525.Az

Bizdəki gənc moltanılar - Niyazi Mehdinin dil üzrə etüdləri


 

Bizdəki gənc moltanılar - <b style="color:red">Niyazi Mehdinin dil üzrə etüdləri </b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Dil və ləyaqət məsələsi 

İrəlidə Azərbaycan üçün bir dəhşətli problemdən danışdım. Sovet dönəmində əgər birisi azərbaycanca yaxşı başa düşsə də, bizimkilərə rusca nəsə deyərdisə, onlar hətta rus dilini pis bilsələr də, bu dilin qolunu-qıçını sındıra-sındıra rusca cavab verərdilər. Halbuki səninlə rusca danışan dilini anlayırsa, hərə öz dilində danışsa, yaxşı olmazdımı?!

Bunun başqa variantı Anadolu türkcəsi ilə bağlı idi. Moskvada mənim Kıprısdan iki türk dostum vardı. Onlarla danışanda "ben", "geliyorum" deyib bundan böyük ləzzət alırdım. O vaxt Kamal Abdulla bir yaxşı söz dedi: "Bizim adamlar elə bilir ki, ağızlarını əyib danışanda avtomatik Anadolu türkcəsi alınır".

Anadolu türklərinin dil ləyaqəti 

Həm rus, həm türk dili yanında azəricəni belənçi aşağı tutmağımız onu göstərir ki, bizim ləyaqət, şərəf duyğumuzda dilimizin yeri bapbalacadır. Bizim adamlar dilimizi aşağı tutmaqda ləyaqətləri üçün heç bir ləkə görmürlər. Sənin adını, yeməklərini, görünüşünü başqa ulusdan olan birisi ələ salsa, özünü təhqir olunmuş sayırsan. Bəyəm, öz dilini aşağı tutmağın təhqir olunmağın üçün əsas deyil?!

Fikir vermisiniz, Bakıda işləyən, oxuyan heç bir əcnəbi türk bizim ləhcəmizdə danışmır. Heç bir çətinlik, kompleks bilmədən öz ləhcəsində danışır. Olsa-olsa, hərdən başa düşülsün deyə "iyi"nin yerinə "yaxşı" deyir. Sanki elə, belə də olmalıdır, yəni zəhmət çək, anla. Bu, onların dillərinə sevgisindən, dilləri ilə bağlı şərəf duyğusundan gəlir.

Mən Moskvadan qayıdandan sonra türklərlə söhbət edəndə, daha, onların ləhcəsində danışmıram, sadəcə, gərəkəndə anlamadıqları sözlərin yerinə türkcənin kəlməsini sinonim kimi işlədə bilərəm. Ancaq heç vaxt "ben", "geliyorum" demərəm.

Onu da deyim ki, rusca gözəl bilən gürcülər də bir-biri ilə o dildə danışmazlar.

Narazılığımın nədəni 

Bütün bu məsələlər hardan ağlıma gəldi? Bu yaxınlarda gənclərlə yay məktəbi üçün Şəkiyə getmişdim. Yolda avtobusda eşitdiklərim məni bərk etgilədi. Onların danışığı öz dilimizlə rus dilinin cümlələrinin qatışığında həftəbecər idi. Belə dilə moltanı dili deyirlər, bu dildə danışana isə moltanı. Yığışıb söhbətləşəndə onlara bütün bunları söylədim. Artırdım ki, Orta çağda "moləmma" deyilən janr vardı, şeiri türk, ərəb, fars cümlələrindən qururdular. Ancaq bu, heç cürə populyar janr olmadı. Siz nə yapırsınız, moləmma yapmaq istəyirsiniz, ya nə?!

Dilçilikdə ikidilliliyə "bilinqivizm" deyirlər. Yaman az adam bilinqvist olanda hər iki dildə ustalıq göstərir. Çoxunun isə bilinqvizmi moltanılıq verir, - uşaqlara dedim, sizin kimi. Yenə anlatdım: uşaqlar, sanki sizin iki dildən istifadə etməniz jonqlyor kimi virtuozluq göstərməkdir. Bir düşüncəni deyəndə azəricə sözü tapmaq çətin olan kimi, "hop" edib ruscadan götürürsünüz və tərsinə.

Ancaq işdə nəyi görürük? Sizin kimi danışanlara qulaq asanda adamın ürəyi çəkilir. Danışığınızda başdan-ayağa bir dil o birisinə badalaq vurur, bir dil o biri dildə dolaşıb qalır. Onun üçün də, sadəcə, xəbəriniz yoxdur, siz danışanda nevroz içində olursunuz. Bir söz demirəm danışığınızın böyük kəsimlərini (pasajlarını) təmiz rusca və ya azərbaycanca danışın. Ancaq siz Allah, bir cümlə o dildən, bir cümlə bu dildən deməyi tərgidin.

Uşaqlar mənə elə baxdılar ki, dedim başa düşdülər. Ancaq sonrakı günlər gördüm ki, heç nə başa düşməyiblər. Sadəcə, indi bilmirəm, bütün azəri gəncliyi belədir, yoxsa "bəxtimə" bunlar düşmüşdü.  

Təmiz dilin ləyaqəti 

Sovet dönəmində mən nə qədər əziyyət çəksəm də, danışığımdan "uje", "voobşe" kimi zibil sözləri çıxarmışdım. Və təmiz danışığıma görə "sağ ollar" da eşitmişdim. Təmiz danışıq istəyi yeni deyil. Orta çağda Babur hərdən əyanları arasında mərc kəsib türkcə təmiz danışmayanları cərimələyirdi.

Sovetlər dağılandan sonra dilimizin Türkiyədəki kimi təmizlənəcəyinə inanırdım. Ancaq proses nədənsə çox uzun çəkdi. Nə etməli ki, gənclərdə təmiz Azərbaycan türkcəsində danışmağın dəbi yaransın? Necə etməli ki, gənclərin ərdəmində (ləyaqət və şərəf duyğusunda) türkcə öz yerini tutsun?

"Kəsmət" sözünə və sözü ilə səyahət 

Sözün sonsuzluğu 

Horhe Borhes "Allahın yazıları" novellasında yazmışdı: "...Hətta insan ləhcələrində də elə bir cümlə yoxdur ki, kainatı bütünlükdə özündə göstərməsin; "pələng" demək, bu sözün bildirdiyi pələngləri yada salmaqdır, onların yediyi maralları yada salmaqdır, maralların yediyi otları, otların anası Yeri, bu axırıncını dünyaya gətirmiş Göyü yada salmaqdır".

Ancaq Borhesdən qabaq alman filosofu Şellinq göstərmişdi ki, hər anlayış sonsuzdur. Biz elə bilirik, anlayış elmi sözlükdə onu anladan bir-iki cümləyə sığır. Şellinqisə demişdi, bu, üzdə belədir, içdə isə anlayış bütün Varlıq qədər sonsuzdur. 

Sözə səyahət 

Biz ancaq kilometrlərlə ölçülən uzaqlara getməyi səyahət sayırıq. Səyahətin sürdüyü vaxt isə olur getməyə sərf olunan müddət. Ayağımız çağın içinə səyahət edə bilməz. Biz ayağımızla zamanın içinə girə bilmərik. Yalnız işarələr, bildiricilər, onları yozmaq üçün içlərinə girəndə bizi zamanın içinə salır. Sözün içinə girə bilsən, minlərlə kilometrlərə, minlərlə illərə uzanan yollara çıxarsan. Götürək Qazax tərəfdə müqavilə, bağlaşma anlamında işlənən "kəsmət" sözünü. Gəlin görək, bu dadlı sözdən min illərə necə çıxmaq olar. Soruşaq niyə oğuzlar müqaviləni "kəsmət" sözü ilə bildiriblər? Axı, bu söz "kəsmək" feilindən düzəldilib. Kasmək hara, bağlaşmaq hara?! Özü də müqavilə üçün "kəsmək" sözü o qədər güclüdür ki, hətta ərəb kəlməsi "əhd"ə də qoşulub. Biz bəyəm "əhd kəsmək" demirik?!. Məntiqcə əhd bağlanmalıdır, bizlər isə əhd kəsirik.

Bu suallara cavab üçün yola düşüb Tövratın göstərdiyi miladdan öncəki sami dünyasına baş vuraq. 

Kəsmət hara, sünnət hara?! 

Tövratın "Varlıq" adlanan birinci kitabında Allah-təala İbrahim (ibranicə Abrahamdır) peyğəmbərlə əhd kəsir ki, sən və səndən olanlar mənə iman gətirsələr, mənim sevib seçdiyim ulus olacaqlar. Bu əhdi kəsmək üçün Rəbb buyurur ki, dörd yaşar buzovu, keçini, göyərçini götür, iki böl, yanbayan qoy. İbrahim belə də edib gözləyir, ancaq gün batanda onu bərk yuxu tutur. Gün batandan sonra o, qaranlıqda bir də ayılıb görür ki, elə bil sobadan tüstü çıxır və iki bölünmüş canlılar arasından alov keçir.

İngilis etnoqrafı Ceymz Freyzer "Əski Buyuruq (Əhdi-ətiq) və folklor" kitabında soruşur: niyə əhd kəsmək üçün Rəbb İbrahimə heyvanları iki bölməyi tapşırır? Alim cavab axtaranda gedib çıxır ibrani dilinə. Aydın olur ki, əski yəhudilər "müqavilə bağlamağı" "müqaviləni kəsmək" anlamını verən sözlə bildirmişlər. Peyğəmbər Yeremeyanın verdiyi sorağa görə isə o çağlar yəhudilər nəyisə sövdələşəndə buzovu iki bölürmüşlər. Sonra isə tərəflər bu iki şaqqanın arasından keçirdilər.

Daha sonra Freyzer gedib çıxır əski yunan dilinə. Aydın olur ki, bu dildə də müqavilə bağlamaq üçün "andı kəsmək", "müqaviləni kəsmək" deyimləri işlədilirdi. Ancaq təəccüblüsü budur ki, sonra Freyzer gedib çıxır Şərqi Afrikadakı Kavironda qəbiləsinə. Göstərir ki, savaşdan sonra barışa keçəndə buraların camaatı iti iki bölürmüşlər və hər tərəf itin bir parçasını tutub əhd edirmiş. Oxşar adəti bu etnoqraf bir çox qəbilələrdə, uluslarda tapır.

Mən isə indi öz əlavəmi verirəm. Müsəlman oğlanlarına olan sünnət yenə gedib çıxır İbrahim əleyhüssəlamın çağına. O vaxt Allah-təala peyğəmbərə buyurmuşdu ki, qoy, sənin soyundan olan oğlan uşaqlarının "sünnəti" olsun. Onlar bu sünnətlə səninlə Mənim aramda olan əhdi yadlarına salsınlar. "Sünnət" sözü ərəbcə "qanun" olsa da, bizlərdə oğlan uşaqlarının bir yerində artıq əti kəsmək anlamını da verir. Deməli, Allah-təala əhdin nişanı kimi İbrahimə təkcə qurbanlıq heyvanları kəsdirməmişdi, həm də oğlanların artıq ətini kəsdirmişdi. Bu yerdə necə mat qalmayasan?! Əski yunanlardan, yəhudilərdən, afrikalılardan xəbəri olmayan oğuzlarda, qıpcaqlarda  "kəsmət" necə onlarla anışır?! Oxşamır ki, ideyanı onlardan almışıq. Deməli, dillərin arxa planında duran İlahi Kut (ruh) dərinliklərdə hamısını birləşdirir. Və biz o dərinliklərdən xəbər tutanda həm öz dilimizə, həm də İlahi Kutda dünyanın birlik kökünə valeh oluruq.

 





02.05.2021    çap et  çap et