525.Az

İran Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda


 

İran Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda <b style="color:red"></b>

Azərbaycan Respublikasındakı İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan aprelin 30-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub və İnstitutun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva görüşdə ilk növbədə ötən ilin payızında Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən danışaraq, hazırda Qarabağın bərpası istiqamətində görülən işlərdən söz açıb. İnstitut rəhbəri Azərbaycan və İran arasında əlaqələrin qurulmasında və inkişafında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olduğunu qeyd edib. O, ölkələrimiz arasında elmi, mədəni əlaqələrdən danışaraq, bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan iranşünas alimlərin mühüm rolunun olduğunu bildirib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda İran tarixi, iqtisadiyyatı, fars dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan da söz açıb.

İnstitutda iranşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirən Ə.Purmərcan iki ölkə alimlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə konfransların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Daha əvvəl razılaşdırılmış və müştərək təşkil olunacaq "İslam sivilizasiyası dünən, bu gün və sabah" mövzusunda beynəlxalq konfransa hazırlıq işlərindən söhbət açılıb.

G.Baxşəliyeva həmçinin, Şərqşünaslıq İnstitutunun 24 sentyabrda keçirəcəyi "Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları" mövzusunda beynəlxalq emi konfransa hazırlıq işləri aparıldığını və iranlı alimlərin də konfransda fəal iştirak edəcəklərinə ümid etdiyini dilə gətirib.

Görüşdə həmçinin, Şərqşünaslıq İnstitutu ilə İran Mədəniyyət Mərkəzinin bir vaxtlar müştərək nəşr etdikləri "Hikmət" elmi-ədəbi jurnalının nəşrinin bərpası qərara alınıb.

 





01.05.2021    çap et  çap et