq salmışdır. Eyni zamanda, beynəlxalq elmi konfransda çıxış edən Pakistan Müslüm İnstitutunun direktoru, professor Sultan Əhməd Əli Sahibzadə də öz növbəsində qarşılıqlı elmi və ədəbi əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyətindən söz açmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin "Azərbaycan-Pakistan əlaqələrinə dair", Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin "Azərbaycan-Pakistan ədəbi əlaqələrinin tarixində yeni mərhələ", filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevanın "Məhəmməd İqbalın yaradıcılığında müsəlman birliyi ideyası, ilahi eşq və milli düşüncə" mövzularında etdikləri məruzələr ölkələrarası elmi-ədəbi əlaqələrin ilk addımlarına çevrilmişdir. Pakistan Müslüm İnstitutunun direktoru Sultan Əhməd Əli Sahibzadənin 22 iyun 2019-cu il tarixdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şamaxı şəhərində keçirdiyi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş elmi konfransdakı çıxışı, təmsil etdiyi Cənubi-Şərqi Asiya ölkəsində ədəbiyyatımızın qüdrətli nümayəndəsinə bəslənilən marağı və ehtiramı ifadə edən səmimi ürək sözləri kimi qarşılanmışdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistanın Müslüm İnstitutu arasında 21 iyun 2019-cu il tarixdə imzalanmış əməkdaşlıq müqaviləsi ölkələrimiz arasında ədəbiyyatşünaslıq istiqamətində əməkdaşlığa dair birinci rəsmi addım olmuşdur.

Hazırda Azərbaycanda Pakistan ədəbiyyatı və mədəniyyətinin araşdırılıb tədqiq olunması və ayrı-ayrı yazıçıların əsərlərinin dilimizə tərcümə olunaraq nəşr edilməsi sahəsində geniş iş aparılır. Xüsusən, Pakistan ədəbiyyatının görkəmli yaradıcısı Məhəmməd İqbalın həyatı və yaradıcılığının öyrənilməsinə Azərbaycanda böyük maraq vardır. Fikrimcə, bu, hər şeydən əvvəl, Pakistanın həm ədəbiyyatının inkişafında, həm də tarixi taleyində Məhəmməd İqbalın (1877-1938) oynadığı mühüm rol və tutduğu yüksək mövqe ilə üzvü surətdə əlaqədardır. Azərbaycan elmi Məhəmməd İqbaldan ölməz əsərləri ilə müstəqil Pakistan dövlətinin yaradılması yollarına işıq salmış, dəstək vermiş qüdrətli şair və böyük ictimai xadim kimi bəhs edir. Buna görədir ki, Pakistan ədəbiyyatının görkəmli klassiki Məhəmməd İqbalın həyatı, yaradıcılığının tədqiqi işi ilə Azərbaycanın ədəbiyyatşünas alimləri (filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva) ilə yanaşı, filosoflar (AMEA-nın müxbir üzvü Könül Bünyadzadə) da məşğul olurlar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadənin Məhəmməd İqbalın ictimai-fəlsəfi görüşlərinə həsr olunmuş araşdırmaları, xüsusən onun bu mövzuda Pakistanın Lahor Universitetində keçirilmiş beynəlxalq elmi konfransdakı elmi məruzəsi bu böyük vətəndaş şairin mütəfəkkir obrazının canlandırılmasına xidmət edən tədqiqatdır. Azərbaycanla yanaşı, Türkiyədə və Pakistanda keçirilən beynəlxalq elmi konfranslarda Məhəmməd İqbala həsr edilmiş elmi məruzələrlə çıxış edən filologiya elmləri doktoru Bəsvirə Əzizəliyevanın tədqiqatlarında isə Məhəmməd İqbalın həyatı və yaradıcılığından yeni Pakistan ədəbiyyatının mübariz və qüdrətli yaradıcısı kimi ətraflı şəkildə söz açılır.

Məhəmməd İqbalın yaradıcılığına göstərilən böyük marağın kökündə həm də bu görkəmli Pakistan şairinin öz ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparması sahəsindəki fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Məhəmməd İqbalın əsərlərindəki milli-azadlıq ideyaları, həmçinin, böyük vətəndaşlıq mövqeyinin bədii ifadəsi Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda apardığı mübarizə ilə üst-üstə düşür. Bu mənada Məhəmməd İqbal yalnız Pakistanın deyil, ümumiyyətlə, müstəqillik uğrunda mübarizə aparan bütün xalqların milli azadlıq hərəkatına işıq salan, təsir göstərən görkəmli şair-vətəndaşdır. Azərbaycan elmində də haqlı olaraq Məhəmməd İqbaldan müstəqillik uğrunda mübarizənin qüdrətli tərənnümçüsü kimi geniş bəhs olunur.

Məlum olduğu kimi, Məhəmməd İqbal öz ölkəsində islami dəyərlərin maarifçilik ideyaları ilə uzlaşdırılması, fanatizmə deyil, dini baxışların mənəvi mühitin dirçəldilməsinə xidmət etməsi üçün islahatlar aparılmasını zəruri hesab etmişdir. Məhəmməd İqbal təkcə Pakistanın yox, geniş mənada Cənub Şərqi Asiyanın cəmiyyət həyatının müasirləşdirilməsi yollarında mübarizə aparan böyük refarmatorudur. Avropada ali təhsil almış Məhəmməd İqbal əsərlərində Asiya mühitində süni şəkildə islam dini ilə əlaqələndirilən itaətkarlıqdan, fanatizmdən xilas olmağa, zəhmət çəkmək və maariflənmək yolu ilə inkişaf etməyə çağırmış, milli-dini birlik ideyasını irəli sürmüşdür. Məhəmməd İqbalın cəmiyyətdəki müsəlmançılıq baxışlarının müasirləşdirilməsi üçün irəli sürdüyü ideyalar Azərbaycan maarifçilərinin XIX əsrdən etibarən, xüsusən Mirzə Fətəli Axundzadədən başlayaraq öz xalqını fanatizmdən xilas edərək maarifləndirmək, milli oyanışa çağırmaq yollarındakı mübarizəsi ilə səsləşir. Məhəmməd İqbal Hindistanda və Pakistanda Mirzə Fətəli Axundzadənin (1812-1878) "Kəmalüddövlə məktubları"nda irəli sürdüyü maarifçi ideyalara uyğun gələn idealların həyata keçirilməsini cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Dini ayinlərin maarifçilik ideyaları ilə uzlaşdırılması cəhətdən isə Məhəmməd İqbal görkəmli Azərbaycan yazıçısı və mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1838-1897) Qafqaz müsəlman cəmiyyətində həyata keçirmək sahəsindəki islahatları ölkəsinin reallıqlarına uyğun şəkildə Cənubi-Şərqi Asiyada gerçəkləşdirmişdir. Şeirlərindəki vətəndaşlıq mövqeyi və ümummilli idealların tərənnümünə görə isə o, Azərbaycan Mollanəsrəddinçilərinin və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Məhəmməd Hadinin (1879-1920) ədəbi taleyini Asiyada yaşamış sənətkar kimi diqqəti cəlb edir. Məhəmməd İqbal Şərqi Asiya ictimai fikrinin Şeyx Cəmaləddin Əfqanisi və Pakistan ədəbiyyatının Məhəmməd Hadisidir. Filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın "Məhəmməd İqbalın həyatı və yaradıcılığı" monoqrafiyası (2021) dost və qardaş Pakistan xalqının milli iftixarı olan Məhəmməd İqbala Azərbaycan xalqının yüksək ehtiramının elmi ifadəsidir. Bəsirə Əzizəliyeva Məhəmməd İqbala  və onun ölkəsinin ədəbiyyatına həsr edilmiş sanballı tədqiqatları ilə Azərbaycanda Pakistan ədəbiyyatının səlahiyyətli səfiri olmaq missiyasını ləyaqətlə həyata keçirir.

Azərbaycan Yazıçılar Birliyinin ölkəmizdə Pakistan ədəbiyyatını tərcümə və təbliğ etmək sahəsində apardığı işlər və atdığı addımlar ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Yazıçılar Birliyi Beynəlxalq Əlaqələr və Bədii Tərcümə Mərkəzinin hazırlayıb nəşr etdirdiyi "Dünya ədəbiyyatı" jurnalının Pakistan sayı ölkəmizdə dost və qardaş Pakistan ədəbiyyatını geniş oxucu auditoriyasına təqdim edən mənalı və əhəmiyyətli bir ədəbiyyat platformasıdır. Bu, Azərbaycan ədəbi-ictimai mühitində Pakistan ədəbiyyatına həsr olunmuş ilk toplu kimi də əhəmiyyətlidir.

"Dünya ədəbiyyatı" jurnalının Pakistan sayı Azərbaycan oxucusuna ünvanlanmış qiymətli bir Pakistan ədəbiyyatı ərmağanıdır. Bu, Azərbaycanda Pakistan ədəbiyyatının görkəmli yaradıcıları və əsas ədəbi simaları ilə küll halında yaxından tanış olmağa imkan yaradan zəngin ədəbiyyat toplusudur.

"Dünya ədəbiyyatı" jurnalının Pakistan ədəbiyyatı sayı Azərbaycan-Pakistan ədəbi əlaqələrinin artıq yeni tarixi mərhələyə qədəm qoyduğunu göstərir. Bu, yeni mərhələ Pakistan ədəbiyyatını daha geniş miqyasda tərcümə edib Azərbaycanda, ölkəmizin yazıçı və şairlərinin əsərlərinin isə Pakistanda tanıtmaqla yanaşı, həm də dərindən və əsaslı şəkildə araşdırıb tədqiq etmək vəzifəsini də qarşıya qoyur. Azərbaycan və Pakistan ədəbiyyatları müqayisəli ədəbiyyatşünaslıq baxımından zəngin material verir. Məhz ciddi axtarışların nəticəsində meydana çıxacaq elmi tədqiqat əsərlərinin yaradılması ilə xalqlarımızı və ölkələrimizi daha yaxından tanımaq və tanıtmaq mümkündür. Bu cəhətdən "Dünya ədəbiyyatı" jurnalının Pakistan ədəbiyyatı sayı qardaş ölkənin ədəbiyyatını tədqiq etmək üçün hələlik ən mötəbər mənbədir. Qarşılıqlı surətdə Azərbaycan və Pakistan ədəbiyyatını hər iki ölkədə ətraflı və sistemli şəkildə tədqiq etmək üçün daha geniş əməkdaşlığa ehtiyac vardır.

Bu cəhətdən hər iki ölkənin Yazıçılar Birlikləri ilə yanaşı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyasının elmi əlaqələrinin yaradılması, birgə əməkdaşlıq yolu ilə fəaliyyət göstərməsi, ortaq layihələr üzərində çalışmaları səmərəli ola bilər. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı qarşılıqlı və möhkəm etimada əsaslanan çoxcəhətli əlaqələrin əhəmiyyətini və mahiyyətini dərindən başa düşərək və yüksək qiymətləndirərək, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün 22 aprel 2021-ci il tarixdə Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Muhamməd Yusuf Huşka göndərilmiş müraciətin aşağıdakı mətnini bu yazıya daxil etməklə məqaləni bitirmək istəyirəm:

Pakistan İslam Respublikası Ədəbiyyat Akademiyasının prezidenti, professor Məhəmməd Yusuf Huşka

Hörmətli həmkarım,

Azərbaycan və Pakistan arasında XX əsrin əvvəllərindən mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir. Ölkələrimiz siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə qarşılıqlı əməkdaşlığın əsl nümunəsini göstərirlər.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olaraq, Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mübarizəsinə daim dəstək vermişdir.

İki dövlət arasında Ədəbiyyat sahəsində də əlaqələr inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırda "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsi fəaliyyət göstərir. İnstitutda Pakistan ədəbiyyatının tarixi, inkişaf istiqamətləri, Pakistan şair və yazıçılarının həyatı və yaradıcılıqları ilə əlaqədar araşdırmalar aparılır.

Azərbaycanla Pakistan arasındakı uğurlu qarşılıqlı münasibətlərin nəticəsidir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzi yaradılmış və "Azərbaycan-Asiya ədəbi əlaqələri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

Elmi və ədəbi əlaqələrin geniş və sistemli şəkildə davam və inkişaf etdirilməsi ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə layiqli töhfələr verə bilər.

Ədəbi-mədəni əlaqələrimizin genişləndirilməsi istiqamətində AMEA-nın Ədəbiyyat İnstitutu olaraq Pakistan Ədəbiyyat Akademiyası ilə əməkdaşlıq etmək arzusunda olduğumuzu diqqətinizə çatdırmaqdan şərəf duyuruq.

Qarşııqlı elmi və ədəbi əlaqələr ilə bağlı məsələləri müzakirə etmək və əməkdaşlıq müqaviləsi imzalamaq üçün Sizi uyğun gördüyünüz bir vaxtda Azərbaycanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət edirəm.

 





02.05.2021    çap et  çap et